"Açıq Rusiya" hərəkatının keçmiş rəhbəri saxlanıldı

"Açıq Rusiya" hərəkatının keçmiş rəhbəri saxlanıldı
1 İyun 2021
Mətni dəyiş
''Açıq Rusiya'' demokratik hərəkatının keçmiş rəhbəri Andrey Pivovarov Sankt Peterburqda təyyarədən çıxarılaraq saxlanıb. Bu hərəkatı Kremlin tənqidçisi Mixail Xodorkovski təsis edib. Bu barədə Azadlıq Radiosu məlumat yayıb. Pivovarov Sankt Peterburqda dindirilməyə aparıldıqdan sonra “arzuolunmaz təşkilatlar” barədə qanunu dəfələrlə pozmaq iddiası ilə saxlanıb. Məlumatı onun vəkili mayın 31-də axşam Telegram-da yayıb. “Yalnız onu dedilər ki, mənə qarşı Cinayət Məcəlləsinin 284.1 maddəsi ilə, arzuolunmaz təşkilatla əməkdaşlığa görə cinayət işi açılıb, bu da cəfəngiyatdır”, – Pivovarov məktubunda yazır. O, rəsmi orqanların onu naməlum səbəblərdən ölkənin cənubundakı Krasnodar şəhərinə aparmağı planlaşdırdığını deyib. Rəsmi dairələr hələlik açıqlama verməyib. Pivovarov Pulkovo aeroportunda Varşavaya uçmağa hazırlaşan təyyarədən çıxarılıb. Açıq Rusiya mayın 27-də üzvlərini təqib olunmaqdan qorumaqdan ötrü əməliyyatlarını dayandırdığını bildirib. Rusiyada fəaliyyət göstərən bu qurum 2017-ci ildə “arzuolunmaz təşkilat” siyahısına salınıb, o vaxtdan fəalları hakimiyyətin təzyiqi ilə üzləşiblər, onlara inzibati, cinayət ittihamları irəli sürülüb. “Arzuolunmaz təşkilat” qanunu 2015-ci ilin mayında qəbul olunub. Kreml xaricdən, əsasən Avropa və Birləşmiş Ştatlardan maliyyə alan qeyri-kommersiya və qeyri-hökumət təşkilatlarına qarşı bir sıra qanunlar qəbul edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun