Korona mənim dostumdur - Samir İmanov

Korona mənim dostumdur - Samir İmanov
22 May 2021
Mətni dəyiş
Samir İmanov

Təəssüf ki cəmiyyətdə əlilliyi olan insanlara qarşı mənfi münasibətdə olan, onları lağa qoyan, yersiz iradlar bildirən, onları cəmiyyət üçün faydasız hesab edən, onlara hörmət qoymayan insanlar da var. Məhz covid-19 həmən insanlara əlilliyi olan şəxslərin necə yaşadığını, nələr hiss etdiyini, cəmiyyətdə hansı problemlərlə qarşılaşdığını, həyatda hansı cətinliklərlə üzləşdiyini əyani şəkildə göstərdi.

Küçədə, ictimai yerlərdə əlilliyi olan şəxs gördükdə “Bu vəziyyətdə nə vacib idi çölə çıxıb?”, “Bunun valideyini hara baxır?”, ”Niyə evdə oturmur?” kimi suallarla iradını bildirən şəxsin özünün karantin dövründə bircə ay evdə oturmağa səbri çatmadı və cərimələnmək bahasına da olsa karantin qaydalarını kobud surətdə pozaraq, dəfələrlə yaşadığı yeri tərk etdi. Əminəm ki həmən şəxs tətbiq edilən qadağalar ucbatından evdə qalmağa məcbur olduğu günlərdə evdə zamanın keçmədiyini, günlərin darıxdırıcı, monoton və boz olduğunu, evdən çıxmağın, insanlarla ünsiyyətdə olmağın, təmiz havanın, ictimai yerlərdə olmağın və bunlar üçün hətda 2-3 saatlıq sms icazənin yetərsiz olduğunun fiziki vəziyyətindən asılı olmayaraq hər bir insan üçün nə qədər vacib olduğunu dərk etdiyi an əlilliyi olan insanları anlamağa başladı.

Əlilliyi olan insanlara nəzir qutusu kimi baxaraq, onlara verdikləri 20 qəpik, 1 manat nəzirlərlə işlərinin düzələcəyinə, xəstələrinin sağalacağına inanan insanlar dövlət və ya imkanlı şəxslər tərəfindən paylanılan yardımlara möhtac qaldılar. Əlilliyi olan şəxslərə verdikləri cüzi yardımı belə ictimailəşdirərək, onları utandıran və əlindəki qəpiyi ictimai yerlərdə, nümayişkəranə şəkildə onların üstünə tullayaraq, alçaldan insanlar da var. Əlilliyi olan şəxslərin onların 20 qəpiklərinə möhtac olduğunu düşünən insanlar pandemiya zamanı yardım payı əldə etmək üçün qurumlara və insanlara yalvardılar. Bu insanlar Dövlət tərəfindən və ya imkanlı şəxslər tərəfindən paylanılan ərzaq yardımlarına möhtac qaldıqları an və bəzi şəxslərin yardım verərkən onların şəkillərini çəkib, sosial şəbəkələrdə və saytlarda yayımladığı an, kiçik yardım paketi üçün dəqiqələrlə çıxış edib, dəfələrlə təşəkkür etdirdikləri an əlilliyi olan insanlara yardım etməyin etika qaydalarını öyrəndilər. Öyrəndilər ki kiməsə yardım edərkən ehtiyaclı şəxsin də insan olduğunu, qüruru olduğunu unutmamalı və edilən yardım mümkün qədər gizli saxlanmalıdır.

Avtobuslarda əlil arabaları üçün nəzərdə tutulmuş yerləri zəbt edərək, əlilliyi olan şəxslərin avtobuslardan istifadə etməsinə mane olan insanlar metroların bağlandığı, şənbə və bazar günləri avtobusların işləmədiyi vaxtlarda ictimai nəqliyyatdan istifadə edə bilməməyin nə qədər çətin və alternativ olaraq taksilərdən istifadə etməyin nə qədər bahalı olduğunu görərək, əlilliyi olan insanlara qarşı haqsızlıq etdiklərini anladılar.

Bir insanın dünyagörüşlü olması, işdə və həyatda uğur qazanması üçün təhsil çox önəmlidir. Əlillər ibtidai təhsili evdə təhsil məktəblərində ala bilsələr də ali təhsil almaq onlar üçün həddən artıq çətin idi. Məcbur qalaraq qiyabi təhsilə üstünlük verirdilər. Küçələrdə, nəqliyyatda və təhsil ocaqlarında uyğunsuz infrastruktur səbəbindən təhsil almaq həvəsləri ürəklərində qalırdı. Bir neçə ali məktəb Tempus layihəsinə qoşulsa da vəziyyət qənaətbəxş deyildi. Əlilliyi olan şəxslərin təhsil alması üçün ən uyğun variant distant təhsilin tətbiqi olsa da Təhsil Nazirliyi bununla bağlı heç nə etmirdi. Əlilliyi olan şəxslərin çoxsaylı müraciətləri cavabsız qalırdı. Distant təhsilin olmaması ucbatından hər il əlilliyi olan yüzlərlə şəxs ali təhsil almaq hüququndan istifadə edə bilməyərək, bundan məhrum olurdu. Məhz pandemiya dövründə əlilliyi olan şəxslərin illərlə arzuladıqları hadisə baş verdi. Distant təhsilə keçid oldu və təhsil ocaqlarına gedib-getməməyindən asılı olmayaraq hər bir şəxsə təhsil almaq üçün şərait yaratmağın mümkün olduğunu və təhsilin cəmiyyət üçün nə qədər vacib olduğunu anladılar.

Əlilliyi olan insanların fiziki vəziyyətlərindən dolayı heç bir işə yaramadığını, cəmiyyət üçün faydasız olduğunu, daim başqasının köməyinə ehtiyac duyan biri olduğunu düşünən insanlar onların ailə qurmalarına da qəribə hal kimi yanaşır və bunu mümkünsüz hesab edirdilər. “7 qızım olsa birini əlilə vermərəm” deyərək kinayə edən, evlənmək istəyən əlilliyi olan şəxsləri lağa qoyan insanların özləri 1 ildən çoxdur ki Koronavirus səbəbindən toy üzünə həsrətdirlər. Pandemiyaya görə ailə həyatı qura və ya övladını evləndirə bilməyən bu tip insanlar ailə qurmağın, toy etməyin fiziki vəziyyətindən asılı olmayaraq hər bir insan üçün mümkün olduğunu anladılar.

Əlilliyin yoluxucu olacağından qorxaraq əlilliyi olan şəxslərlə ünsiyyətdən çəkinən, uzaqdan gördükdə belə “iraq olsun” deyərək qulağını dartan insanlar covid-19 kimi qorxulu və yoluxucu xəstəliklə üz-üzə qaldılar. Məhz yaxınlarının, doğmalarının vasitəsiylə bu xəstəliyə yoluxduqda anladılar ki əlillərdən kənar gəzməklə, “iraq olsun” deməklə, qulaq çəkməklə hər hansısa xəstəlikdən yaxa qurtarmaq olmaz. Və anladılar ki əlillik yoluxucu xəstəlik deyil. Əlil arabasında oturan biriylə ünsiyyətdə olmaqla əlil arabasına oturmuş olmazsan. Əksinə, yoluxucu xəstəlik adama ən yaxın, ən doğma birindən də keçə bilər.

Sosial baxımdan pulun önəmli olduğu bir dövrdə iş yerlərinin bağlanması səbəbindən maddi çətinliklə üzləşən və dövlət tərəfindən ödənilən aylıq 190 manata möhtac qalan insanlar pensiyanın əlilliyi olan şəxslər üçün dəyərini anladılar.

Pandemiya dövründə bir neçə ay məclislərdən, kafelərdən, alış-veriş mərkəzlərindən kənar qalan insanlar buna dözməyərək, qanunvericiliyin tələblərini pozmaqla çayxanalarda, kafelərdə və sairə yerlərdə qanunsuz toplaşaraq və ya evdə gizli məclislər təşkil edərək qismən də olsa əylənmək, vaxtlarını mənalı keçirtməklə təsəlli tapırdılar. Məhz o günlərdə həftələrlə, aylarla, hətda illərlə evdə qalmağa məcbur olan, cəmiyyətdən kənar qalan əlilliyi olan şəxsləri daha yaxşı anladılar və dərk etdilər ki uyğunsuz intrastruktur və sairə əngəllər səbəbindən evdən çıxa bilməmək əlilliyi olan şəxslərin günahı deyil.

Əminəm ki bu pandemiya tezliklə bitəcək və normal həyatınıza davam edəcəksiniz. Və ümid edirəm ki bundan sonra əlilliyi olan insanlara daha çox hörmət və sevgiylə yanaşacaqsınız. Unutmayın ki bizim istəyimizdən və iradəmizdən asılı olmayaraq bədənimizdə yaranan problemlər bizi şəxsiyyətsiz etmir. Sadəcə olaraq müəyyən qədər hərəkətimizi çətinləşdirir. Covid-19 sizin hərəkətinizi məhdudlaşdırdığı kimi. Bizi lağ obyekti, nəzir qutusu, uşaqlarınız üçün qorxu personajı, özünüz üçün təsəlli mənbəyi etməkdən əl çəkin. Biz sizinlə bərabərhüquqlu vətəndaşıq.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun