Taliban ilk brifinqini keçirdi - ABŞ iqtisadi sanksiyalara hazırlaşır

Taliban ilk brifinqini keçirdi - ABŞ iqtisadi sanksiyalara hazırlaşır
18 Avqust 2021
Mətni dəyiş
Əfqanıstanda hakimiyyəti ələ keçirən Taliban avqustun 17-də ilk mətbuat konfransını təşkil edib. Brifinq Kabildə keçmiş hökumətin media mərkəzindəki "Quran" qiraəti ilə başlayıb. Taliban sözçüsü Zabihullah Mücahid “zəfər üçün xalqı təbrik etdiyini” açıqlayıb: “İslam Əmirliyi heç kimə kin bəsləmir. Heç bir daxili və ya xarici düşmən istəmirik. Əfqanıstanın artıq bir müharibə meydanı olmamasını təmin etmək istəyirik. Bizə qarşı mübarizə aparan hər kəsi bağışladıq. Düşmənliklər sona çatmalıdır. ABŞ və ya beynəlxalq ictimaiyyətdən heç kimə zərər verilməyəcək”. O bildirib ki, Kabildə xaos istəmirlər: “Planımız keçid dövrünün yumşaq bir şəkildə tamamlanması üçün Kabildən kənarda durmaq idi. Ancaq təəssüf ki, əvvəlki hökumət elə bacarıqsız idi ki, təhlükəsizlik qüvvələri təhlükəsizliyi təmin etmək üçün heç bir şey edə bilmədi. Biz bir şey eləməli idik. Xalqın təhlükəsizliyini təmin etmək üçün Kabilə girməyimiz zəruri idi”. Mücahid qadın haqlarından da söz açıb: “İslam Əmirliyi qadınların hüquqlarına şəriət çərçivəsində bağlıdır. Bizim qadınlarımız müsəlmandır. Onlar da şəriət çərçivəsində yaşamaqdan xoşbəxtlik duyacaqlar. Qadınlarımızın hüquqları var və bu hüquqlardan yararlana biləcəklər. Təhsil, səhiyyə və digər sahələrə qatılmağa haqları var”. Taliban sözçüsü mediadan tələbləri də bəyan edib: “Media öz mədəni çərçivələrinə bağlıdır. Azad olmağa davam edə bilər. İslam ölkəmizdə ən önəmli dəyərdir. Heç bir şey islami dəyərlərə zidd olmamalıdır”. ABŞ Əfqanıstan Mərkəzi Bankının aktivlərini dondurur Birləşmiş Ştatlar Əfqanıstan Mərkəzi Bankının ABŞ hesablarından aktivlərini donduraraq Talibanı milyardlarla dollardan məhrum edib. “Əfqanıstan hökumətinin Mərkəzi Bank vasitəsilə Birləşmiş Ştatlardakı aktivləri Taliban üçün əlçatan olmayacaq”, – ABŞ administrasiyasının rəsmisi avqustun 18-də deyib. Prezident Co Bayden administrasiyası qərarı həftəsonu verib. Beynəlxalq Valyuta Fondunun məlumatına görə, aprelin sonunda mərkəzi bankın ümumi rezervləri 9.4 milyard dollara bərabər olub. Bu ehtiyatların çoxunun Nyu York Federal Ehtiyatlar Bankında və ABŞ-dakı digər maliyyə institutlarına saxlandığı güman edilir. Aktivlərə dollar, qızıl, ABŞ dövlət istiqrazları daxildir. Taliban ABŞ-ın sanksiya siyahısında olduğundan Vaşinqton və müttəfiqləri yeni hökuməti tanıyanadək xaricdəki vəsaitə çıxışda çətinliklə üzləşə bilər. Aktivləri dondurmaqdan başqa, Vaşinqton Əfqanıstanda Beynəlxalq Valyuta Fondu və dünya Bankı beynəlxalq təşkilatların yardımını da bloklaya bilər. Dünyanın ən yoxsul ölkələrindən olan Əfqanıstan xarici yardımdan çox asılıdır. Hökumət büdcəsinin 75 faizini bu yardım təşkil edir. "Talibanla danışıqlara getməli olacağıq" “Avropa Birliyi Talibanla o halda əməkdaşlıq edəcək ki, qadın hüquqları da daxil olmaqla, fundamental hüquqlara hörmətlə yanaşsın və terrorçuların Əfqanıstanın ərazisindən istifadə etməsinə imkan verməsin”. Reütersin məlumatına görə, bunu avqustun 17-də Avropa Birliyi xarici işlər nazirlərinin Brüssel görüşündən sonra, birliyin xarici siyasət məsələləri üzrə rəhbəri Cosep Borrell bəyan edib. "Mən demədim ki, Talibanı tanımağa hazırlaşırıq. Sadəcə dedim ki, biz onlarla hər şeyi müzakirə etməliyik, hətta qadın və qızları qorumağa çalışmalı, bunun üçün onlarla əlaqə qurmalıyıq”, Borrel mətbuat konfransında vurğuylayıb. [caption id="attachment_97028" align="alignnone" width="300"] AB XİN rəhbəri Cozef Borrel.[/caption] Borrell deyib ki, Avropa Birliyinin hazırda əsas vəzifəsi, birliyin əməkdaşları və onların yerli köməkçilərini Kabildən evakuasiya etməkdir. Onun sözlərinə görə bu cür yerli işçilərin sayı, ailə üzvləri ilə birlikdə təxminən 400 nəfərdir. Borrellin sözlərinə görə, İspaniya, Avropa Birliyi ölkələrində sığınacaq verilməzdən əvvəl, onları qəbul etmək üçün xüsusi mərkəz rolunu oynamağı təklif edib. Borrell həmçinin qeyd edib ki, Əfqanıstan xalqına hümanitar yardımlar davam etdirilməli və hətta artırılmalıdır. Amma bu yardımlar Əfqanıstan rəhbərliyinə şərtlərə əməl olunacağı halda verilməlidir. O, qeyd edib ki, potensial hümanitar böhran və miqrasiya faciəsinin qarşısını almaq üçün yaxın vaxtlarda dialoqa başlamaq lazımdır. “Biz Kabil rəhbərliyi ilə əlaqə saxlamalıyıq. Taliban müharibəni udub, ona görə də onlarla danışmalı olacağıq”, deyə o vurğulayıb. Borrell Kabilin Taliban tərəfindən zəbtini, 2014-cü ildə Rusiyanın Krıma soxulmasından sonra ən vacib geosiyasi hadisə adlandırıb. “Bu, dünyadakı geosiyasi balansa təsir edəcək. Ona görə də Avropa Birliyi Türkiyə, İran, Pakistan, Rusiya və Çin kimi ölkələrlə daha sıx əməkdaşlıq etməli olacaq” deyı Borrell vurğulayıb. NATO Əfqanıstan ordusunun dağılmasına görə Əfqanıstan liderlərinin günahlandırıb NATO-nun baş katibi Yens Stoltenberq çərşənbə axşamı Əfqanıstan ordusunun sürətli şəkildə çökməsinə görə Əfqanıstan hökümətinin məsuliyyət daşıdığını bildirib, lakin o eyni zamanda ittifaqın hərbi təlimləri necə aparmalı olduğu ilə bağlı dərs çıxarmalı olduğunu da qeyd edib. "Əfqanıstan rəhbərliyinin uğursuzluğu bu gün şahid olduğumuz faciəyə səbəb oldu" deyə Stoltenberq Talibanın Əfqanıstana nəzarəti ələ keçirməsinin təhlükəsizliyə təsirlərini müzakirə etmək üçün keçirilən NATO toplantısından sonra deyib. NATO-da "öyrənilməsi lazım olan dərslərin olduğunu" etiraf edən Stoltenberq, eyni zamanda Əfqanıstan qoşunlarının Taliban hücumu zamanı sürətli şəkildə zəifləməsinin "sürpriz oldu"-ğunu deyib. 2003-cü ildə Talibanı terror təşkilatı elan edən Rusiya, Talibanın qələbəsinə reaksiyasında yeni hökuməti dərhal tanımayacağını bildirib. Rusiyanın Xarici İşlər Naziri Serqey Lavrov Moskvanın Taliban hökumətini "tanımağa tələsmədiyini" deyərək, "Əfqanıstandakı bütün siyasi qüvvələrin iştirakı ilə əhatəli milli dialoq"-a çağırış edib. Digər tərəfdən Tükiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu çərşənbə axşamı bildirib ki, Türkiyə Taliban və Əfqanıstandakı bütün digər partiyalarla danışıqlar aparır, və Talibanın nəzarəti ələ aldıqdan sonra göndərdiyi mesajları müsbət qarşılayır. İordaniyada keçirdiyi mətbuat konfransında Çavuşoğlu, "Taliban da daxil olmaqla, bütün tərəflərlə dialoqu davam etdiririk" deyə bildirib. O həmçinin əlavə edib ki, “Talibanın indiyədək əcnəbilərə, diplomatik şəxslərə və ya öz xalqına verdiyi mesajlara müsbət baxırıq. Ümid edirik ki, bunlar əməldə də əks olunacaq”, o söyləyib. Çin çərşənbə axşamı Talibanı "mötədil və sabit" dini siyasət yürütməyə və ölkədəki bütün tərəflərin iştirak etdiyi "açıq və inklüziv" bir siyasi struktur qurmağa çağırıb. Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Hua Çunying televiziyada yayımlanan mətbuat konfransında ABŞ-ı Cənubi Asiya ölkəsindəki roluna görə tənqid edib. "İraqda, Suriyada və Əfqanıstanda, ABŞ ordusunun getdiyi yerlərdə qarışıqlıq, bölgü, evlərin dağıdılması və ölümlərin olduğunu görürük" deyə o bildirib. [caption id="attachment_106735" align="alignnone" width="300"] Hua Chunying[/caption] Əfqanıstan prezidenti Əşrəf Qəni və digər ölkə rəsmiləri avqustun 15-də ölkəni tərk edib, Taliban isə paytaxt Kabili tutub. Qərb ölkələri indi öz vətəndaşlarını bu ölkədən evakuasiya edirlər. Hazırda paytaxt Kabil də daxil olmaqla demək olar ki, bütün ölkəyə Taliban hərəkatı nəzarət edir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun