Babamın ölümü (hekayə) - Aylin Vays

Babamın ölümü (hekayə) - Aylin Vays
4 Oktyabr 2021
Mətni dəyiş

Kənddəki həyətimizin ortasında bir tut ağacı var. Bu ağacın həyətdə əkilmə tarixi mənim və anamın doğulmağından, hətta babamın doğulmağından əvvələ gedib çıxır. Balaca vaxtı mən bu tutun dünyadakı bütün ağaclardan böyük olduğunu düşünürdüm. Mənim bütün uşaqlığım bu ağacın kölgəsi az qala bütün həyəti tutan şaxəli budaqlarının altında keçmişdi. Onun altında bir taxta masa vardı və nənəm dünyadakı ən dadlı yarpaq dolmasını bişirdiyi vaxtlarda, bizim izdihamlı ailəmiz bu masanın ətrafına yığışırdı. Ailəmiz doğrudan da böyük idi: anamın beş bacısı və dörd qardaşı vardı, onların da hərəsinin üç-dörd uşağı. Mən isə valideynlərimin tək uşağı idim. 

Anam danışırdı ki, bu ağac çox hadisələrin şahidi olub. Bu hadisələrdən biri də Sovet hakimiyyətinin qurulması imiş. Anamın ata babası kənd mollası imiş. O, ulu nənəmizlə evlənəndən bir az sonra həyətində boyu bir metrə də çatmayan tut tingi əkibmiş.  Bolşeviklər hakimiyyətə gələndə bütün din adamları kimi, təqib ediləcəyindən qorxaraq, gənc arvadını və balaca oğlunu qoyub, İrana qaçıb. Qaçmazdan əvvəl ulu babamız tut ağacına bir qırmızı əski parçası bağlayıb, arvadına da tapşırıb ki, bu əski çirklənəndə yusun, köhnələndə başqa qırmızı parça ilə əvəz eləsin. Deyib ki, geri qayıdanda evini ancaq belə tanıya bilər. O, sanki bu ayrılığın uzun olacağını bilirmiş və anlayırmış ki, geri qayıdanda doğma kəndinin də, həyətinin də xeyli dəyişmiş olduğunu görəcək. Həyətini rahat tanısın deyə, bu qırmızı əski fikri ağlına gəlib. 

Beləliklə, babam atasız böyüməli olub. Ulu nənəmiz ərindən ötrü çox göz yaşı töküb, bir daha da ərə getməyib. Ömrünü oğlunu tərbiyə etməyə və ona sevgi göstərməyə həsr edib. İranla kəndimizin arasından sərhəd qoyulub, ulu babamız bir daha geri qayıda bilməyib.  

Babam canlı olan hər şeyə qarşı olduqca mərhəmətlə davranırdı, bəlkə də, elə buna görə idi ki, gəncliyində veterinar təhsili alıb, heyvan həkimi olmuşdu. Cavanlıqda o, olduqca yaraşıqlı adam imiş: hündür boyu, yaşıl gözləri, kömür kimi qara-qıvrım saçları və səliqəli bığları varmış. Anam sifətdən babama oxşamışdı, onun kimi ucu iti burnu və nazik qodaqları vardı. 

Babam nəvələrini də çox sevirdi, biz əylənək deyə, kəndir və taxta parçaları tapıb, yelləncək düzəldib, tut ağacından asmışdı. Yay tətili üçün nənə-babamızın yanına gələn bütün xala-dayı uşaqları yayı bu yelləncəkdə keçirirdi. Hamımız onda yellənmək istəyir, bəzən kimsə növbəsini gözləməyəndə, dalaşırdıq. Kənd yerində əyləncə elə də çox deyil, buna görə də, hər kəs bu taxta yelləncəyə oturub, özünü sanki göydə uçurmuş kimi hiss etməyi çox istəyirdi. 

Bizim tut ağacımız bar vermirdi, amma tünd yaşıl rəngli, cod yarpaqları vardı. Onlar yerə töküləndə, biz qonşu uşaqları il yarpaqlardan balaca qayıqlar düzəldib, arxa atır, üzməsinə tamaşa edirdik. Tutun quru budaqlarından isə xalalarımla gəlinciklər düzəldir, köhnə paltarları cırıb, əldə etdiyimiz kəsiklərdən bu “gəlincik”lərə paltar düzəldirdik.

Tuta bağlanmış əski parçasını sonradan qırmızı lent əvəz etmişdi. Babam bu qırmızı lentin daima təmiz və təzə olmasına diqqət edir, köhnələndə təzəsini bağlayırdı. İllər keçdikcə həyətdə çox şeylər dəyişirdi, dəyişməz qalan tək şey, tut ağacı və onun gövdəsinə sarınmış qırmızı lent idi. Anam deyirdi ki, babam üçün bu məsələ çox vacibdir. Bütün qohumlarımızın bu kədərli hekayətdən xəbəri vardı və hamısı babamın bu qırmızı lent həssaslığına hörmətlə yanaşırdı. Övladın ata həsrətinə, atasını görmək istəyinə kim gülə bilərdi?

SSRİ-nin dağılmağını ailəmiz böyük şadyanalıqla qəbul elədi. Hamımız düşünürdük, babam axır ki, atasını görə biləcək. Ulu babamızın İrandan qayıdışını gözləyirdik. Amma illər keçdikcə, anlayırdıq ki, bizim ümidlərimiz əbəsdir. Bir ara babam özü atasını axtarmaq üçün İrana getmək istəyirdi, amma səhhəti səfərə çıxmağa imkan vermədi. Buna görə də, o özünü qırmızı lentin təmiz qalmasına və atasını gözləməyə həsr elədi. 

Bir dəfə mən yelləncəkdə yellənəndə kəndir qırıldı, mən kürəyi üstə yerə çırpıldım. Bu vaxt ləyəndə paltar ovxalayan anam başını qaldırıb, ağrımın olub-olmadığını soruşdu. “Uuuu” səsimi eşitcək, yenə də başını aşağı salıb, paltar yumağına davam elədi. Ağrıdan və içimi bürüyən qəzəbdən nə edəcəyimi bilmədim, ağaca yaxınlaşıb onun gövdəsinə bərk bir təpik ilişdirdim. Gövdə boyu yuxarı dırmaşan qarışqalar bir anlığa dayanıb, sonra yollarına davam etdilər. Qırmızı lent baş verənlərin ona heç bir aidiyyatı yoxmuş kimi, hərəkətsiz halda, ağacın gövdəsinə sarılı qalmışdı. Mən başa düşürdüm ki, mənim ağrım heç kimin vecinə deyil, çünki həyatda balaca uşağın hisslərindən daha vacib olan şeylər var. 

Sonralar mən dəfələrlə yay tətilini kənddə keçirdim, amma tut ağacına daha fikir vermirdim. Mənim üçün bu ağac həyətdəki əlüzyuyan və ya masa kimi sıradan bir atributa çevrildi. Maraqlıdır, tut ağacı indi sanki əvvəlkindən balaca idi, onun gözümdəki o nəhəng agac olduğunu, kölgəsində uşaqlığımın keçdiyi tut ağacı olduğunu sübut edən tək şey gövdəsinə sarılmış qırmızı lent idi. Bəlkə də, mən artq böyümüşdüm. Axı, uşaqlıqda hər şey adamın gözünə daha böyük görünür.

Yeniyetməliyimdə dünyanı gəzmək kimi bir arzum yarandı. Yay tətilini keçidiyim kənd mənə maraqsız gəlməyə başladı. Mən artıq dünyanın başqa yerlərini, şəhərlərini, ölkələrini görmək istəyirdim. O illərdə mən Budapeştin əzəməli binalarını, Sankt-Peterburgun ayrılan körpülərini, Barselonanın izdihamlı küçələrini, Romanın şəhər qalıqlarını görə bildim. Yay gələndə, valideynlərim kəndə getməyi, nənə-babama baş çəkməyi təklif edəndə, mən bir bəhanə gətirib, hər dəfə boyun qaçırırdım. 

Budur, artıq iyirmi yaşım var. Düz səkkiz ildir ki, kəndimizə baş çəkmirəm. Amma bir mart səhəri hər şey dəyişdi. Səhər saat altıda bizi yuxudan bir telefon zəngi oyatdı... Telefonun susmaq bilməyən zəngi, sanki təxirə salınmağı qəbul etmirdi. Yuxudan hələ tam oyanmamış anam telefonu götürüb, kal səsi ilə “alo” dedi, mən maraqla qulaq verdim. Anamın hıçqırtılarını eşidəndə, yataqdan sıçrayıb, salona atıldım. Babam ölmüşdü. 

Bu xəbər üstümüzdən buldozer kimi keçdi. Tez bir çanta hazırlayıb, iki saat içində evdən çıxdıq. Bütün yolu anam ağladı, mənsə özümü ələ almağa çalışdım. Kənddəki evimizə çatanda orda aləm bir-birinə dəymişdi, həyətimiz başsağlığı verməyə gələn qohumlar və tanışlarla dolu idi. Anam tez özünü atasının cansız bədəninin uzandığı otağa atdı. Mən maşından çıxmağa tələsmədim. Göz yaşlarım yanaqlarım boyu sakitcə axırdı. Ağlayaraq özümü lənətləyirdim. Axı niyə bu illər ərzində babamı görməyə gəlməmiş, onu qucaqlayıb, necə sevdiyimi deməmişdim... 

Özümdə güc tapıb, maşından həyətə çıxanda, gözümə birinci dəyən tut ağacı oldu. Bütün bu illər boyu ağac bu həyətdəydi, o bu evdə doğulan, böyüyən neçə nəsil uşaqları görmüşdü? Nəvələrin gəlişini, gedişini, nənəmlə-babamın qışa hazırlıqlarını, həyatın öz axarı ilə necə axdığını görmüşdü. Gövdəsindəki qırmızı lent də, həmişəki kimi, yerində idi. 

Başımı qaldırıb, onun qalın, möhkəm budaqlarına, saysız-hesabsız yarpaqlarına baxaraq düşündüm ki, bu yarpaqlar hələ neçə illər yazda göyərib, payızda töküləcək? 

İçimdəki bilinməz bir impulsa tabe olaraq, ağaca yaxınlaşıb, qırmızı lentin ağacın gövdəsindən açaraq, onu bərk-bərk qucaqladım...

Aylin Vays

Hekayə Salaam Cinemanın təşkilatçılığı və yazar Günel Mövludun mentorluğu ilə keçirilən “Yazı sənəti laboratoriyası” layihəsi çərçivəsində yazılıb

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun