İngiltərə Polisə Nəzarət Qurumu: "Qadına qarşı zorakılıqla mübarizə terrorla mübarizə qədər vacibdir"

İngiltərə Polisə Nəzarət Qurumu: "Qadına qarşı zorakılıqla mübarizə terrorla mübarizə qədər vacibdir"
17 Sentyabr 2021
Mətni dəyiş

İngiltərədə polisə nəzarət qurumlarından biri qadına qarşı zorakılıqla mübarizəyə “terrorla mübarizə qədər” üstünlük verilməsinin vacibliyini vurğulayıb.

Ali Polis Təşkilatı və Yanğın və Xilasetmə Xidmətlərinə Nəzarət Təşkilatı (HMICFRS) ölkədəki fərqli polis orqanlarının qadınlara qarşı zorakılıqla mübarizəyə yanaşmalarında böyük uyğunsuzluqların olduğunu da qeyd edib.

HMICFRS-in hesabatı Sara Everardın qətlindən sonra Daxili İşlər Naziri Priti Patelin tələbi ilə hazırlanıb.

33 yaşlı Sara Everard mart ayında Londonda dostunun evindən geri dönərkən polis işçisi Ueyn Kouzens tərəfindən qaçırılıb təcavüz edildikdən sonra boğularaq öldürülmüşdü.

HMICFRS-in hesabatında İngiltərədə məişət zorakılığı halları ilə bağlı cinayət işlərinin dördə üçünə şübhəliyə ittiham irəli sürülmədən xitam verildiyi qeyd edilib.

Rəsmi məlumatlara görə, 2020-ci ilin mart ayında bitən bir illik müddətdə İngiltərə və Uelsdə:

• 1,6 milyon qadın məişət zorakılığının qurbanı

• 618 min qadın cinsi təcavüz qurbanı

• 892 min qadın təqib və təciz qurbanı olub.

HMICFRS-in hesabatında həmçinin bildirilir ki, polis son 10 ildə “bu zorakılıq dalğası ilə mübarizədə böyük irəliləyiş əldə edib”, amma polis təşkilatları arasında xeyli ziddiyyətlər mövcuddur.

Hesabatda qeyd edilir ki, polisə qadınları partnyorlarının zorakılıq və ya təcizlə bağlı cinayət keçmişi haqda məlumatlandırma icazəsi verən və “Kler qanunu” kimi tanınan qərar müxtəlif polis təşkilatlarında ziddiyyətli şəkildə icra edilir.

Bundan başqa, polisin digər qurumlarla yaxın şəkildə əməkdaşlıq etmədiyi və zorakılıq təhdidlərinə gərəkli diqqəti ayırmadığı vurğulanıb.

Həmçinin qeyd edilir ki, polisin qadına qarşı zorakılığa münasibəti ilə “terrora” və kəndlərdə narkotik vasitələrin satışına yanaşması arasında böyük fərqliliklər mövcuddur.

HMICFRS bildirir ki, bu böyük cinayətlər milli prioritetlər olaraq təyin edildiyinə görə, onlarla "daha aydın diqqət, daha yaxşı büdcə və cinayətkarların qətiyyətli təqibi" ilə mübarizə aparılır.

Polis müfəttişi Zoi Billinqam polis rəislərinin artıq bu vəziyyətə nəzarəti gücləndirmələrinin vacibdliyindən danışıb.

“Polis təşkilatlarındakı prioritetlər iyerarxiyasına nəzər saldıqda qadına qarşı zorakılığın ilk üç sırada belə yer almadığını görmək olar”, Zoi Billinqam deyib.

İşçi Partiyasının millət vəkili və Parlamentin İnsan Haqları Birgə Komitəsinin sədri Harriet Harman da hökuməti sözügedən hesabatın tövsiyələrinə əməl etmək və “rəfdə tozlanmasına izn verməmək” barədə çağırış edib.

Bundan başqa, Harman yeganə problemin mənbə əskikliyi olmadığını, vacib qanuni dəyişikliklərin gərəkdiyini söyləyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun