Vilyam Hacıyev: "Mənimlə bağlı məsələdə prezidenti aldadıblar"

Vilyam Hacıyev: "Mənimlə bağlı məsələdə prezidenti aldadıblar"
17 Sentyabr 2021
Mətni dəyiş

Bakı Ağır Cinayətlər Məhkəməsində İmişlinin sabiq icra başçısı Vilyam Hacıyevin mühakiməsi başlayıb. Sentyabrın 17-də Bakı hakim Azər Paşayevin sədrliyilə onun işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Keçmiş icra başçısının vəkili onun haqqında cinayət işinə xitam verilməsi barədə vəsatət qaldırıb. Vəkil bildirib ki, müvəkkili özünü qətiyyən təqsirli bilmir, ona qarşı irəli sürülmüş ittihamları qəbul etmir.

Vilyam Hacıyev özü də vəsatəti müdafiə edib. O bildirib ki, onunla bağlı məsələdə prezidenti aldadıblar, iş otağından əməkhaqqı kartlarının tapılması barədə ona yalan məruzə olunub: "Özümü heç bir halda təqsirli bilmirəm. İstintaq zamanı ifadəmdə də bunu demişəm, müstəntiqə etirazımı bildirmişəm. Həbs olunan zamanı mənim otağımdan əmək haqqı kartları çıxması barədə prezidentə məruzə ediblər. Halbuki, mənim otağımdan heç bir əməkhaqqı kartı çıxmayıb. Prezidentə yalan deyiblər. Jurnalistlərdən xahiş edirəm, mənim bu dediklərimi prezidentə və birinci xanıma çatdırın. Mən heç kimin haqqını yeməmişəm".

Vəkillərin Vilyam Hacıyev haqqında cinayət işinə xitam verilməsə, heç olmasa, hökmə qədər ev dustaqlığına buraxılması barədə də vəsatət qaldırıb. Müdafiə tərəfinin daha bir istəyi keçmiş icra başçısının 1 il 4 aydır saxlandığı Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) istintaq təcridxanasından Pentensiar Xidmətin tabeliyindəki Bakı İstintaq Təcridxanasına köçürülməsi barədə olub.

Bu vəsatətlərdən yalnız Vilyam Hacıyevin saxlanma yerinin dəyişdirilməsinə məhkəmə razılıq verib. Digər vəsatətlər təmin olunmayıb.

Keçmiş icra başçısının işi üzrə məhkəmə baxışı sentyabrın 28-nə təyin edilib.

Vilyam Hacıyev 2020-ci ilin mayında həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə və ya israfetmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda), 311 (rüşvət alma) və başqa maddələrilə ittiham irəli sürülüb. O, milyonlarla manat büdcə vəsaitinin yeyintisində, xəstəxanaya, Mədəniyyət İdarəsinə, sosial sahəyə ayrılan vəsaitləri mənimsəməkdə təqsirləndirilir.

Vilyam Hacıyev 2004-2006-cı illərdə Göygöl rayonunun, 2006-2012-ci illərdə Samuxun, 2012-2020-ci illərdə isə İmişlinin icra başçısı vəzifəsində çalışıb.

Vilyam Hacıyevin həbsindən sonra DTX onun evindən, qarajından qutularda milyonlarla manat, xarici valyutada pulların, müxtəlif maşınların çıxmasını əks etdirən görüntülər yayımlamışdı.

O, saxlandığı ilk günlərdə Səbail Rayon Məhkəməsində barəsində həbs qətimkan tədbiri seçildikdən sonra məhkəmə binasından çıxarılarkən orada gözləyən yaxınlarına qısaca belə demişdi: “Bu günlər keçəcək. Hər şey yaxşı olacaq. Haqq yerini tapacaq...”

Azərbaycanda icra başçılarının həbs dalğası 2019-cu ilin dekabrından başlayıb. İlk həbs edilənlər Ağstafa rayonunun icra başçısı Nizaməddin Quliyev və Yevlaxın sabiq icra başçısı Qoca Səmədov olub. 2020-ci ilin fevralında Neftçalanın, mayda isə Biləsuvarın və İmişlinin icra başçısı həbs edildi. Ardınca Kürdəmir, Cəlilabad, Şəmkir rayonlarında da eyni əməliyyatlar həyata keçirildi.

Bunlardan yalnız Nizaməddin Quliyevin məhkəməsi yekunlaşıb. O, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmüylə 9 il 6 ay azadlıqdan məhrum edilib. Nizaməddin Quliyev sentyabrın əvvəlində həbsdə koronavirusa yoluxaraq vəfat edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun