BMT: Pandemiyaya baxmayaraq miqrantların sayı artır

BMT: Pandemiyaya baxmayaraq miqrantların sayı artır
19 İyun 2021
Mətni dəyiş
BMT-nin qaçqınlar agentliyinin yayımladığı 2020-ci il Qlobal Trendlər hesabatına əsasən, ötən il müharibələr, zorakılıqlar, təqiblər və insan haqlarının pozulması nəticəsində məcburi köçkün olan insanların sayı rekord həddə çataraq 82.4 milyon olub. Bu rəqəm 2019-cu illə müqayisədə 4 faiz artıb. Artıq doqquzuncu ildir ki, rəqəmlər artmaqda davam edir. Hətta koronavirus pandemiyası səbəbindən tətbiq olunan məhdudiyyətlər və sərhədlərin bağlanması belə insanların müharibə və vəhşiliklərdən canlarını qurtarmaq üçün qaçmalarına əngəl ola bilməyib. 82 milyondan çox miqrantdan 26,4 milyonu özlərini qorunmaq üçün beynəlxalq sərhədləri keçib. Qalanları isə əsasən münaqişə və zorakılıqlar səbəbi ilə öz ölkələrində məcburi köçkün olan insanlardır. BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi son 10 ildə məcburi köçkünlərin sayının iki dəfə artdığını bildirir. "Hazırda dünya əhalisinin bir faizindən çoxu miqrantdır", - deyə Qrandi bildirib. "Mənim üçün olduqca maraqlı və təəccüblü görünən rəqəmlərdən biri bu insanların 42 faizinin uşaqlar olmasıdır", o əlavə edib. Hesabatda göstərilir ki, xarici ölkələrə qaçmış bütün qaçqınların üçdə ikisindən çoxunun yalnız beş ölkədən - Suriya, Venesuela, Əfqanıstan, Cənubi Sudan və Myanmadan gəldiyini göstərir. Artıq ardıcıl olaraq yeddinci ildir ki, Türkiyə ən çox qaçqına ev sahibliyi edir, onun ardınca Kolumbiya, Pakistan, Uqanda və Almaniya gəlir. Qrandi yeni miqrant dalğasına səbəb olan növbəti böhranlar arasında Mozambikin şimalında silahlı zorakılıqlar, yoxsulluq, iqlim dəyişikliyi və digər faktorlarla əlaqədar olaraq daha 700 min insanın qaçqın düşdüyü böhranı qeyd edib. O, bundan əlavə Burkina Faso, Niger və Mali daxil olmaqla, Mərkəzi Sahel bölgəsində zorakılıqların 750 min insanın məcburi köçkün olmasına səbəb olduğunu deyib. Ali Komissar Qrandi 2021-ci ilin də köçkün böhranlarına dair qlobal trendin yaxşı görünmədiyini bildirib. O, bu ilin ilk altı ayında çox az sayda miqrantın vətənlərinə geri döndüyünü və uzun sürən qaçqın böhranlarında durğunluq olduğunu qeyd edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun