Belarus müxalif jurnalist Roman Protaseviç ev dustaqlığına köçürüldü

Belarus müxalif jurnalist Roman Protaseviç ev dustaqlığına köçürüldü
25 İyun 2021
Mətni dəyiş
Minskdə məcburi eniş edən "Ryanair" təyyarəsindən çıxarılan Belarus müxalif Roman Protaseviç ev dustaqlığına köçürülüb. Bu barədə onun atası BBC-yə bildirib. Mayın 23-də dramatik şəkildə saxlanılan Roman Protaseviç kütləvi iğtişaşlar təşkil etmək ittihamı ilə nəzarət altına salınıb. Rəfiqəsi, Rusiya vətəndaşı Sofiya Sapeqa da onun birlikdə həbs edilib və o da ev duqtaqlığına köçürülüb. Bu barədə Sofiyanın ailəsi BBC-nin Rusiya şöbəsinə məlumat verib. Avropa Birliyi təyyarə ilə bağlı baş verən hadisəyə Belarusa qarşı sanksiyalarla reaksiya verib. Onların Afinadan Vilnüsə uçuşu zamanı saxlanılmasından bəri, Protaseviç və Sapeqanın böyük ehtimalla təzyiq altında etdikləri cinayət əməlləri haqda etiraf videoları Belarus televiziyasında yayımlanıb. Protaseviçin atası Dmitri bildirib ki, ittihamlar saxlanılan hər iki şəxsin üzərindən götürülməyib. Jurnalistə və sevgilisi Sapeqaya 15 ilədək azadlıqdan məhrumetmə cəzası ala biləcəkləri kütləvi iğtişaşların təşkili ittihamı irəli sürülüb. Qərb ölkələri Belarusu partlayış təhlükəsi səbəbilə Minskə enməyə məcbur olan Ryanair təyyarəsinin qaçırılmasında ittiham edirlər. Onlar hara köçürülüb? Cütlük saxlandıqları gündən etibarən nəzarət altında idi. Sapeqa hazırda Minskdə kirayə evdə yaşayır. Bu barədə ailəsi bildirib. Onun valideynləri deyiblər ki, bu köçürülmə gözlənilməz olub. “Biz şokdayıq” – onun atalığı Sergey Dudiç məsələni şərh edib. Dudiç əlavə edib ki, ailəsi gənc qadının üzərindən ittihamların götürüləcəyinə ümid edir. Amma Dmitri Protaseviç bildirib ki, ittihamlar oğlu və Sapeqa üzərində hələ də qalmaqdadır. “Vəkil heç nə demir. Hökumət də susur”, Protaseviçin atası söyləyib. “Əgər saxlanmanın forması dəyişibsə, o zaman bu, onların yaşayış şərtlərini də yaxşılaşdırar. Əks halda biz bundan sonra nə olacağını bilmirik”. O əlavə edib ki, hökumətin oğluna qarşı davranışını şərh etməkdə çətinlik çəkir. “Bəlkə onu hansısa siyasi oyunun içinə qatıblar?”, o deyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun