Azərbaycanda təhsil tələbə krediti veriləcək - Fond yaradıldı

Azərbaycanda təhsil tələbə krediti veriləcək - Fond yaradıldı
17 İyun 2021
Mətni dəyiş
Prezident İlham Əliyev Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondunun yaradılması və fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında fərman imzalayıb.  Fərmana əsasən, Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində “Təhsil Tələbə Krediti Fondu” yaradılır. Fond təhsil tələbə kreditlərinin verilməsini təşkil edən qeyri-kommersiya hüquqi şəxsidir. Sənədə görə, təhsil tələbə kreditinin məbləğinin yuxarı həddi hər tədris ili üçün təsdiq edilən tələbə qəbulunda nəzərdə tutulmuş ayrı-ayrı ixtisaslar üzrə ödənişli əsaslarla təhsilalana düşən illik təhsil haqlarının məbləğindən çox olmamalıdır. Fondun fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün ictimai əsaslarla fəaliyyət göstərən yeddi üzvdən ibarət Himayəçilik Şurası yaradılır. Fondun fəaliyyətinin təşkili və təmin edilməsi xərcləri dövlət büdcəsinin vəsaiti və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir. Fondun fəaliyyətinin əsas məqsədi təhsil tələbə krediti sistemini tətbiq etməklə təhsilə əlçatanlığı təmin etməkdən, təhsil almaqda bərabər imkanlar yaratmaqdan və təhsilin əhatə dairəsini genişləndirməkdən ibarətdir. Fond əhaliyə birbaşa təhsil tələbə kreditlərinin verilməsi ilə məşğul olmur. Fondun aşağıdakı hüquqları vardır: - fəaliyyətinin məqsədinə aid məsələlərlə bağlı normativ hüquqi aktların layihələrinin hazırlanmasına dair təkliflər vermək; - müqavilə əsasında ekspertləri və mütəxəssisləri öz fəaliyyətinə cəlb etmək; - beynəlxalq təcrübənin tətbiqi imkanlarının araşdırılması məqsədilə beynəlxalq təşkilatlarla və xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları), hüquqi və fiziki şəxsləri ilə əməkdaşlıq etmək, xarici dövlətlərin müvafiq təcrübəsini öyrənmək; - fəaliyyətinin məqsədinə aid məsələlərlə bağlı araşdırmalar aparmaq, işçi qruplar və komissiyalar yaratmaq; - dövlət orqanlarına və qurumlarına, yerli özünüidarəetmə orqanlarına, hüquqi və fiziki şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq; - fəaliyyətinin məqsədinə aid məsələlərlə bağlı analitik materiallar hazırlamaq, tədqiqatlar aparmaq və təkliflər vermək; - fəaliyyət məqsədinə uyğun olaraq konfranslar, müşavirələr, seminarlar keçirmək və digər tədbirlər təşkil etmək; - bu Nizamnamə ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək. Fondun nizamnamə kapitalının məbləği 80 milyon manatdır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun