Nexta teleqram kanalının keçmiş baş redaktoru Roman Protaseviç Minsk aeroportunda saxlanıldı

Nexta teleqram kanalının keçmiş baş redaktoru Roman Protaseviç Minsk aeroportunda saxlanıldı
24 May 2021
Mətni dəyiş
Nexta teleqram kanalının keçmiş baş redaktoru Roman Protaseviç bazar günü Minskdə təcili eniş edən təyyarənin sərnişini idi. Təyyarəyə baxışdan sonra Protaseviş saxlanılıb. Bu barədə Azadlıq Radiosunun Belarus şöbəsi məlumat verib. Roman Protaseviç TƏCİLİ ENİŞ Ryanair aviakompaniyasının Afinadan Vilnüsə uçan təyyarəsi yerli vaxtla saat 13:00 radələrində Minsk aeroportuna enib. Pilotlar göyərtənin minalanması haqda məlumat alıblar. Minsk Aeroportu bildirib ki, pilotlar özləri təcili eniş tələb ediblər. Buna baxmayaraq, "Delfi" sərnişinlərdən biri və ekipaj üzvü arasında mübahisə haqda məlumat verib. Nəşr Litva Beynəlxalq Hava Limanının nümayəndəsinə istinad edib. Təcili eniş haqda xəbəri hökumətyönümlü “Пул первого” (Birinci hovuz) teleqram kanalı “Belarus Avropanı qorudu” başlığı ilə paylaşıb. “Lukaşenko qeyri-şərtsiz komanda verib: Təyyarəni döndürün və qəbul edin. Bu halda əsas olan insanların həyatı və təhlükəsizliyidir”. Məlumatda göyərtədə olan Protaseviç haqda isə heç nə qeyd edilməyib. QIRICILAR HAVADA Belarusun rəsmi informasiya agentliyi “BelTA” bildirib ki, Lukaşenkonun əmri ilə “təyyarədəki sərnişinləri müşayiət etmək üçün” havaya MiQ-29  qırıcıları qaldırılıb. Daha sonra Belarus Müdafiə Nazirliyi sərnişin təyyarəsinin komandirinin Minsk-2 aerodromunda eniş etmək qərarına gəldiyi haqda məlumat verib. Ardınca MiQ-29 növbətçi ekipajı havaya qalxıb. “Növbətçi ekipaj hər şeyə nəzarət etmək və lazım gələrsə sərnişin təyyarəsinin Minsk-2 aerodromuna təhlükəsiz enişini təmin etmək tapşırığı aldı”. PROTASEVİÇİN SAXLANILMASI Vilnüsə uçan təyyarənin endiyi aeroporta minaaxtaranlar gəlib, amma heç bir partlayıcı maddə aşkarlanmayıb. Ryanair reysinin sərnişinləri yenidən yoxlamadan keçirilib. Protaseviçin saxlanılması haqda məlumatı Nexta və Svetlana Tixanovskayanın məsləhətçisi Franak Vyaçorka yayıb. Xəbəri həmçinin Belarusun QUPOB teleqram kanalı da təsdiqləyib (hazırda sözügedən post silinib, amma jurnalistlər skrinşotları saxlayıblar).                         “Беларусь головного мозга” (Beynin Belorusu) teleqram kanalı bildirib ki, hələ Afina aeroportunda olarkən“ortayaşlı rusdilli kişinin şübhəli marağı” Protaseviçin diqqətini çəkib. “Həmin kişi Protaseviçin sənədlərinin şəklini çəkməyə çalışırdı. Sonra döndü və getdi. Hərçənd sənədlərin yoxlanılması sırasında növbə onun idi”. Romanın saxlanılması haqda məlumat yayılan kimi Belarusun digər müxalif blogerləri onun sosial şəbəkələrdəki hesablarını silinməsi üçün şikayət etməyə çağırdılar. Hazırda onun Facebook və Instagramdakı səhifələri silinib. BLOGERİN VƏ TƏYYARƏNİN SAXLANILMASINA REAKSİYALAR Belarusun keçmiş prezidentliyə namizədi Svetlana Tixanovskaya və demokratik müxalifətin liderlərindən biri Pavel Latuşko Protaseviçin olduğu təyyarənin saxlanılmasının araşdırılmasına çağırış ediblər. Svetlana Tixanovskaya Ryanair və Beynəlxalq Mülki Aviasiya Təşkilatından insidentin araşdırılmasını tələb edib. Latuşko isə baş verənləri “hava piratçılığı” və “beynəlxalq terror aktı” adlandırıb. SVETLANA TİXANOVSKAYA: “Belarusun üzərindən uçan heç kim öz təhlükəsizliyindən əmin ola bilməz” Svetlana Tixanovskaya Tixanovskaya bildirib ki, təyyarənin enişi xüsusi xidmət orqanlarının Protaseviçi saxlamaq üçün təşkil etdikləri xüsusi əməliyyatdan başqa bir şey olmayıb. “Rejim Belarusun ən nəhəng, müstəqil teleqram kanallarının redaktoru olmuş bir nəfərdən qisas almaq üçün göyərtədəki sərnişinlərin həyatını və bütün mülki aviasiyanı təhlükə altına atdı. O, yalnız buna görə terrorçu elan edilib və yalnız buna görə hazırda Belarusda Romanı ölüm hökmü gözləyə bilər”.   “Biz artıq Ryanair və Beynəlxalq Mülki Aviasiya Təşkilatının ofisinə xəbər vermişik. Baş verənlərin araşdırılmasını və hətta Belarusun təşkilatdan xaric edilməsini tələb etmişik”. Tixanovskaya qeyd edib ki, Belarus rejimi hava trafik qaydalarını pozur: “Bu gündən etibarən Belarus üzərindən uçan heç kim öz təhlükəsizliyindən əmin ola bilməz”. “Beynəlxalq terror aktı” – Pavel Latuşkonun reaksiyası “Bu gün hərbi diktator Aleksandr Lukaşenkonun əmri ilə Belarusda ölkənin hərbi-hava qüvvələrindən istifadə edərək Ryanair kompaniyasının mülki təyyarəsinin endirilməsi Belarusda beynəlxalq hüququn pozulduğunu, əcnəbilərin və ölkə vətəndaşlarının həyatlarının təhlükə altına atıldığını bir daha sübut edir” – Pavel Latuşko bazar günü yazıb. Pavel Latuşko O da təcili istintaq başladılması tələbini dəstəkləyib: “Baş verən hadisə hərbi piratçılıq və beynəlxalq terror aktıdır. Biz tələb edirik ki, insident dərhal beynəlxalq birliklər və Beylxalq Mülki Aviasiya Təşkilatı tərəfindən araşdırılsın və Belarus ərasizində müvəqqəti olaraq hava trafik məlumatlandırılması dayandırılsın”. Litvanın prezidenti Gitanas Nauseda Romanın təcili şəkildə azad edilməsini tələb edib. Gitanas Nauseda Belarus müvəqqəti işlər vəkili Nataliya Sadovskaya Litva Xarici İşlər Nazirliyinə çağırılıb. Nataliya Sadovskaya ROMAN PROTASEVİÇ NƏDƏ İTTİHAM OLUNUR Roman Protaseviç Polşada yaşayır. Belarus və Rusiyada axtarışa verilib. Nexta Live, Nexta və onun loqotipi, həmçinin satirik Luxta kanalı 2021-ci ilin fevral ayında Belarusun ekstremist materiallar siyahısına daxil edilib. Roman Protaseviç Protaseviç və Nexta-nın yaradıcısı Stepan Putilo Belarusda cinayət məcəlləsinin bir neçə maddəsi ilə ittiham olunurlar: kütləvi iğtişaşların təşkili, ictimai asayişin kobud pozulması və sosial düşmənliyin yaradılması. Bu maddələr üzrə maksimal hökm müvafiq olaraq 15 il, 3 il və 12 il azadlıqdan məhrumetmədir. Roman Protaseviç və Stepan Putilo 2020-ci ilin noyabrında hakimiyyət Putilo və Protaseviçin adları terror fəaliyyətlərində olan şəxslərin siyasına salıb. Buna baxmayaraq, onlara qarşı “terrorçuluq” maddələri ilə cinayət işi açılmayıb. Bu teleqram kanallar 2020-ci il, avqustun 9-dakı prezident seçkilərindən sonra baş tutan etiraz aksiyaları zamanı məşhurlaşdılar. Protaseviç son zamanlar artıq Nexta-nın baş redaktoru kimi çalışmırdı. O, həbs edilənədək İqor Losikin idarə etdiyi “Беларусь головного мозга” (Beynin Belorusu) kanalını idarə edirdi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun