İranda seçkinin yekun nəticəsi açıqlandı: İlham Əliyev yeni prezidenti təbrik etdi

İranda seçkinin yekun nəticəsi açıqlandı: İlham Əliyev yeni prezidenti təbrik etdi
19 İyun 2021
Mətni dəyiş
İranda prezident seçkisinin yekun nəticəsi açıqlanıb. İranın daxili işlər naziri Əbdürrza Rəhmani Fəzli keçirdiyi mətbuat konfransında deyib ki, indiyədək 28 milyon 933 min 4 nəfər səsvermədə iştirak edib. Onun sözlərinə görə, əhalinin seçkilərdə aktivliyi 48.8 faiz təşkil edib. Ə.R.Fəzli qeyd edib ki, son nəticəyə əsasən Seyid İbrahim Rəisi 17 milyon 926 min 345 səs toplayıb. Onun rəqibləri Möhsin Rezayi 3 milyon 412 min 712, Əbdülnasir Himməti 2 milyon 427min 201, Qazizadə Haşemi 999 min 718 səs toplayıb. O qeyd edib ki, bülletenlərdən 3 milyon 726 min 870-i etibarsız hesab olunub. Prezident İlham Əliyev İran İslam Respublikasının yeni seçilmiş Prezidenti cənab Seyid İbrahim Rəisiyə təbrik məktubu ünvanlayıb. “Hörmətli cənab Rəisi, İran İslam Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm. Azərbaycan Respublikası tarixən dini və mədəni köklərlə bağlı olduğu İran İslam Respublikası ilə münasibətlərə xüsusi əhəmiyyət verir. Strateji əməkdaşlıq səviyyəsinə yüksəlmiş əlaqələrimizin mövcud vəziyyəti məmnunluq doğurur. Ölkələrimiz arasında çoxsaylı qarşılıqlı səfərlər, imzalanan sənədlər, həyata keçirilən birgə layihələr, o cümlədən Dövlət Komissiyasının uğurlu fəaliyyəti qarşılıqlı maraq doğuran əməkdaşlığımızın inkişafında mühüm rol oynayır. Azərbaycanın əzəli, tarixi torpaqlarının işğaldan azad edilməsi ilə Azərbaycan-İran dövlət sərhədi tam bərpa edilmişdir. Bu yeni vəziyyət ölkələrimiz arasındakı ikitərəfli əlaqələrin daha da gücləndirilməsi və regional əməkdaşlığın inkişafı baxımından böyük imkanlar vəd edir. İnanıram ki, qarşılıqlı hörmətə və mehriban qonşuluğa əsaslanan Azərbaycan-İran dostluq və əməkdaşlıq münasibətləri birgə səylərimizlə xalqlarımızın və ölkələrimizin mənafelərinə uyğun olaraq bundan sonra da möhkəmlənəcək və genişlənəcəkdir. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost və qardaş İran xalqının rifahı naminə qarşıdakı məsul fəaliyyətinizdə uğurlar diləyirəm”.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun