Karlsen qalib, Məmmədyarov 3-cü oldu

Norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun “New In Chess” adlı V mərhələsinə yekun vurulub.

“Report”un məlumatına görə, finalda Karlsenlə ABŞ təmsilçisi Hikaru Nakamura qarşılaşıb. Bu gün keçirilən ikinci oyun günündə 2:2 hesablı heç-heçə qeydə alınıb. Tərəflər hərəyə 1 qələbə, 2 heç-heçə ediblər.

İlk oyun günündə Karlsen 3:1 hesabı ilə qalib gəldiyi üçün mərhələnin qalibi olub.

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovla Ermənistan təmsilçisi Levon Aronyan arasında 3-cü yer uğrunda görüşdə də ikinci oyun gününün üçüncü partiyası başa çatıb.

Qarşılaşma 35-ci gedişdə Məmmədyarovu qələbəsi ilə yekunlaşıb. Bununla da azərbaycanlı qrossmeyster 2,5:0,5 hesabı ilə önə keçib və sonuncu partiyaya ehtiyac duyulmadan, 3-cü yerin sahibi olub.

“New In Chess” adlı V mərhələdə üçüncü yeri tutan Şəhriyar Məmmədyarov xallarının sayını 21-ə çatdıraraq 10-cu pilləyə yüksəlib.

1/4 final mərhələsində Maqnus Karlsenə uduzan Teymur Rəcəbov isə 109 xalla üçüncüdür. Məmmədyarovun sonuncu yarışdan qazancı 8 500, Rəcəbovun isə 5 min ABŞ dolları olub. Onlar ümumilikdə Çempionlar Turundan müvafiq olaraq 13 min 500 və 78 min 500 ABŞ dolları əldə edib.

Çempionlar Turunun VI mərhələsi mayın 23-də start götürəcək.

Teymur Rəcəbov Çempionlar Turunun II mərhələsində qalib, III mərhələsində isə üçüncü olub.

Əvvəlki məqalə“Google”da “Bayraktar TB2” barədə məlumatları ən çox hansı ölkə axtarıb?
Növbəti məqalədəAzərbaycanda “AstraZeneca” peyvəndinin tətbiqinə başlanılır