Kəmaləddin Heydərovun prezidenti olduğu federasiyada idmançıların maaşı 70 faiz kəsilib

Kəmaləddin Heydərovun prezidenti olduğu federasiyada idmançıların maaşı 70 faiz kəsilib
4 Oktyabr 2021
Mətni dəyiş
Azərbaycan Taekvando Federasiyası Olimpiadada uğursuzluğa görə idmançıların maaşlarını 70 faiz kəsib. Qafqazinfo bildirir ki, bu barədə dünya çempionu Milad Beiqi Harçeqani deyib. O əlavə edib ki, Tokio-2020 Yay Olimpiya Oyunlarından sonra maaşının 70 faizi kəsilib: “Bəli, uğursuzluğa görə maaşımın 70 faizini kəsiblər”. Məsələ ilə bağlı detallara gəlincə, Milad əlavə açıqlama vermək istəmədiyini qeyd edib: “Bağışlayın, çox şeyi deyə bilmərəm”. Harçeqani Olimpiadadan onu 1/4 finalda Özbəkistan idmançısı Nikita Rafaloviçə bilərəkdən uduzmaqda ittiham edənlərin olduğunu açıqlayıb: “Bizim bəzi problemlərimiz var. Bəlkə də buna görə nəticələr pisdir. Deyirlər ki, Olimpiadada özbəkistanlı rəqiblə görüşünü satıb. Bunu eşidəndə çox pis oldum. Federasiyada da kimsə bunu demişdi. Bu yalandır, yalan. Eşidəndə çox pis oldum, mənə pis təsir etdi. İdmançı necə olur ki, görüşünü satır? Heç kim üzümə baxıb demirdi. Mətbuatda da kimsə yazmışdı. Deyirlər ki, guya zəif döyüşmüşəm, çünki döyüşümü satmışam. Bu necə ola bilər? Zəif olmaq döyüşü bilərəkdən uduzmaqdır?” Məlumatı Taekvondo Federasiyasının mətbuat xidmətinin rəhbəri Samir Məhərrəmov da təsdiqləyib. “Olimpiya Oyunlarında göstərdikləri uğursuz nəticəyə görə federasiya tərəfindən Radik İsayev, Milad Beiqi Hərçəqani və Patimat Abakarovanın maaşları azaldılıb”. Radik İsayev və Patimat Abakarova Olimpiadaya lisenziya qazana bilmədiklərinə görə, Milad Beiqi isə Tokioda erkən məğlubiyyətə görə bu halla üzləşib. Tokio Olimpiadasının digər iştirakçısı Fəridə Əzizovaya isə bu cəza tətbiq edilməyib. Azərbaycan Taekvando Federasiyasının Prezidenti, fövqəladə hallar naziri Kəmaləddin Heydərovdur.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun