"Müharibədən sonra görüşlər də dayandırıldı, hələlik bizə ümid verən heç nə yoxdur"

"Müharibədən sonra görüşlər də dayandırıldı, hələlik bizə ümid verən heç nə yoxdur"
21 İyun 2021
Mətni dəyiş

2020-ci ildən etibarən Azərbaycanda hökumət qeyri-hökumət təşkilatlarının (QHT) fəaliyyətində yaranmış problemlərin həllinə istək göstərdiyini bildirib. Müstəqil QHT nümayəndələri ilə müxtəlif görüşlər, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının QHT-lərə Dövlət Dəstəyi Agentliyi ilə əvəzlənməsi hansı effektiv nəticələr verir?

Abzas.net bu suallarla Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlıya müraciət edib. Müsahibəni təqdim edirik:

- Bəşir bəy, bir müddətdir prezidentin köməkçisi Hikmət Hacıyevlə görüşləriniz baş tutur. Burada söhbət QHT-lərlə bağlı vəziyyətin yaxşılaşdırılmasından gedir. Bu məsələ ətrafında hazırki vəziyyət necədir?

- Əslində görüşlər yeni başlayanda ümid var idi. Həm görüşlərdə, həm də görüşlərdən sonra mətbuatda gedən müzakirələrdən görünürdü ki, bu sahədə uzun illərdən qalan problemlər həll olunmağa doğru gedir. Biz də daxil olmaqla müxtəlif QHT nümayəndələri bu prosesə təkan vermək üçün təkliflər hazırlayıb təqdim etmişdilər. Ancaq müharibədən sonra görüşlər də dayandırıldı. Bu sahədə bir hərəkətlilik olmadı. Hələlik ortada bizə ümid verən heç nə yoxdur.

- QHT-lərlə bağlı acınacaqlı vəziyyət 2013-cü ildən etibarən başlayıb. Bu vəziyyəti yaradan konkret bir neçə addım olub. İndi hökumət qəbul etdiyi bu qərarları dəyişib problemləri həll etməkdə niyə çətinlik çəkir? 

- Qeyri-hökumət təşkilatlarına pis münasibət 2013-cü ildən başlamayıb. Sadəcə bu, 2013-cü ildə ən yüksək həddinə çatdı və QHT-lərin fəaliyyəti demək olar ki, məhdudlaşdı. Bundan əvvəl də QHT-lərin fəaliyyətinə problemlər zaman-zaman olub. Məsələn, 2009-cu ildə QHT qanunvericiliyinə bir dəyişikliyə cəhd olundu, ancaq hökumət buna getmədi. QHT-lərin qeydiyyata alınmasında yaranan problemlər hətta 90-cı illərdən bəri davam edir. Son 7-8 ildə baş verən hadisələr isə regionda baş verən böyük bir geosiyasi prosesin tərkib hissəsi idi. Hökumətin siyasətini tənqid edən, alternativ təkliflərlə çıxış edən qurumların sıradan çıxarılması siyasəti yürüdüldü. Ancaq sonradan hökumət özü də anladı ki, bu yanlış siyasətdir. Düzdür, bunu heç vaxt açıq deməzlər, ancaq atılan addımlar göstərdi ki, bu belədir. Hikmət Hacıyevlə görüşdə isə hər kəsə 3 dəqiqəlik vaxt ayrılmışdı, biz təkliflər səsləndirdik və o bildirdi ki, bu təkliflər araşdırılacaq, müvafiq addımlar atılacaq. Amma görüşlərdən sonra biz bu problemlərin aradan qaldırılması istiqamətində addımlar görməmişik. Həm QHT qanunvericiliyində dəyişiklikləri təklif etmişdik, həm QHT-lər ötən illərdə açıqlan cinayət işlərinin bağlanmasını. Ancaq bu istiqamətlərdə heç bir addım atılmadı. Belə olan halda, müsbət addımlardan danışmaq mümkün deyil.

- Hikmət Hacıyevlə görüşdə problemin həllində yaranan əsas çətinlik kimi nə göstərilirdi? Hacıyev sizin fikirlərinizə necə cavab verirdi? 

- Görüşdə ümumi məsələlər danışılırdı. Biz iradları, təklifləri səsləndirdik, Hikmət Hacıyev nə giriş nitqində, nə də sonda bizim fikirlərimizə əks cavab vermədi. Sadəcə bildirdi ki, hökumət bu sahədə yaranan problemləri aradan qaldırmaq istəyir.

- Yaxın günlərdə Prezident Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ləğv olundu, əvəzində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi yaradıldı. Ancaq agentliyin rəhbərliyini və icraçı direktorunu prezident müəyyən edir. Yeni agentlikdən nə gözləyirsiniz?

- Agentliyin əvvəlki funksiyası dəyişilib. Əvvəlki idarəçilik də fərqli idi, indi daha kollegial idarəçilik yaradılıb. İcraçı direktorluq statusu yaradılıb, müşahidə şurasının tərkibi xeyli dəyişdirilib. Agentlik yeni yarandığından hələlik biz deyə bilmərik hansı işləri görəcək, pis olacaq, ya yaxşı.

- Bundan əvvəl QHT Şurası olanda müstəqil QHT-lərlə hansısa formada əməkdaşlıq olurdumu? Müstəqil QHT-lərə dəstək verilirdimi?

- Bu məsələni yalnız QHT şurasının üzərinə qoymağı düzgün hesab eləmirəm. Azərbaycanda siyasi partiyalara, medialara, qeyri-hökumət təşkilatlarına ümumi bir münasibət var idi, QHT şurası da bu münasibətə uyğun davranırdı. Müstəqil şəxslərlə əlaqə demək olar ki, mimimum idi. Bu əlaqə o zaman ola bilərdi ki, siyasi hakimiyyət bu barədə tapşırıq verərdi, ona uyğun da əlaqələr yaranardı. Mən deyərdim ki, QHT şurası nəinki müstəqil QHT-lərin fəaliyyətinə, heç hökumətə yaxın QHT-lərin fəaliyyətinə də bir dəstək verə bilmədi.  QHT şurası sadəcə hökumətin siyasətini birmənalı dəstəkləmək üçün yaradılan QHT-lərə qanuni formada yardım vermək fəaliyyəti ilə məşğul olub. Əvvəl bu qurumlara qeyri-leqal yollarla verilən pullar artıq QHT şurasının xətti ilə lahiyə formasında verilib. Yəni, bu şuranın vətəndaş cəmiyyəti insitutlarına heç bir dəxli olmayıb.

- Son vəziyyəti dəyərləndirdikdə QHT sahəsində yaranmış problemlərin həllinə doğru müsbət addımların atılacağına inanırsınızmı? Müsbət impulslar varmı?

- Bizim əlimizdə dəqiq məlumatlar yoxdur, ancaq atılan addımları analiz etdikdə görsənir ki, hökumət hansısa addımları atmaq maraqlı görsənir. Amma bunun formasını, metodologiyasını tam işləyib hazırlaya bilmir. Təbii ki, onlar birdən-birə bütün sahələri zamanında elə formada qapadıblar ki, hər şey yığılıb üst-üstə. Biz zamanında deyirdik ki, bunları həll edin, yığılıb qalması daha böyük problemlərə yol açacaq. Təsəvvür edin, suyun önünə bənd qoyursan, yığılıb o bəndə qalır və bir gün bəndi götürəndə selləmələ gəlir. Fundamental azadlıqlar da bunun kimidir. Hamısını zaman-zaman məhdudlaşdırdı və gəldi elə bir vəziyyətə çıxdı ki, indi hökumət özü də bu problemləri həll etməkdə çətinlik çəkir. Burada təkcə müstəqil QHT-lərlə bağlı narahatlıq özünü göstərmir, həmçinin hökumətin özünün zamanında yaratdığı QHT ordusu da var. Bunların da fəaliyyətinə yenidən baxmaq lazımdır. Heç bir fəaliyyəti olmayan, amma hökumətdən yardım alan böyük bir QHT ordusu var ki, onlar da proseslərdən kənarda qaldıqda narahatlıq yaranacaq. Yəni, mənə elə gəlir ki, hökumət addımlarında bunu da hesablayır ki, özünün əleyhinə ciddi narazı bir ordu formalaşmasın. Bu təkcə QHT sahəsində yox, media sahəsində də belədir. Ona görədə düşünürəm ki, bunların həll yolu tapıldıqdan sonra müsbət addımlar atıla bilər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun