Tarif Şurası: "Maraqlar toqquşdu, qiymətlər yüksəldi"

Tarif Şurası: "Maraqlar toqquşdu, qiymətlər yüksəldi"
17 Sentyabr 2021
Mətni dəyiş

Bu ilin əvvəlindən bəri Tarif Şurasının adı dəfələrlə gündəmə gəldi:

- benzin və dizel bahalaşanda;

- su təchizatı və tullantı sularını axıtma xidmətinin qiyməti artanda;

- təbii qaz tarifləri yüksələndə;

- dövlət qeydiyyatına alınmış dərman vasitələrinin və digər bir neçə xidmətlərin qiymətləri artırılanda.

Beləcə, həmin qurumun fəaliyyət məsələləri gündəmdə öz yerini tutdu. Nazirlər Kabinetinin təsdiqlədiyi siyahıya görə, hazırda Azərbaycanda 50-yə yaxın mal və xidmətin qiymətini (tariflərini) dövlət tənzimləyir. Bu siyahıya elektrik enerjisi, təbii qaz, istilik təchizatı, içməli və texniki su kimi kommunal xidmətlər daxildir. İctimai nəqliyyatdan istifadə tariflərinin, eləcə də Aİ-92 markalı avtomobil benzini və dizel yanacağının da həmin siyahıda olması Tarif Şurası qərarlarının, demək olar, bütün ölkə əhalisinə təsir göstərməsinə şərait yaradır. İnsanların kommunal xidmətlərə ödədiyi vəsaitin artması ilə yanaşı, bu qiymət artımları ölkədəki bir çox mal və xidmətlərin də maya dəyərinin yüksəlməsinə, son nəticədə insanların toplam xərclərinin artmasına gətirib çıxarır.

Azərbaycanda qiymətlər necə tənzimlənir?

Bəzi spesifik məhsul və xidmət qiymətlərinin tənzimlənməsi ilə bağlı qurumlar dünyanın bir çox ölkəsində fəaliyyət göstərir. Azərbaycanda tənzimlənən qiymətlərin əhatə dairəsinə təbii inhisar, dövlət inhisarı və inhisarçı subyektlərin məhsulları, (mal, iş və xidmətləri) eləcə də qanunvericilik aktları ilə qiymətləri dövlət tənzimlənməsinə aid edilmiş digər məhsullar aiddir. İnhisar dedikdə, bazarda çox sayda alıcının və məhdud sayda satıcının olduğu hal nəzərdə tutulur. Belə bazarlarda qiymətləri dövlətin tənzimləməsi həmin bazarlarda rəqabətin və əvəzedici əmtəələrin yoxluğu ilə izah edilir.

Azərbaycanda qiymətlərin dövlət tənzimlənməsini gerçəkləşdirən müvafiq icra hakimiyyəti orqanı Tarif Şurasıdır. Qurumun fəaliyyətinin hüquqi bazasını 2005-ci ildə təsdiqlənən "Tarif Şurası haqqında Əsasnamə" təşkil edir. Əsasnaməyə görə, Tarif Şurası ölkədə təbii inhisar subyektləri fəaliyyətinin dövlət tənzimlənməsini gücləndirmək, əlverişli investisiya mühiti yaratmaq, istehsalın inkişafına həvəsləndirmək, yerli istehsal mallarının daxili bazarda rəqabət qabiliyyətini artırmaq üçün çalışan qurumdur. Bu qurum ictimai əsaslarla fəaliyyət göstərsə də, həm də tarif (qiymət) və gömrük rüsumlarının çevik mexanizmi vasitəsi ilə dövlətin iqtisadi siyasətinin daha məqsədyönlü və səmərəli gerçəkləşdirilməsindən ötrü yaradılıb.

"Tənzimlənən qiymətlər haqqında" Qanuna görə, ölkədə qiymətlər belə tənzimlənir:

  • Qiymətləri təsdiqləməklə;
  • Qiymətlərin səviyyəsini məhdudlaşdırmaqla;
  • Qiymətdə rentabellik normasının səviyyəsini məhdudlaşdırmaqla;
  • Vergi, gömrük tarifi və rüsumların dərəcələrini dəyişməklə;
  • İmtiyazlı (güzəştli) kreditlər verməklə;
  • Dövlət büdcəsindən subsidiya verməklə;
  • Tənzimlənən qiymətlərin tətbiq edildiyi məhsulun (malın, işin, xidmətin) qiymətlərini müxtəlif istehlakçı qrupları üzrə fərqləndirməklə.

Nazirlər Kabinetinin təsdiqlədiyi "Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təmin edilməsi qaydaları"na görə, qiymətləri dövlət tərəfindən tənzimlənən mal və xidmətlərin qiyməti onları istehsal edən subyektin həmin məhsul və xidmətdən gəlir əldə etməsi üçün çəkdiyi bütün xərclər nəzərə almaqla müəyyənləşdirilir. Qaydalara görə, qiymətlərin formalaşmasında xərclərlə yanaşı, mənfəət (rentabellik) amili də gözardı edilmir. Bu baxımdan, qiymətlərdə nəzərdə tutulan rentabellik səviyyəsi subyektin maliyyə-təsərrüfat fəaliyyətinin ahəngdarlığına, o cümlədən zəruri ehtiyaclarının ödənilməsinə şərait yaratmalıdır.

Mal və xidmətlərin rentabellik səviyyəsi müəyyənləşdirilərkən subyektə dövlət zəmanəti ilə verilmiş kreditlərin hesabına qoyulmuş investisiyaların qaytarılmasını təmin edəcək məbləğ də ayrıca göstərilir və bu xərclər ödənildikdən sonra həmin məbləğ həcmində müvafiq düzəlişlər aparılır. Qiymətlərin hansı hallarda dəyişdirilməsinə gəlincə, qaydalara görə, obyektiv səbəblərdən mal və xidmətlərin istehsal xərcləri artıb-azalarkən (dünya bazarında qiymətlərin kəskin dəyişməsi və ölkədə yaranmış sosial-iqtisadi vəziyyətdən asılı olaraq) qiyməti tənzimlənən mal və xidmətləri istehsal edən müəssisələrin qiymət artımını əsaslandırdığı müraciəti əsasında Şura qiymətlərin yenidən tənzimlənməsini həyata keçirə bilər.

Digər ölkələrdə tənzimlənən qiymətlərlə bağlı siyasət və qurumlar

Artıq qeyd edildiyi kimi, dünyanın əksər ölkəsində qiymətləri tənzimləyən qurumlar fəaliyyət göstərir. Məsələn, Türkiyədə elektrik, təbii qaz və avtomobil yanacağı ilə bağlı qiymətləri Enerji Bazarını Tənzimləmə Qurumu müəyyənləşdirir. Bu qurumun funksiyaları, Tarif Şurasından fərqli olaraq, sadəcə, enerjidaşıyıcıların qiymətini tənzimləməklə məhdudlaşmır. Qurum, eyni zamanda, qiymətlərini tənzimlədiyi mal və xidmətlərin aşağı xərclə, keyfiyyətli, dayanıqlı və ekoloji təmiz şəraitdə istehsalına və istehlakçılara çatdırılmasına məsuliyyət daşıyır. Enerji bazarlarında iştirak edən şirkətlərə verilən səlahiyyətlərin müəyyənləşdirilməsi və həmin səlahiyyətlərlə bağlı lisenziyaların verilməsi və ləğvi, şirkətlərin fəaliyyətlərinin qiymətləndirilməsi üçün standartların hazırlanması və fəaliyyətlərinin bu standartlara uyğunluğunun ölçülməsi, kommunal xidmətlərlə bağlı müştəri xidmətləri standartlarının müəyyən edilməsi və bu xidmət standartlarına əməl edilməsinə nəzarət də bu qurumun səlahiyyətindədir. Qurumun enerji bazarları ilə bağlı səlahiyyətlərinin və fəaliyyət dairəsinin geniş olması onun enerji bazarlarındakı çağırışlara daha operativ reaksiya verməsinə şərait yaradır. Bu amil quruma yalnız qiymət tənzimləməyə deyil, həm də qiymətlərin formalaşması prosesinə aktiv qatılmağa imkan verir. Tarif Şurası ilə müqayisədə daha bir diqqətçəkən məqam odur ki, Türkiyədə bu qurum, əsasnaməyə görə, ən azı, həftədə bir dəfə toplanmalıdır. Tarif Şurası üçün belə tələb rübdə bir dəfədir. Bu amil özü də Azərbaycanda qiymətlərin tənzimlənməsinə məsul olan Tarif Şurasının məhdud səlahiyyətlərinin göstəricisi olaraq qeyd edilə bilər.

Digər qonşu ölkə Gürcüstanda da qiymətlərin tənzimlənməsini həyata keçirən qurum var. Ölkədə kommunal xidmətlərin qiymətini Milli Enerji və Su Təchizatı Tənzimləmə Komissiyası müəyyyənləşdirir. Qurumun əsas missiyası kimi enerji bazarlarında çıxış edən şirkətlər və istehlakçılar arasında maraqlar balansının qorunması müəyyənləşdirilib. Yəni, Azərbaycandan fərqli olaraq, Gürcüstanda qiymətləri tənzimləyən orqan öz fəaliyyətinə, sadəcə, dövlətin iqtisadi siyasəti perspektivindən deyil, həm də istehlakçıların və operatorların maraqları çərçivəsində baxır. Axı qurumun əsas funksiyası məhz istehsalçılarla istehlakçılar arasında münasibətləri tənzimləməkdir.

Enerji bazarlarının liberallaşdırılmasına dəstək vermək, vətəndaşlara göstərilən kommunal xidmətlərin keyfiyyətini yüksəltmək, bu sahə ilə bağlı investisiya proqramlarının icrasına yardım göstərmək, müştərilərə modern və məsafədən keyfiyyətli xidmət təklif etmək, müştərilərin malik olduqları hüquqları haqqında məlumatlılığı artırmaq, eləcə də yaşıl enerji istehsalını və enerji effektivliyini artırmaq qurumun əsas strateji məqsədləri olaraq müəyyən edilib. Bu məqsədlərdən göründüyü kimi, Gürcüstanda da, Azərbaycandan fərqli olaraq, müvafiq qurumun fəaliyyət istiqamətləri daha genişdir və burada da tənzimləyici orqan müstəqil şəkildə fəaliyyət göstərir. Üstəlik, Gürcüstanda istehlakçıların hüquq və maraqlarını qorumaq üçün "Enerji ombudsmanı" da fəaliyyət göstərir.

Toqquşan maraqlar

Azərbaycanda Tarif Şurası ilə bağlı ən çox diqqətçəkən məqamlardan biri qurumun fəaliyyətində maraqların toqquşmasıdır. Hazırda Tarif Şurasının tərkibi 12 nəfərdən ibarətdir. Maliyyə, iqtisadiyyat, ədliyyə, energetika, nəqliyyat, rabitə və yüksək texnologiyalar, kənd təsərrüfatı, səhiyyə, təhsil və əmək və əhalinin sosial müdafiəsi nazirliklərinin nazir müavinləri, eləcə də Gömrük Komitəsinin və Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavinləri Şuranın üzvləridir. Şuranın sədri vəzifəsini isə Azərbaycan Respublikasının iqtisadiyyat naziri icra edir. Tarif Şurasının özü də bir qurum olaraq İqtisadiyyat Nazirliyinin strukturuna daxildir. Ancaq burada diqqətçəkən məqam ondan ibarətdir ki, Tarif Şurasının sədri həm də Tarif Şurasının qiymətlərini tənzimlədiyi qurumların rəhbərliyində təmsil olunur. Məsələn, hazırda İqtisadiyyat naziri Mikayıl Cabbarov Tarif Şurasının sədri vəzifəsi ilə yanaşı, həm də Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurasının sədri vəzifəsini icra edir. Tarif Şurası 30 iyun 2021-ci ildə təbii qaz qiymətləri ilə bağlı qərarını məhz SOCAR-ın quruma müraciətindən sonra qəbul etmişdi. Digər tərəfdən, hazırda iqtisadiyyat naziri SOCAR-ın müşahidə şurasının sədri olmaqla yanaşı, həm də dövlətə məxsus bir çox şirkətin tabeliyinə verildiyi Azərbaycan İnvestisiya Holdinqinin də Müşahidə Şurasının üzvüdür və bu şirkətlərin bir çoxunun təklif etdiyi məhsul və xidmətlərin qiymətini məhz Tarif Şurası tənzimləyir. Bu o deməkdir ki, həm qiymətlərin yüksəldilməsi üçün müraciət edən, həm də bu müraciətlə bağlı qərar verən quruma eyni şəxs rəhbərlik edir. Tarif Şurasının fəaliyyətinin daha effektiv təşkil edilməsi baxımından atılmalı olan ən vacib addım bu qurumun müstəqilliyini təmin etmək olmalıdır. Bunun üçün qurumun digər icra hakimiyyəti orqanlarının tərkibində olmadan müstəqil fəaliyyətinə şərait yaradılmalı və Şuranın tərkibi digər icra hakimiyyəti orqanlarının üzvlərindən təşkil edilməməlidir.

Azərbaycanda qiymət tənzimləmə mexanizmlərinin inkişaf etdirilməsi baxımından daha bir vacib məqam Tarif Şurasının malik olduğu hüquqların məhdud olması ilə bağlıdır. Hazırda qurum tənzimlədiyi bazarlarda, əsasən, məhsulların qiymətlərinə düzəliş etmək səlahiyyətinə malikdir. Buna görə də hazırda Tarif Şurası ölkədə, sadəcə, dövlətin iqtisadi siyasəti baxımından qiymət tənzimləmə fəaliyyətini həyata keçirir. Ancaq dünyanın bir çox ölkəsində bu tip qurumların əsas funksiyası bazarda istehlakçılarla özəl qurumların maraqlarının uzlaşmasını təmin etməkdir. Belə olan halda qiymət tənzimlənməsi prosesində tək hökumətin yox, həm də vətəndaşların və şirkətlərin maraqlarının nəzərə alınması təmin edilir. Bu baxımdan, Tarif Şurasına qiymət tənzimlənməsi həyata keçirdiyi bazarlarda daha çox səlahiyyət verilməsi məqsədəuyğun hesab oluna bilər. Bu tip səlahiyyətlərə bazarda iştirak edəcək şirkətlərə lisenziyaların verilməsi və onların fəaliyyətinin monitorinqi kimi səlahiyyətləri aid etmək olar. Bunun üçün Azərbaycanda enerji bazarı liberallaşdırılmalı və kommunal xidmətlər sektoruna özəl operatorların daxil olmasına imkan yaradılmalıdır. Bu sektorda rəqabətin yaranması həm xidmət keyfiyyətinin yüksəldilməsi baxımından istehlakçıların, həm də maliyyə yükünün nisbətən azalması baxımından hökumətin işinə yaraya bilər. Belə sistem tətbiq ediləcəyi təqdirdə Tarif Şurası da həmin özəl operatorların fəaliyyətinin təşkil edilməsində vacib rol oynayacaq.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun