Nemət Əliyev: "İqtisadiyyatı inkişaf etmiş ölkənin hökuməti bu oyunlardan çıxar heç?"

Nemət Əliyev: "İqtisadiyyatı inkişaf etmiş ölkənin hökuməti bu oyunlardan çıxar heç?"
2 İyul 2021
Mətni dəyiş
Son vaxtlar Azərbaycanda müxtəlif həssas qruplara verilən sosial yardımlar, əlillik müavinətləri, pensiyalar kütləvi şəkildə ixtisar edilir. Rəsmilər kütləvi ixtisarları inkar etsələr də, hər gün dövlət qurumlarının qarşısında qələbəlik yaşanır. Həm müxtəlif xəstəliklərə görə dövlət təminatı alan vətəndaşlar, həm məcburi köçkünlər, həm sosial yardım alanlar, həm də Qarabağ qaziləri vəziyyətdən razı görünmürlər. 
Pensiya yaşının artırılması kimi mövzuların gündəmə gəlməsi isə onsuz da sosial vəziyyəti yaxşı olmayan, öz yaşayışını pensiyadan gələn gəlirlər üzərində quran ailələri daha çox narahat edir.

"Kimlərsə hökumətin ağlına salıb ki, Azərbaycanda pensiyaçılar çoxdur"

İqtisadçı ekspert Nemət Əliyev deyir ki, Azərbaycan hökumətinin 2017-ci ilin ortalarından başlayan bir siyasəti var. Pensiya yaş həddinin qaldırılması.

Onun sözlərinə görə, kimlərsə hökumətin ağlına salıb ki, Azərbaycanda pensiyaçılar çoxdur. Hökumət də azaltmağa çalışıb və çalışır.

"Görünür proses ləng gedib, bunu sürətləndirmək üçün əlillik dərəcələrinin saxta olması versiyasını irəli sürüb, kimin gəldi penisyasını kəsirlər. 2017-ci ilin iyul ayının 1-nə olan rəsmi rəqəmlərə görə, Azərbaycanda pensiya alanların sayı 1 milyon 328 min nəfər idi, indi onların sayı 1 milyon 230 min nəfərə kimi azalıb. Hardasa 100 minə yaxın azalma var", - deyə ekspert bildirib.

Nemət Əliyev deyir ki, Azərbaycanda əhalinin 12-13 faizi pensiya alır. Rusiyada bu rəqəm 27-30 faizdir. Hələ orada orta ömür müddəti daha azdır. Bütün müqayisələr göstərir ki, əhali sayına nisbətdə ən az adama pensiya verən ölkə Azərbaycandır. Buna baxmayaraq, hökumət yenə də pensiya alanların sayını azaltmağa çalışır.

"Ünvanlı sosial yardım alanların da sayı kəskin şəkildə azalıb"

İqtisadçı ekspert ünvanlı sosial yardım alanların sayının da kəskin azaldılmasından danışır. Onun sözlərinə görə, bir neçə il bundan əvvələ kimi rəsmi məlumata görə, 167 min ailə ünvanlı sosial yardım alırdı. Burada ümumilikdə 650 insana yardımdan söhbət gedirdi. 2020-ci ilin sonuna açıqlanan rəsmi məlumatlara görə isə ünvanlı sosial yardım alan ailələrin sayı 70 minə düşüb.

"Çox güman müxtəlif səbəblərdən fərqli sosial təminat alan insanların sayında da kəskin azalma var", - deyə ekspert bildirib.

Bəs hökumət bunu niyə edir?

Nemət Əliyev deyir ki, bunu açıq deməsələr də, Azərbaycan ciddi maliyyə böhranı yaşayır. Onun sözlərinə görə, bu gün neftin dünya bazarındakı qiyməti 70 dolların (119 manat) üzərindədir, amma əvvəlki illərdə bu, daha aşağı rəqəmlərlə müşahidə olunurdu.

"Ona görə də maliyyə gəlirlərinin zəiflədiyi bir dövrdə dövlət yaranmış boşluğu pensiya alan, ünvanlı sosial yardım alan insanların bu təminatlarını kəsməklə doldurmağa çalışdı. Ciddi maliyyə ehtiyacları yaranıb, hökumət də zamanında qeyri-neft sektorunu inkişaf etdirməyib deyə, belə hallarda insanları dəridən-qabıqdan çıxarır, yoxsul edib atır həyatın ən aşağı mərtəbəsinə. İqtisadiyyatı inkişaf etmiş ölkənin hökuməti bu oyunlardan çıxar heç?", - deyə iqtisadçı sual edir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun