Çexiya dənizindəki azərbaycanlılar [Araşdırma]

Çexiya dənizindəki azərbaycanlılar [Araşdırma]
18 İyun 2021
Mətni dəyiş

Parıldayan hər şey (qızıl) demokratiya deyil

Zəngin və bir-biri ilə əlaqəli azərbaycanlı investorlar, Çex Respublikasında yaşayan digər əcnəbilər arasında çox tanınmasa da, bu ölkənin məşhur turistik yerlərində yerləşən dəbdəbəli daşınmaz əmlaka məmnuniyyətlə milyardlarla çex kronu tökürlər.

Kurort şəhəri Karlovı Varının mərkəzə yaxın hissəsində Azərbaycanın vitse-prezidentinin atasına məxsus böyük otel var. Əvvəllər Əliyevin qızının da orada bir villası var idi, lakin daha sonra onlara sadiq olan millət vəkilinə ötürdü. Mənşəyi məlum olmayan Azərbaycan vəsaitləri Çex Respublikasının digər şəhərlərinə, hətta ölkənin paytaxtı Praqaya yol tapıb. Çexiyanın 'investigace.cz' saytının jurnalistləri Cənubi Bohemiyada azərbaycanlıların pul qoyduğu başqa bir “yuva” ortaya çıxarıb.

Ailə Azərbaycan xalqı üçün təməl daşı hesab olunur. Bu səbəbdən bir ailə üzvü yaxşı və geniş imkanlı bir iş tapdıqda, o insanın digərlərinin yüksəlməsi üçün bir pilləkən olması və ailə klanının yaxşılığı üçün çalışması gözlənilir. Ailə həmrəyliyi hətta sərhədləri aşır.

"Məsələn, Çex Respublikasında etibarlı və istedadlı bir insan varsa, texniki biliklərinin potensial investorlara və ya köməyə ehtiyac duyan hər kəsə tez müddətdə çatması təbiidir",- deyə Orta Asiya ölkələri üzrə mütəxəssis və Praqa Charles Universitetinin dosenti Slavomir Horak qeyd edir: “Buna görə də, əgər bir investor bu “fıksator” vasitəsilə otel satın alırsa, digərlərinin də tezliklə onun yolunu izləyəcəyini gözləmək mümkündür. Nəzərdə tutulan investisiya pulun haradan gəldiyindən asılı olmayaraq baş verəcək“.

Çexiyanın Cənubi Bohemya bölgəsindəki azərbaycanlı investorlar ən azı geniş ictimaiyyət üçün olduqca müəmmalıdır. Qeyd etmək lazımdır ki, Azərbaycandan gələn hər hansı bir sərmayə, xüsusilə istifadə olunan vəsaitin mənbəyi bilinmədiyi təqdirdə problemli ola bilər. Azərbaycanda siyasətlə əlaqəli insanların rəsmi maaşları heç vaxt bu xərcləri ödəməyə imkan verməsə də, tez-tez daşınmaz əmlaka və ya dəbəbəli əşyalara sərvət xərcləmələri adi hala çevrilib. Hökumət ölkədə insan haqlarını boğur, hər növ müxalifləri təqib edir və neftdən gələn gəlir seçilmiş bir neçə nəfər arasında bölünür. Məsələ burasındadır ki, elit təbəqə də “yuxarıdakı” yerlərinin nə vaxt sona çatacağını və ya rejimin özünün nə qədər davam edəcəyini bilmir. Aktivlərinin xaricdə ( məsələn, London xaricində və ya Çexiyanın kiçik bir kurort şəhərində) saxlanılmasının səbəbi də budur.

Həm qanuni, həm də qanunsuz investesiya yatırmaq üçün Çex Respublikasını bu qədər cəlbedici edən nədir? Əvvəla, onun coğrafi mövqeyi, Avropanın mərkəzində yerləşməsidir. İkincisi, siyasi sabitliyi - orada inqilab və ya böyük bir böhran olma ehtimalının olmamasıdır. Çexiya, istirahət üçün ideal, sakit və mehriban bir ölkə kimi məşhurdur. Çexiya prezidenti Milos Zeman da daxil olmaqla bəzi yüksək vəzifəli çex siyasətçilərinin Azərbaycana qarşı çox səmimi münasibət göstərmələri onlara zərər törətmir. Ölkənin azərbaycanlı elitası arasında populyar olmasını Bakıdan Praqaya və hətta kiçik kurort şəhəri Karlovı Varıya birbaşa uçuşların sayı da sübut edir. Hər iki halda da, biznes sinif biletləri ekonom sinifindən daha sürətli satılır. Sabitliyi, dostcanlı siyasətçiləri və səlahiyyətli fiksatorları silkələyib qarışdırsanız, çox vaxt naməlum və ya şübhəli mənbələrdən əldə edilən sərmayəni xərcləmək istəyən investorlar üçün bir “kokteyl” əldə edə bilərsiniz.

Beynəlxalq Valyuta Fondunun 2019-cu il hesabatında Çexiyada xarici investorlara məxsus daşınmaz əmlak sayındakı artım qeyd olunub və əmlak bazarında çirkli pulların yuyulmasına qarşı ciddi tədbirlər görülməsi tələb olunub. Çexiya Maliyyə Analitik Bürosunun rəhbəri (Finanční analytický úřad - Maliyyə Nazirliyinin nəzdindəki araşdırma qurumu) Libor Kazda, bütün xarici investorların arxa plandakı məlumatlarını yoxlamağın göründüyü qədər asan olmadığını izah edib:

“Bəzən maliyyə qurumunun konkret pulun mənbəyini yoxlamaq üçün vasitəsi olmur. Yalnız Bank müştərisindən pulun qanuni yolla əldə edildiyini bildirən bir izahat alırsa, onlar nə edə bilərlər?" deyə o qeyd edib. “Bu, o demək deyil ki, əlavə yoxlama aparılmır. Əslində, yalnız verilən izahat şübhəli ola bilər”.

Bununla yanaşı, Kazda qeyd edir ki, Çexiyada yazılı izahat verilməsi pulun mənbəyini və ya sahibini izah etmək üçün çox vaxt kifayət edir.

Cənubi Bohemiya bölgəsi tez-tez mənzərəli Cesky Krumlov şəhəri və ya Çex dənizi adlandırılan Lipno su anbarı ilə əlaqələndirilir. Bir restoran və ya otelə sahib olmaq üçün ideal olan bu yerdə biznes planlarına çox güvənən bir neçə azərbaycanlı investor yüz milyonlarla CZK (1 milyon CZK = təqribən 48.000 ABŞ dolları) investisiya qoymaqdan çəkinməyib. Bununla birlikdə, planlardan biri bürokratik qarabasmaya çevrilib və Lipno gölünün sahilində sökülmüş bir yer kimi durur, digər planların nəticəsi olaraq isə investorun tərk etdiyi açıq restoran və otellərdən daha çox qapalı yerlərə rast gəlinir.

"Nəhəng planlar var idi, onlar (investorlar) hər gün buraya gəlirdi, Praqadakı böyük brendlər tikinti planları qururdu ... Hətta ailə şirkətimizi almaq istəyirdilər və sonra birdən getdilər. Onlar yoxa çıxdı və layihələr dayandı",- deyə Lipno bölgəsindən olan kiçik sahibkarlardan biri qeyd edib: "Yerli əhalinin onları burada istəmədiyini, böyük pul problemi yaşadıqlarını eşitdim".

Gözəl bir gəmi formasında olan otelin yerinə indi dağıntısının qaldığı kiçik kəndin bələdiyyə başçısı çiyinlərini çəkir: “Yaxşı, bu möhtəşəm planlardan nə ortaya çıxdığını görürsən. Böyük bir qarışıqlıq və bir çox dağıntı. Heç olmasa ətrafına bir çəpər qoydular, beləliklə, heç kim yaralanmır".

Bu kiçik kənd Hurka adlanır və Cənubi Bohemiya bölgəsinin əsas turistik yerlərindən biri olan Lipno su anbarının əhatə etdiyini az sayda kəndlərdən biridir. “Göl”, Avstriya sərhədinə yaxın yerləşir və zəngin xarici və yerli investorları cəlb etməklə məşhurdur. Hurkaya gedən yol hər iki tərəfdən də su ilə əhatə olunub və su anbarının və ətrafdakı təbiətin gözəl mənzərəsi var. Lakin kəndin içinə çatdığınız zaman bunu görmək olmur. Gözünüzə dəyən ilk şey, tikinti sahəsinə bənzəyən ətrafı çəpərli yerdir, lakin binanın orijinalı 2018-ci ildə söküldüyündən bəri orada heç kim işləmir. İndi bura dəbdəbəli bir ağacdan və şüşədən düzəldilmiş böyük bir gəmi şəklində sağlamlıq oteli kimi fəaliyyət göstərməli idi. Layihə bürokratiya səbəbilə və COVID-19 zamanı məhdudiyyətlər səbəbindən dayandırılıb - ən azından investorlar belə deyir. Ərazi bölgənin paytaxtına yaxın, sürətlə böyüyən peyk şəhəri Ceske Budejovice-də başqa bir torpaq sahəsinə sahib olan "ALPS s.r.o." şirkətinə məxsusdur. Ancaq orada da heç bir şey edilmir.

İkinci iddialı Azərbaycan layihəsi məşhur turizm şəhəri Cesky Krumlovda iki binanın və Lipno su anbarının sahilində yerləşən kiçik Frymburk qəsəbəsində bir binanın alınması ilə başladı. Ancaq böyük planlar yerində qaldı. Cesky Krumlovdakı bir restoran təmirə çox pul xərcləndikdən sonra heç açılmadı, ikinci investisiya qoyulan otel isə yaxşı işlədi, ancaq indi başqası tərəfindən idarə olunur. Frymburkda yerləşən restoran iki sezon (iki yay və bir qış) açıq idi və 2018-ci ildə bağlandı. Sahibi yoxa çıxdı. Cesky Krumlovdakı otel sahiblərindən biri deyir: "Onu bir ildən çox görmədim. Ancaq bir gün ortaya çıxdı və sonra getdi".

ALPS, Londonda sahibi məlum olmayan, dəbdəbəli mənzildə yaşayan azərbaycanlı Cümə Əhmədzadəyə məxsusdur. Bir sıra maraqlı hadisələrin fonunda, mənzil bir neçə ay sonra bir türk sərmayəçi ilə məsləhətləşmə aparmaq üçün müqavilə bağlayan eyni ofşor şirkəti tərəfindən satın alınıb. Müqaviləyə nəzarət edən türk podratçının yaxın dostu olan Əhmədzadənin atasından başqa birisi deyildi (bu barədə ətraflı linkdə). Əhmədzadə bu yaxınlarda Azərbaycan hökumətindəki vəzifəsindən azad edilib.

Regionun paytaxtı Ceske Budejovicedə, eyni Çex ünvanında qeydiyyatdan keçmiş digər bir şirkət, LECO-CB şirkətidir. Şirkətin sahibi Azərbaycanın Beynəlxalq Bankının keçmiş rəhbərinin xanımı Zamirə Hacıyevadır. Hacıyev hazırda fırıldaqçılıq və bankdan pul mənimsəmə ittihamı ilə Azərbaycanda həbsdə saxlanılır. O, 15 il həbs cəzasına məhkum edilib. Hacıyevanın Londondakı mülkünün dəyəri təxminən 11,5 milyon funt sterlinqdir. Ev, Hacıyevanın 10 ildə 16 milyon funt-sterlinqdən çox xərclədiyi və bunun 6 milyon funt-sterlinqini ərinin çalışdığı bankın verdiyi kredit kartlarından etdiyi dəbdəbəli alış-veriş mərkəzi "Harrods"un yaxınlığında yerləşir. İngiltərə rəsmiləri hazırda ailənin sərvətinin mənbəyini araşdırır və bu müddət ərzində əmlaklarını dondurub (ətraflı linkdə).

“Azərbaycan elitasının mentalitetini anlamaq lazımdır. Bütün dövlət müəssisələri, eləcə də Mərkəzi Bank hakim təbəqə üçün pul qutusu hesab olunur. Buna görə, yaxşı əlaqələri olan hər hansı bir şəxsə, məsələn, bankın baş icraçı direktorunun qohumuna pul lazımdırsa, onu əldə etməyin hər zaman yolu var”, - deyə Horak izah edir. Ancaq bu nöqteyi-nəzərindən bu sadəcə Azərbaycan üçün unikal və ya tipik deyil.

Azərbaycandan necə pul çıxarmaq olar?

2012-2014-cü illər arasında "Danske Bank"ın Estoniya şöbəsindəki bank hesabları vasitəsi ilə təxminən 3 milyard ABŞ dolları axıdılıb. Filial o vaxtdan bəri böyük miqdarda çirkli pul yuyulması skandalına qarışdıqdan sonra estoniyalı səlahiyyətlilər tərəfindən bağlanıb. Bu gün bu məbləğlə Baham adalarında iki xüsusi ada ala bilərsiniz. Mənşəyi bilinməyən pullar, Azərbaycanın hakim elitasının əldə etmək istədiyi hər şey üçün Britaniyanın ofşor şirkətləri vasitəsilə ötürülürdü. Bu Avropa siyasətçilərini onları tərifləməsi üçün verilən rüşvətə və ya bir futbol klubuna, daşınmaz əmlaka, dəbdəbəli avtomobillərə və tətillərə xərclənə bilər. Bu pul əməliyyatlarını təsdiqləyən, sızdırılmış bank sənədləri "Azərbaycanın Pulyuyan Maşını" kimi tanınmağa başlandı. Hökumət rəsmilərinin, məsələn, bir ölkənin Baş nazir müavininin ailə üzvləri və ya ölkədə anti-korrupsiya gündəmi ilə məşğul olan bir şəxsin bank hesabına böyük məbləğlər daxil olub. Əsasən bir sıra anonim ofşor şirkəti tərəfindən “yuyulan” 3 milyardın haradan gəldiyi məlum deyil. Lakin bəzi izlər Prezident Əliyevin ailəsinin Azərbaycan Mərkəzi Bankındakı hesablarına, digərləri müxtəlif nazirliklərə və ya Rusiya silah istehsalçısına aparır (ətraflı linkdə).

Digər tərəfdən, yüksək vəzifəlilərlə əlaqələri olmayanlar bundan əziyyət çəkirlər. Bir qayda olaraq, hökumət elitasının dövlət xəzinəsindən pulu mənimsədiyindən hər hansı bir ölkə xəstəxanasındakı xidmət, təhsil, rifah kimi digər sahələrdə bərabərsizlik hiss olunur. Siyasətdə korrupsiya və qaçaqmalçılıq ənənələri də önə çıxır. 2017-ci ildə neft qiymətlərinin aşağı düşməsilə yaranan iqtisadi böhran Azərbaycana zərbə vuranda Prezident Əliyev bütün növ müxalifləri öncəkindən daha çox təqib etməyə başladı. O, gücünü möhkəmləndirmək üçün səy göstərdi, məsələn, həyat yoldaşını vitse-prezident təyin edərək onu öz varisi elan etdi.

Ölkənin fərdi və siyasi azadlıqları baxımından, "Freedom House" beynəlxalq qeyri-hökumət təşkilatının verdiyi məlumata görə, Azərbaycan çox aşağı yer tutub. Hökumət 2019-cu ildə onlarla siyasi məhbusun azad edilməsinə icazə versə də, başqalarını da həbs edib. Hakimiyyətin Prezident Əliyevin və onun ailəsinin əlində cəmlənməsi ciddi problemdir. “Azərbaycanın avtoritar rejimində güc hələ də böyük ölçüdə 2003-cü ildən bəri prezident olan İlham Əliyevin və onun ailəsinin əlində cəmləşib. Korrupsiya tüğyan edir və rəsmi siyasi müxalifət illərdir davam edən təqiblərlə zəiflədilib. Hakimiyyətlər son illərdə vətəndaş azadlıqlarına böyük təzyiq göstərib, müstəqil ifadə azadlığı və fəaliyyət üçün yer qoymayıb”,- deyə "Freedom House"un Dünyadakı Azadlıq haqqındakı 2020-ci il hesabatında qeyd edilib. "Transparency International" təşkilatına görə, Azərbaycan korrupsiyaya görə 180 ölkə arasında 129-cu yerdədir.

“Azərbaycan rəsmi olaraq bir respublika olsa da, ailə klanı münasibətləri ilə idarə olunur. Prezidentlik postu daha da irəliyə gedərək irsi vəzifəyə çevrilib. Başqa sözlə, doğru bir ailədə doğulmusunuzsa, avtomatik olaraq bir üstünlük əldə edirsiniz”,- deyə Horak bildirir: “Hazırki prezident - həyat yoldaşı - hakimiyyətə gələndə bütün Bakı bölgəsi ona dəstək çıxdı, çünki bura Paşayevlər klanı, Mehriban Əliyeva ailəsinin evidir (buralı hesab olunurlar – red). Bu hakimiyyət dəyişikliyi nəticəsində keçmiş baş nazir və əvvəllər üstünlük verilən Naxçıvan klanından olan bir neçə dövlət məmuru vəzifələrindən azad edildi".

Sərhədsiz Reportyorlar tərəfindən hər il dərc olunan Dünya Mətbuat Azadlığı İndeksinin 2021-ci il hesabatında Azərbaycan 180 ölkə arasında 167-ci yeri tutdu. "2014-cü ildə Prezident Əliyev müstəqil jurnalistikaya müharibə elan etdi", - deyə hesabatda deyilir. "Təzyiqlərə, şantajlara və ya rüşvət almayanlar həbsxanaya göndərilir".

Jurnalistlər həddindən artıq maraqlı olduqda hökumətin nə qədər irəliyə gedə biləcəyini OCCRP-nin müxbiri Xədicə İsmayılovanın yaşadığı dəhşətlərdən görmək olar. 2005-ci ildə həmkarı Elmar Hüseynov beş güllə ilə həmişəlik susdurulduğu zaman, bir çox azərbaycanlı jurnalist bir müddət səssiz qaldı. Lakin Xədicə səssiz qalmadı, qətl onu Əliyevlər ailəsinin biznesini daha dərindən araşdırmağa təşviq etdi. 2009-cu ildən bəri, o, korrupsiya ilə bağlı hekayələri və hakim ailənin müəmmalı şəkildə əldə etdiyi mülkləri işıqlandırmaq üçün aparıcı beynəlxalq media orqanı ilə əməkdaşlıq edir. Lakin əvvəlcə dövlət mediası vasitəsilə böhtan atılması, sonra telefonla edilə şantaj şəklində cavab gecikmədi. Xədicə geri çəkilməkdən imtina etdikdə, mənzilinə girildi və kameralar yerləşdirildi. Sevgilisi ilə intim videoları qeydə alındı. Bu, başqa bir yerdə problem olmaya bilər, ancaq jurnalist mühafizəkar bir ölkədə yaşayır və bu adamla evli deyildi. Ardınca intim fotoların yayımlanması ilə bağlı yenidən təhdid və şantajlar edildi. Lakin Xədicə təslim olmadı və bu səbəbdən bütün videolar dövlətə yaxın media qurumları vasitəsilə yayımlandı. İslami ənənəyə görə, nikahdankənar münasibət olması onun ailəsinin rüsvay olmasına səbəb oldu və öz qardaşı onu öldürərək səhvini düzəltməyə qərar verdi. Xədicə 2014-cü ildə həbsə girdi və yalan ittihamlarla orda üç il yarım qaldı. Beynəlxalq təzyiqlərin güclü olması səbəbilə o azad edildi və həbs müddətinin sonuna qədər həbsdə qalmadı. Xədicə ölkədəki korrupsiya barədə yazmaqdan heç vaxt vaz keçmədi.

Tanınmış avtoritar, qeyri-demokratik və korrupsiyaya qarışmış rejimə baxmayaraq, Azərbaycan Çex Respublikasının bütün Cənubi Qafqaz bölgəsinin ən əhəmiyyətli, əsas ticarət tərəfdaşı olaraq qalır. Bu ölkədən əsas idxal olunan neftdir. 2020-ci ildə Çex Respublikasına idxal olunan bütün neftin üçdə biri bu ölkədən gəlir. Çexiya Ticarət Nazirliyinə görə Azərbaycanda onlarla şirkət fəaliyyət göstərir.

Müəllif: Zuzana Sotova

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun