Yazıçılarımız necə yazırlar? - Seymur Baycan

Yazıçılarımız necə yazırlar? - Seymur Baycan
22 May 2021
Mətni dəyiş

"Hər yeni əsərimin əvvəlkindən daha yaxşı olduğu qənaətindəyəm. İkinci birincidən daha yaxşıdır, üçüncü ikincidən və dördüncü hamısından. Beləcə, özümə təsəlli verirəm".

Tomas Eliot

İki həftədir yaşayan yerli yazıçıların hekayələrini oxuyuram. Dedim, bir görüm bizimkilər nə yazırlar, nədən yazırlar, nəsri, hekayəni necə təsəvvür edirlər. Həm də indi özüm də hekayələr yazmaqdayam. Ona görə də müasir yerli ədəbiyyatın nəbzini ölçmək bir növ mənə lazım idi.

Əvvala, sən demə Azərbaycanda yazan və pozan, ədəbiyyatla məşğul olan əməlli-başlı adam ordusu var imiş. Ədəbi mühiti kifayət qədər diqqətlə izləyirəm. İnanın, müxtəlif saytlarda hekayələrini oxuduğum adamların çoxunu heç tanımadım. İlk dəfə görürdüm bu adamları. Bilmirəm bu adamlar kimdirlər, niyə yazırlar, yazmaqla nə demək istəyirlər?

İkincisi, yazıb-pozan bu adamların özləri kitab oxusa, oxuduqlarını da bu və ya digər formada təbliğ etsələr, ölkədə böyük oxucu kütləsi yaranar. Yəqin oxumurlar. Oxusalar da, çox güman onların oxuduqları “Səfillər”, “Martin İden” kimi üç-beş əsərdən o tərəfə keçmir. Ədəbiyyatla məşğul olan adam sistemli, mütamadi mütailə etməyəndə təlxəyə çevrilir.

Adətən yazıçıları iki qrupa bölürlər:

  1. Həyatdan gələn yazıçılar.
  2. Kitabdan gələn yazıçılar.

Bəzi insanlar belə düşünür ki, həyatdan gələn yazıçıların mütailəsi zəif olub. Onlar daha çox elə həyatdan reportajlar yazmaqla, başlarına gələnləri, gördüklərini qələmə almaqla yazıçı kimi uğur qazanıblar. Birmənalı olaraq kökündən səhv təsəvvürdür. Həyatdan gələn yazıçılar da elə kitabdan gəlirlər. Məsələn, Qorki, Tomas Vulf, Henri Miller həyatdan gəlmə yazıçılar hesab olunurlar. Ancaq bu yazıçıların bioqrafiyasına azdan-çoxdan bələd olan adamlar yaxşı bilirlər ki, onların çox güclü mütailəsi olub. Yəni, yazıçı hardan gəlirsə gəsin (lap krantdan gəlsin), mütləq və mütləq güclü mütailə bazasına malik olmalıdır. Heç kim təbiətin ona bəxş etdiyi istedada arxalanmasın. İstedad, Sartrın təbirincə desək, insana verilmiş borcdur. İnsanın sonrakı fəaliyyəti, onun bu istedada nə qədər layiq olub, layiq olmadığını müəyyən edir. Təəssüf ki, bizim insanlar, ümumiyyətlə postsovet məkanının adamları, istedada çox inanırlar, istedada çox arxayın olurlar. Şəxsən mən istedada arxayın olub öz üzərində işləməyən, əziyyət, zəhmət çəkmək istəməyən, oxumayan, öyrənməyən çox adam görmüşəm. İstedadına arxayın olub işləməyən, oxumayan, əziyyət, zəhmət çəkmək istəməyən adamların hamısı bir az tez, bir az gec, karikaturaya çevriliblər.

***

İki həftədə oxuduğum hekayələrin səviyyəsini ümümiləşdirib, onlara belə bir qiymət verə bilərik: sadəcə biabırçılıq. Hekayələrdə mənasız fəlsəfə (oxu sayıqlama), əhvalatçılıq, sonük, quru dialoqlar, saxta mövzular tüğyan edirdi. Təsəvvürünüzə gətirin, hekayələrdən birində müəllif ölümlə söhbət edir və ölüm müəllifə deyir ki, mənə bu dünyada daha ehtiyac qalmayıb, adamlar mənim görməli olduğum işi görməkdədirlər. Bir sözlə şitlik, düşüklük, səydəşlik, səviyyəsizlik…

Oxuduğum hekayələrdə əsas mövzu bundan ibarət idi: müəllif hansısa şəhərdə avaralanan, hansısa şəhərdə yaşayan bir adamın yaxasından tutub, onu kəndə, ata ocağına qaytarmaq istəyir. Müəllif istəyir ki, obrazı qayıtsın kəndə, ata evini təmir elətdirsin, kənddən bir qız tapıb evlənsin… Belə baxanda, heç də pis niyyət sayılmaz. Amma hekayələri oxuyarkən bir daha əmin oldum ki, ev təmir etmək, daşla, qumla, taxta-şalbanla, sementlə, palçıqla əlləşmək, cütləşmək, artıb-törəmək azərbaycanlıların sarsılmaz həyat fəlsəfələridir.

Əgər yazıçıları divizionlara ayırsaq, yuxarıdakı abzasda yazılan problemlər, texnika çatışmazlığı yaşından, cinsindən asılı olmayaraq daha çox ikinci, üçüncü divizionlarda oynayan yazıçılara aiddir. Yaxşısı budur keçək birinci divizionda və yüksək liqada oynayan, iddiaları aşıb-daşan yazıçılarımıza. Hə, burada da vəziyyət heç urəkaçan deyil. Buranın da öz problemləri var. Birinci divizionda, yüksək liqada oynayan yazıçılarımızın hekayələrində xüsusən altı problem nəzərə çarpır.

  1. Ayrı-ayrı yazılarda qeyd etdiyimiz kimi, yazıçılarımız mövzu seçərkən nəyə qadir olduqlarını dəqiq müəyyən edə bilmirlər. Ayaqlarını yorğanlarına görə uzatmaq istəmirlər. Girdikləri ağır mövzuların altında belləri bükülür. Mövzunu tam işləməyə nəfəsləri çatmır. Dilləri bir qarış çölə çıxır. Halbuki, mövzunun böyüyü-kiçiyi yoxdur. Söhbət ancaq və ancaq necə yazmaqdan gedə bilər.
  2. Yazıçılarımız dili yaxşı bildiklərini yeri gəldi-gəlmədi illah da nümayiş etdirmək istəyirlər. Nəticədə mətndə temp aşağı düşür. Ən əsası obrazın həyat tərzi, tutduğu mövqe ilə danışığı arasında böyük uçurum yaranır.
  3. Dialoqlarda kolorit çatışmır. Yazıçılar obrazları yaşına, mənsub olduqları təbəqəyə, intellektual səviyyələrinə uyğun tərzdə danışdırmağı bacarmırlar. Nəticədə dialoqlar sönük, süni, koloritsiz, bəzən çox pafoslu alınır.
  4. Yazıçılarımız obrazın ruh dəyişkənliyini əsaslandırmırlar. Birdən, qəfildən, duruxdu sözlərini yazaraq obrazı bir ruh halından, başqa ruh halına keçirirlər. Birdən, qəfildən, duruxdu sözlərindən sonra obraz tamam dəyişir və qarşımızda tamam başqa adam peyda olur. Elə bil obraz avtobus dəyişir. Bir avtobusdan düşüb, başqa avtobusa minir.
  5. Yazıçılarımız inandırıcı, dərin, dəqiq təsvirlərlə geniş fon yarada bilmirlər. Beləliklə, geniş fon olmadığına görə süjet, əhvalat, hadisə oxucuda o qədər də güclü təsir oyatmır. Dəqiq, inandırıcı, dərin təsvirlərlə geniş fon yaratdıqda ən bayağı hadisə, ən bayağı süjet də oxucuda güclü təəssürat oyada bilər.
  6. Yazıçılarımız qorxa-qorxa yazırlar. Mətndə yaxşı mənada tam özünü buraxmaq, boşboğazlıq etmək lazımdır. Əlbəttə, söhbət peşəkar boşboğazlıqdan gedir.

Nadir istisnaları çıxsaq ümumən vəziyyət belədir. Geniş götürdükdə hekayələrdə müəlliflərin zəif mütailəsi hiss olunurdu. Bəli, bu danılmaz bir fakdır, yazıçılarımız az mütailə edirlər.

İki həftədə yerli müəlliflərin təxminən yüzdən artıq hekayəsini oxudum. Bu hekayələrin arasından maksimum dörd-beş hekayəni nisbətən uğurlu nümunə kimi gəlib-gedən camaatın qabağına qoymaq olar. Əslində elə belə də olmalıdır. Hekayə, nəsrdə ən ağır, ən çətin janr hesab olunur. Yaxşı hekayə hər gün yazılmır. Mən sadəcə bəlkə də kiməsə azacıq da olsa faydası dəyər deyə öz müşahidələrimi yazdım. Müşahidələrimdə ciddi səhvlərə yol verməyim istisna edilmir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun