Bəstəkarlarımız niyə iri həcmli musiqi əsərlərinə meylli deyil?

Bəstəkarlarımız niyə iri həcmli musiqi əsərlərinə meylli deyil?
19 Sentyabr 2021
Mətni dəyiş

Bu sual çoxdandır cəmiyyətimizi, xüsusilə də onun mədəni kəsimini düşündürür. İstərdim ki, şəxsi təcrübəmdən gəldiyim nəticələrə əsasən bunun səbəblərindən biri - bəlkə də ən mühümü barədə fikirlərimi bölüşüm. 2016-cı ilin baharında Dövlət Musiqili Teatrında “Baladadaşın Toy Hamamı” adlı müziklım səhnəyə qoyuldu. Pandemiyaya görə teatrların bağlandığı ana qədər - 4 il boyunca bu tamaşa demək olar ki, hər ay (!) oynanıldı. Həmin ilin sonunda məni Mədəniyyət Nazirliyinə dəvət edib, imzalamağım üçün qonorarla bağlı sənəd təqdim etdilər.

Baxdım ki, sənəddə göstərilən məbləğ Nazirlər Kabinetinin müvafiq qərarında bu formalı əsərlər üçün göstərdiyi məbləğin (10 000 AZN) düz yarısıdır. Səbəbini soruşduqda mənə dedilər ki, “orada göstərilən - maksimal məbləğdir: yaşlılar, canlı korifeylər üçün nəzərdə tutulub, sən isə cavan oğlansan, ona görə də sənə yarısını təqdim edirik”. Mən bundan imtina edib, bunu ayrı-seçkilik hesab etdiyimi dedim.

Cavabları bu oldu ki, “Budu. Nə etsən də, hara yazsan da xeyri olmayacaq". Qısa araşdırmadan sonra məlum oldu ki, əvvəla mənə banal surətdə təhrif olunmuş məlumat deyilib - Nazirlər Kabinetinin qərarındakı mətndə bu məbləğ maksimal yox, minimal (!) olaraq göstərilib, ikincisi, sən demə əvvəllər elə yaşlı və canlı korifey adlandıra biləcəyimiz bəstəkarlar da məhz bu tipli iri həcmli əsərlərin qonorarını almaq istərkən eyni problemlə üzləşiblər. Prezident və I Vitse-Prezidentə ünvanladığım məktublar yenidən Mədəniyyət Nazirliyinə göndərildi.

Mədəniyyət Nazirliyi yenidən məni dəvət etdi, amma bu dəfə musiqişünaslıq elmindəki yeni "kəşfləri" ilə məni tanış etmək üçün: sən demə mənim əsərim müzikl janrına uyğun deyilmiş. Ona görə mənə Nazirlər Kabinetinin göstərdiyi məbləğin yarısını təqdim edirlər. Yenə etiraz etdim. Bu formada əsər üçün (sonuncu dəfə 2006-cı ildə yenilənən cədvəldə göstərilən) 10000 AZN belə az qiymətdir. Bu əsərdə mən “minusovka”dan istifadə etməmişəm, rahatlığa qaçmamışam, ən klassik formada, 40-50 nəfər orkestr, 20-30 nəfərlik xor, solistlər və digər iştirakçıların - aşağı-yuxarı 100 nəfərin sinxron fəaliyyətini nəzərdə tutan, yüzlərlə səhifəlik klavir və partitur yazmışam. Yəni “xaltura”ya qaçmamışam. Və bu da mənim zəhmətimə verilən dəyər.

Məsələ tək məndə deyil; yuxarıda da qeyd etdiyim kimi, bəstəkarlara, xüsusilə də iri həcmli musiqi yazanlara qonorarların ixtisarla verilməsi Mədəniyyət Nazirliyinin uzun illərdir ki, vərdişinə çevrilib. Bəlkə də bu, ötən əsrin təlatümlü, kasıbçılıqla keçən son oniliiyindən qalan travmanın qalıqlarıdı? Bilmirəm. Amma onu bilirəm ki, bu, ölkə mədəniyyətinə çox böyük fəsad gətirir: iri həcmli musiqi əsərləri yazmaq istəyənlər digər həmkarlarının əməyinə göstərilən münasibətdən öz hesabını götürür və anındaca həvəsdən düşür. Nəticədə kiçik formalı janrlara, məsələn mahnıya, hətta ara mahnıları yazmağa meyllənir.

Çox tragikomik vəziyyətdir: bəyəm iri formalı əsər yazan bəstəkar ölkəmizdə o qədərmi çoxdur ki, onlara 10000 kimi bu işin yanında gülünc görünən məbləğ rəva görülmür? Ötən ilin sonu, bu ilin əvvəllərində Mədəniyyət Nazirliyinda baş tutan yeniliklərdən sonra, bu məsələdən demək olar ki, təsadüfən xəbər tutan məsul şəxs mənə dedi ki, bu işə yenidən baxılacaq. Sözün düzü, mənim üçün artıq fərqi yox idi. Çünki mənim nəzərimdə artıq bu çoxdan mənim problemim olmaqdan çıxıb, onların problem(liliy)i kimi görünür. Bu yayın əvvəli xəbər etdilər ki, əsəri ekspertlərə göndərmişik, onlar rəy verəcək. Üstündən bir müddət keçdikdən sonra Bəstəkarlar İttifaqından mənə bildirdilər ki, onlar bu əsər barədə “Müzikldır” rəyi verib. Nəhayət lap bu yaxınlarda Mədəniyyət Nazirliyindən yenidən mənimlə əlaqə saxlayıb, yenidən öz köhnə təkliflərini təkrar etdilər. Yeri gəlmişkən, Bəstəkarlar İttifaqının əsər barədə müsbət rəy verməsini təsdiq etsələr də, bu rəy ilə razılaşmadıqlarını bildirdilər. Mən də cavab olaraq öz növbəmdə onlarla razılaşmadığımı bildirdim. Beləcə, söhbət yenidən bağlandı.

Ortalığa bir neçə sual çıxır: Əgər bu əsər "janrın tələblərinə uyğun gəlmirdisə" niyə mənə ilk dəfədən bu deyilmədi, yalnız yuxarı instansiyalara müraciət edəndən sonra yada düşdü?

Əgər 4 il dayanmadan səhnədə müzikl kimi gedərək özünü sübut edən bu əsərə həm tamaşaçılar müzikl kimi baxıb, həm də Bəstəkar İttifaqı kimi mötəbər təşkilat "müzikldır" deyirsə, Mədəniyyət Nazirliyi hansı kriteriyalara əsasən "müzikl deyil" hökmü çıxarır? Mən hazıram, Azərbaycan musiqi tarixinin ən klassik müzikl/operettalarının notlarını qoyaq qabağımıza, baxaq görək onlarda bu janra xas nə var ki, mənim əsərimdə yoxdur?

Qorxuram ki, Mədəniyyət Nazirliyi onlar barədə də "janrın tələblərinə cavab vermir" diaqnozu qoysun. Yekunda bir daha qeyd etmək istəyirəm ki, Mədəniyyət Nazirliyinin artıq onillərdir davam edən bu "siyasəti" bəstəkarları iri həcmli əsərlər barədə düşünməkdən çəkindirir və nəticə olaraq təəssüf ki, Azərbaycan bəstəkarlıq məktəbinə travmatik zərbə vurur.

Firudin Allahverdi

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun