Taliban qız şagirdlər üçün yeni qaydalar açıqlayıb

Taliban qız şagirdlər və tələbələr üçün yeni qaydaları açıqlayıb. Yeni qaydalara görə, artıq qızların və oğlanların tədrisi ayrı aparılacaq, onlara İslama uyğun olaraq yeni geyim forması veriləcək. 

Bu barədə Talibanın Əfqanıstanda təyin etdiyi müvəqqəti təhsil naziri Əbdül Baki Həkkani açıqlama verib. O bildirib ki, qızların təhsil alması mümkün olacaq, amma bu, oğlanlarla yan-yana olmayacaq.

Taliban 1996-2001-ci il iqtidarı dönəmində qadınların və qızların təhsil prosesində hansısa formada iştirakına icazə verməmişdi. Ancaq Taliban hakimiyyəti sonlandıqdan sonra Əfqanıstanda qadınlar təhsil prosesində iştirak edə bilirdilər. Eyni zamanda, qızlar və oğlanlar eyni sinifdə birlikdə təhsil alırdılar.

Yerli və beynəlxalq ictimaiyyət isə bu qərarları dəstəkləmir. Onlar düşünürlər ki, hətta Taliban bunu etməyə başlasa belə, qaydaları təmin etmək üçün Əfqanıstanda yetərincə maddi-texniki imkan yoxdur. Bu da ölkədə ciddi şəkildə təhsilsizliyə səbəb olacaq.

Ancaq Talibanın yeni təhsil naziri bu fikirlərlə razı deyil. O bildirib ki, Əfqanıstanda yetərincə qadın müəllim var. Əgər olmasa, kişi müəllimlər də pərdə arxasından dərs keçə biləcəklər. Bununla yanaşı, texnologiyanın da imkanlarından istifadə ediləcək.

Yeni nazir son olaraq əlavə edib ki, Taliban Əfqanıstanda digər ölkələrlə rəqabətə girəcək bir təhsil sistemi qurmağı planlaşdırır.

Əvvəlki məqaləBakıda kişi arvadını öldürmək istəyib
Növbəti məqalədəRamin Bayramlının müşaviri də istefa verdi