“BioNTech”in yaradıcısı: "Bu il uşaqlara COVID-19 əleyhinə vaksin vurula bilər"

“BioNTech”in yaradıcısı: "Bu il uşaqlara COVID-19 əleyhinə vaksin vurula bilər"
14 Sentyabr 2021
Mətni dəyiş

“İmmuniteti zəif olan insanlara koronavirus əleyhinə üçüncü doza vaksin vurulması mütləqdir”.

Bunu COVID-19-a qarşı “BioNTech” vaksinini kəşf edən türkiyəli alim Uğur Şahin Almaniya qəzetlərindən birinə verdiyi müsahibəsində deyib.

O, 5-11 yaş arası uşaqların COVID-19-a qarşı vaksinasiya olunması məsələsinə toxunaraq bildirib ki, bu il üçün uşaqlara peyvənd vurula bilər: “Bu istiqamətdə aparılan bütün araşdırmalar müsbət nəticə verib və əgər aidiyyəti qurumlar razılıq versə, böyük ehtimal bu il məsələ öz həllini tapmış olacaq. Sentyabrın sonunadək Avropa və ABŞ-dakı rəsmilərə verəcəyimiz məlumatlardan nəticə ala biləcəyik”.

U.Şahin hazırda Almaniyada “Delta” ştamının yoluxma sayında artıma səbəb olduğunu da vurğulayıb: “Payız aylarında yoluxma sayının artması qaçılmazdır. Təəssüf ki, virusun yoluxma faizi çox yüksəkdir. Əhalinin 70-80 %-i peyvənd olunsa belə, yerdə qalan 20 % vaksinasiyadan keçmədiyi üçün əlavə qorunma olmadan yoluxma hallarının artmasının qarşısını ala bilmərik. Vəziyyətin qarşısını almaq üçün xüsusilə də qapalı məkanlarda sərt tədbirlərin həyata keçirilməsinə ehtiyac var”.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun