FBI mütəşəkkil cinayətkarlıq dəstələrinə böyük zərbə vurdu

FBI mütəşəkkil cinayətkarlıq dəstələrinə böyük zərbə vurdu
9 İyun 2021
Mətni dəyiş
ABŞ-ın Federal Təhqiqatlar Bürosu (FBI) tərəfindən hazırlanan şifrəli rabitə platformasından istifadə edən mütəşəkkil cinayətkar dəstələrə qlobal olaraq böyükmiqyaslı zərbə vurulub. FBI çərşənbə axşamı dünya boyu bir neçə ölkədə reydlər və həbslər həyata keçirib. Qoruyucu Troyan Əməliyatına 16 fərqli ölkədən polis qrupları cəlb olunub. Əməliyyat nəticəsində 800 nəfər həbs edilib, 32 ton müxtəlif növ narkotik vasitələr - kokain, marixuana, amfetamin və metamfetamin, eləcə də 250 ədəd odlu silah, 55 lüks avtomobil və 148 milyon dollardan çox nağd pul və kriptovalyuta müsadirə edilib.               "Qoruyucu Troyan Əməliyatı dünyanın hər yerindən beynəlxalq hüquq- mühafizə tərəfdaşları ilə birlikdə işlədikdə və transmilli cinayət təşkilatlarını aşkarlamaq, məhv etmək və sıradan çıxarmaq üçün ən müasir təhqiqat vasitələrini inkişaf etdirdikdə nəyə qadir ola biləcəyinin parlaq nümunəsidir" - deyə, FBI-ın Cinayət Araşdırmalar Bölməsinin direktor yardımçısı Kalvin Şivers Haaqadakı mətbuat konfransı zamanı deyib. Avstraliya Federal Polis Komandiri Cenifer Hearst bu əməlliyatın "qlobal hüquq-mühafizə orqanları üçün tarixi an" olduğunu deyib. Niderlandın Milli Polis Şefi Constable Jannine Van Den Berq əməliyyatın "dünya miqyasında transmilli cinayətkar şəbəkələrə misilsiz zərbə vurduğunu" deyib. Əməliyyatın ilkin addımları şifrəli EncroChat və Sky ECC adlı platformaların hüquq-mühafizə orqanları tərəfindən ələ keçirildiyi zaman atılıb. Bu platformlar onu göstərir ki, dünyanın hər yerində narkotik qaçaqçıları və cinayətkar dəstələr ən yeni təhlükəsiz telefonlardan istifadə etmək üçün şifrəli telefonlar bazarından faydalanır. FBI ANOM adlı tətbiq yaradaraq mobil telefonlara quraşdırıb. "Bu şifrəli platformaların çatışmazlığı nəticəsində yaranan bir boşluq var idi" deyən Şivers əlavə edib ki, "Beləliklə də beynəlxalq tərəfdaşlarımızla əməkdaşlıq yaratmaq üçün xüsusi bir vasitəni inkişaf etdirməklə yanaşı, kəşfiyyat məlumatlarını toplamaq və yaymaq prosesini inkişaf etdirmək üçün əla bir fürsət yarandı". Əməliyyata FBI rəhbərlik etsə də ABŞ-ın Narkotiklərlə Mübarizə İdarəsi, Avropa İttifaqının polis təşkilatı Europol və ondan çox ölkədə hüquq-mühafizə orqanları da burada iştirak edib.               ANOM tətbiqinin populyar olmasında cinayətkarlar özləri rol oynayıb. Çünki kriminal dəstələr bir-birinə məhz bu tətbiqin təhlükəsiz olduğunu deyib. Nəticədə FBI 18 ay ərzində 100-dən çox ölkədə fəaliyyət göstərən 300-dən çox cinayətkar dəstəyə şifrəli cihaz təqdim edib. Bu da polis təşkilatlarına narkotik daşınması və digər cinayətləri müzakirə edərkən cinayətkarları birbaşa izləməyə və dinləməyə imkan verib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun