Xalq artisti Xuraman Qasımova “İstiqlal” ordeni ilə təltif edilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xalq artisti Xuraman Qasımovanın “İstiqlal” ordeni ilə təltif edilməsi barədə sərəncam imzalayıb.

Sərəncamda qeyd olunub ki, Xuraman Əkrəm qızı Qasımova Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə və uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif edilib.

Qasımova Xuraman Əkrəm qızı 6 iyun 1951-ci ildə Bakıda doğulub. 1975-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib. 1976-cı ildən Azərbaycan Opera və Balet Teatrının solisti olmub.

Əsas partiyaları: Səlma (“Aldanmış ulduzlar”, M.Quliyev), Sevil və Dilbər (“Sevil”, F.Əmirov), Nigar (“Koroğlu”, Ü.Hacıbəyli), Mimi və Müzetta (“Bohema”, C.Puççini), Dezdemona, Aida (“Otello”, “Aida”, C.Verdi), Tatyana (“Yevgeni Onegin”, P.Çaykovski), Xurşudbanu Natavan (Natavan, Vasif Adıgözəlov) və s.

İfaçıların 5-ci Zaqafqaziya müsabiqəsinin (1977, I mükafat), vokalistlərin M.Qlinka adına 7-ci Ümumittifaq müsabiqəsinin 1977 və Mariya Kallas adına Beynəlxalq müsabiqəsinin (Afina, 1981; həmçinin “Qran pri” qızıl medalına layiq görülmüşdür), eləcə də ifaçıların P.Çaykovski adına 8-ci Beynəlxalq müsabiqəsinin (Moskva, 1982) laureatıdır. Kinofilmlərə çəkilmişdir (“Mən ki gözəl deyildim”, “Həyat bizi sınayır”). 1982-ci ildən Bakı Musiqi Akademiyasında dərs deyir (1994-cü ildən solo oxumaq kafedrasının müdiri, 1996-cı ildən professor) 1994-cü ildən İstanbul Dövlət Universiteti konservatoriyasının professorudur. Bir sıra xarici ölkələrdə (Bolqarıstan, Çexoslovakiya, Malta, Fransa, Avstriya, Norveç, Türkiyə, Finlandiya və s.) çıxış edib.

Əvvəlki məqaləBMT: Taliban Əfqanıstanda nəzarətini artırır
Növbəti məqalədəÇin Sinovac-la bağlı yeni qərar verdi