IDI araşdırma sənədi hazırladı: Sosial şəbəkələrdə ifadə azadlığının vəziyyəti necədir?

Demokratik Təşəbbüslər İnstitutunun (IDI) “Gənc Hüquq Müdafiəçilər” təlimlərinin məzunlarından ibarət araşdırma qrupu Azərbaycanda sosial şəbəkələrdə ifadə azadlığının vəziyyətinə dair araşdırma sənədi hazırlayıb.

“Azərbaycanda koronavirus tədbirlərini tənqid edən aktivistlər müdaxilələrə məruz qalıb. Eyni zamanda, pandemiya ilə bağlı qərarları, tətbiqi tənqid edən insanların fikirlərini sosial şəbəkələrdə paylaşan jurnalistlər də qanunsuz, mütənasib olmayan müdaxilələrlə üzləşiblər. Bura polis bölmələrinə çağırılıma, inzibati məsuliyyətə cəlb olunma daxildir”.

Demokratik Təşəbbüslər İnstitutunun (IDI) “Gənc Hüquq Müdafiəçilər” təlimlərinin məzunlarından ibarət araşdırma qrupunun hazırladığı sənəddə belə deyilir.

Sənəd sosial şəbəkələrdə ifadə azadlığının vəziyyətini əks etdirir.

IDI bildirir ki, pandemiya dövrü bir neçə fəal Cinayət Məcəlləsinin 147-ci və 148-ci maddələrinə əsasən cinayət məsuliyyətinə cəlb edilib: “Bu da göstərir ki, Azərbaycanda diffamasiyaya görə cinayət məsuliyyəti geniş tətbiq edilir və jurnalist, bloger, sosial şəbəkə aktivistləri və s. özünü ifadə edən şəxslər rahatlıqla azadlıqdan məhrum edilir”.

Sənəddə qeyd edilir ki, cəza mexanizmi kimi həbsdən əlavə zorla psixi xəstə kimi təcrid edilmə, işdən çıxarılma faktları da var: “Araşdırma dövründə bir fəal sosial şəbəkədə paylaşdığı videoya görə Psixiatriya Xəstəxanasına yerləşdirilib və başqa iki fəal da siyasi fəaliyyəti və paylaşımlarına görə işindən çıxarılıb”.

Araşdırma müəllifləri o nəticəyə gəlib ki, Azərbaycanda sosial şəbəkələrdə ifadə azadlığı məhdudlaşdırılıb: “Sadəcə öz fikirlərini ifadə edən aktivistlər deyil, həm də digər şəxslərin problemini işıqlandıran jurnalistlər də qanunsuz müdaxilələrə məruz qalıb. Bu məhdudiyyətlər həm qanunvericiliyə, həm də praktikaya əsaslanıb”.

Müəlliflər 2020-ci il ərzində sosial şəbəkələrdə paylaşım və çağırışlarına görə müdaxilələrə məruz qalma faktlarını araşdırıblar.

Faktlar media monitorinqi nəticəsində toplanıb.

Daxili İşlər Nazirliyindən (DİN) hesabatda səslənən fikirlərə münasibət öyrənmək mümkün olmayıb. Ancaq tez-tez sosial şəbəkə istifadəçiləri etdikləri paylaşımlara görə polis bölmələrinə çağırıldıqlarını bəyan ediblər.

Belə dəvətlərin sonunda adətən profilaktik söhbət aparılıb, şəxsi sərbəst buraxıblar. Bir çox hallarda onlara xəbərdarlıq ediblər. Ancaq sutkalıq həbs edilənlər də olub. Belə həbslərdə şəxs adətən polisə tabe olmamaq, küçədə söyüş söymək kimi əməllərlə təqsirləndirilir.

Məsələn, “Facebook” sosial şəbəkəsində “Umar Ali” hesabıyla tənqidi paylaşımlar edən 30-yaşlı Elvin İrşadov ötən il yaşadığı Lənkəranda həbs olunub.

Lənkəran Rayon Məhkəməsində onun haqqında 16 sutkalıq inzibati həbs qərarı çıxarıb. O, İnzibati Xətalar Məcəlləsinin 535.1 (polisin qanuni tələbinə tabe olmama) maddəsi ilə təqsirli bilinib. Ancaq özü və ailəsi bu ittihamın yalan olduğunu, onun sosial şəbəkələrdəki paylaşımlarına görə cəzalandırıldığını deyib.

Həbs edilənlərdən biri də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Şəmsi Kəsəmənli olub.

O, Abşeron Rayon Məhkəməsinin qərarı ilə 15 sutka inzibati həbs cəzası alıb. Özü və yaxınları bu həbsin səbəbinin sosial şəbəkədə paylaşımı olduğunu bildirib.

Rəsmilər tez-tez açıqlamalarında Azərbaycanda söz və ifadə azadlığının mövcud olduğunu, fikrinə görə heç kimə təzyiq göstərilmədiyini bildirirlər.

Araşdırma sənədində yekunda tövsiyə yer verilib. Tövsiyədə diffamasiyanın dekriminallaşdırılması, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanunun məhdudlaşdırıcı normaları nəzərdən keçirilməsi və Konstitusiyaya və Avropa İnsan Hüquqları Konvensiyasına (AİHK) uyğunlaşdırılması, İnzibati Xətalar Məcəlləsinin (İXM) 211-ci, 388-1-ci və 535-ci maddələrinin və Cinayət Məcəlləsinin 139-1-ci maddəsinin suistifadəsinə yol verilməməsi, polislərin səlahiyyətlərindən siyasi təzyiq vasitəsi kimi istifadə etməməsi, yerli məhkəmələrin ifadə azadlığı ilə şəxsi həyata hörmət hüququnu balanslaşdırarkən ictimai marağa səbəb olan mövzu, şəxsin ictimai rolu və paylaşımın nəticələri kimi amilləri nəzərə almalı olması, eyni zamanda yerli məhkəmələrin ən ağır sanksiyanı, xüsusilə də səsləndirilən fikir və ya paylaşım nifrət nitqi deyilsə, azadlıqdan məhrum etmə cəzasını tətbiq etməkdən çəkinməsi zəruriliyi və s. yer alıb.

Əvvəlki məqaləRusiyada “Okulus” – internetdə qadağan olunmuş foto və videolar üçün axtarış sistemi hazırlanacaq
Növbəti məqalədəKadırov Çeçenistanda keçirilən parlament seçkilərində səslərin 99,6 faizini topladı