ABŞ-da maska qadağası yüngülləşdirildi

ABŞ-da maska qadağası yüngülləşdirildi
14 May 2021
Mətni dəyiş
ABŞ-ın baş səhiyyə agentliyi COVID-19-a qarşı tam peyvənd olunmuş şəxslər üçün maska qadağasını yüngülləşdirib. Onların qapalı məkanlarda maskanı çıxarmasına və bir çox yerlərdə sosial məsafəni gözləməməsinə icazə verilib. Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi (CDC) yenilənmiş qaydaları mayın 13-də açıqlayıb. Artıq ABŞ əhalisinin yarıya qədərinə vaksinin azı bir dozasının vurulduğu bildirilir. “Tam peyvənd olunmuş istənilən şəxs qapalı və açıq tədbirlərə, böyük, yaxud kiçikliyindən asılı olmayaraq, maskasız, fiziki məsafə gözləmədən qatıla bilər. Bu anı – müəyyən dərəcədə normal həyata qayıdışı çox gözlədik”, – CDC-nin direktoru Reyçel Valenski deyib. Ancaq qaydalarda avtobus, təyyarə, qatar, aeroportlarda və digər tranzit hablarında, yaxud xəstəxana, həbsxana, evsizlər üçün sığınacaqlar kimi məkanlarda maska taxmaq çağırışı yer alıb. "Artıq Birləşmiş Ştatlarda yoluxmalarda kəskin azalma var, indi gənclərə də vaksin vurulur və yeni ştammlara qarşı peyvəndin effektliliyi ortaya çıxıb", Valenski deyib. Prezident Co Bayden bu xəbəri alqışlayıb, virusa qarşı mübarizədə böyük qələbə əldə olunduğunu bəyan edib. ABŞ-da koronavirusa 32 milyondan çox yoluxma, 580 mindən artıq ölüm qeydə alınıb. “Məncə, böyük uğurdur, böyük gündür”, – Ağ evdə çıxış edən Bayden deyib. Ölkədə yoluxma sayı sentyabrdan bəri ən aşağı həddə düşüb. Yeddi günlük ortalama yoluxma 38 minə yaxındır, bu isə hər 100 min nəfərə 11 deməkdir. Mayın 13-dən Birləşmiş Ştatlarda 12-15 yaşlılara da Pfizer/BioNTech vaksininin vurulmasına başlanıb. Dünyada pandemiya 2019-cu ilin sonundan azı 3.3 milyon nəfərin həyatına son qoyub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun