Əfqan qadınlar #GeyimiməToxunma kampaniyası ilə Talibana etiraz edir

Son günlər sosial mediada çox sayda əfqan qadın rəngli milli libaslarla fotolarını paylaşır. Onlar #GeyimiməToxunma və #ƏfqanıstanMədəniyyəti kimi hashtag-lərlə ölkənin rəngli geyim mədəniyyətini vurğulayırlar.

Kampaniya vücudlarını tamamilə örtərək Kabildə yürüş keçirən bir qrup Taliban tərəfdarı qadının görüntülərinin mediada yayılmasından sonra başladılıb.

Sözügedən aksiyadan yayılan videoda bir qadın makyaj və modern libasların müsəlman əfqan qadınını təmsil etmədiyini deyir. Eyni şəxs “Biz şəriətə zidd olan xarici qüvvələrdən qaynaqlanan qadın haqlarını istəmirik” söyləyir.

Eyni zamanda Kabildəki bir universitetdə üzlərini bağlayan qız tələbələrin görüntüləri beynəlxalq mediada geniş müzakirələrə səbəb olub.

Sosial mediada bir çox əfqan qadın isə bu görüntülərin Əfqanıstan ənənələri ilə uyğun gəlmədiyini müdafiə edən kampaniyaya dəstək verir.

BBC-dən Südabə Heydəri bu qadınlardan bir neçəsi ilə söhbət edib.

İlk paylaşım edən Əfqanıstandakı Amerikan Universitetinin keçmiş tarix professoru Bahar Cəlali əfqan qadınlarına “ölkənin əsl üzünü göstərin” çağırış edib.

Bahar Cəlali bu addımının səbəbini açıqlayarkən bildirib ki, ən böyük narahatlıqlarından biri Əfqanıstan milli kimliyinin təhlükə altında olmasıdır.

“Taliban tərəfdarlarının yürüşündə geyinilən libasların mədəniyyətimizin və milli kimliyimizin parçası olmadığını dünyaya göstərmək istədim”.

Amerikada yaşayan hüquq müdafiəçisi Spozmay Məsid də qara niqabın qətiyyən əfqan mədəniyyətinin parçası olmadığını deyib.

“Qara niqab geyinmirdilər”

Məsid “təvazökar və rəngli qadın libaslarının” ölkənin ənənəvi geyimi olduğunu sözlərinə əlavə edib.

Ölkənin yüz illərdir müsəlman olduğunu və nənələrinin də ənənəvi libaslar geyindiyini söyləyən Məsid bildirib ki, yaşlı nəsil ərəblərin qara niqabını geyinmirdi.

Başqa bir nəfər ailəsinin köklərinin ölkənin ən mühafizəkar bölgələrindən birindən gəldiyini və hətta orada qadınların qara yaylıq taxdığını görmədiyini deyib.

37 yaşlı araşdırmaçı Lima Həlimə Əhməd də kampaniyaya niyə qatılması ilə bağlı suala “milli kimliyimizin bir terrorçu qrup tərəfindən təmsil edilməsini istəmədim” deyə cavab verib.

“Bizim mədəniyyətimiz qara deyil. Qara ilə ağ da deyil. Rəngli və gözəldir. Burada sənət var, sənətkarlıq var və kimlik var”, Əhməd deyib.

Son 20 il ərzində Əfqanıstanda qadın problemlərini araşdıran Lima Həlimə Əhməd qadınların seçim şanslarının olduğunu xatırladır.

“Anamın uzun bir örtüyü var idi. Bəziləri daha qısalarına üstünlük verirdilər. Geyimlə bağlı təzyiq yox idi”.

Taliban qaydaları sərtləşdirir

Twitter-dəki kampaniyaya qoşulan bir başqa şəxs isə jurnalist Malali Bəşirdir. O da deyib ki, mədəniyyətlərinin gözəlliyi dünyaya göstərilmək istənilir.

Praqada yaşayan jurnalist də böyüdüyü kənddə qara niqab məcburiyyətinin olmadığını, qadınlarla kişilərin əllə görüşdüklərini deyir.

Talibanın açıqladığı yeni qaydalara görə, universitetlərdə qadınların “islami qanunlara uyğun” geyinməsi məcburi olacaq.

Təhsil naziri Əbdülbaki Həqqani qadın və kişi tələbələrin bərabər təhsil almasının qadağan edildiyini söyləyib. Həqqani qız şagirdlərin də qapanma məcburiyyəti olduğunu qeyd edib, niqab məcburiyyəti müzakirəsi haqda açıqlama verməyib.

Əvvəlki məqaləŞəmkirə yeni icra başçısı təyin edilib
Növbəti məqalədə“Taliban” qadınların işə qəbul şərtlərini açıqladı