Azərbaycanda Qurban bayramıdır

Bu gün – 20 iyun Azərbaycanda Qurban bayramı kimi qeyd edilir. 

Rəsmi məlumata görə, bu il bayram 20-21 iyul tarixlərinə təsadüf edir. Bu gün məscidlərdə birgə Bayram namazları qılınacaq.

Şəriətə uyğun olaraq Qurban kəsimi iyulun 20-dən başlayaraq 3 gün davam edə bilər.

Qurban bayramı dünyada hələ də davam edən pandemiya şəraitində qarşılanır və buna görə də müqəddəs Həcc ziyarəti bu il də təxirə salınıb.

Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası Qurban bayramına dair tövsiyələrini çatdırıb.

Bildirilib ki, qurban kəsmək əsasən Məkkədə zəvvarlara vacibdir. Digər yerlərdə isə imkanı olan adamların qurban kəsmələri sünnət əməl hesab olunur. Qurban ətini fəqir və kasıb ailələrə paylamaq böyük savabdır.

Şəriət qaydalarına görə, qurban kəsilən heyvan sağlam və kəsimə yararlı olmalıdır. Xəstə, arıq və qüsurlu heyvanlar qurbanlığa münasib sayılmır. Qurban qoyun, keçi, öküz, inək və dəvə ola bilər. Adətən müəyyən yaş həddinə çatmış heyvanlar kəsilir. Keçi və qoyunun yaşı bir ilə yaxın, öküz və inək bir və ya iki ildən artıq, dəvənin isə beş ili tamam olmalıdır.

Azərbaycanda Qurban bayramı ilə əlaqədar iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2021-ci il 19 iyul iş günü ilə 17 iyul istirahət gününün yerləri dəyişdirilib. Beləliklə, iyulun 18, 19, 20 və 21-i qeyri-iş günləri sayılır.

Əvvəlki məqaləSədərək istiqamətində yerləşən döyüş mövqelərimiz yenidən atəşə tutulub
Növbəti məqalədəNaxçıvan istiqamətindəki Azərbaycan mövqeləri atəşə tutuldu, zabit yaralandı