Çempionlar Turu: Məmmədyarovdan qələbə, Rəcəbov Karlsenlə heç-heçə etdi

Şahmat üzrə norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun “New In Chess” adlı V mərhələsində 1/4 final mərhələsinə start verilib.

Azərbaycan təmsilçilərindən Teymur Rəcəbov bu raundda Maqnus Karlsenlə, Şəhriyar Məmmədyarov isə Alireza Firuzca (FIDE) ilə üz-üzə gəlib.

1/4 final mərhələsindəki ilk görüşünü qara fiqurlarla oynayan Rəcəbov bütün partiyalarda rəqibi ilə sülhə razılaşıb.

Məmmədyarov isə 1/4 finala qələbə ilə başlayıb. İlk partiyada ağ fiqurlarla Firuzcadan güclü olan 36 yaşlı qrossmeyster növbəti 2 qarşılaşmada heç-heçə edib. Sonuncu görüşdə qara fiqurlarla rəqibini məğlub edən Məmmədyarov qələbəsini rəsmiləşdirib.

Bu raundun ikinci görüşləri bu gün baş tutacaq. Qarşılaşmaların ardından qalib müəyyənləşməsə, tay-brek oynanılacaq.

1/4 final

Maqnus Karlsen (Norveç) – Teymur Rəcəbov – 2:2

Şəhriyar Məmmədyarov – Alireza Firuzca (FIDE) – 3:1

Levon Aronyan (Ermənistan) – Uesli So (ABŞ) – 3:1

Le Kuanq Lyem (Vyetnam) – Hikaru Nakamura (ABŞ) – 1,5:2,5

Qeyd edək ki, Şəhriyar Məmmədyarov təsnifat mərhələsini 9,5 xalla 3-cü, Teymur Rəcəbov isə 8,5 xalla 8-ci pillədə başa vuraraq, pley-offa vəsiqə qazanıb. Ümumi mükafat fondu 100 000 ABŞ dolları olan turnirə mayın 2-də yekun vurulacaq. Qalib 30 000 ABŞ dolları qazanacaq.

Əvvəlki məqaləAzərbaycanda koronavirusa yoluxanların sayı azalır, 1 milyona yaxın insan peyvənd vurdurub
Növbəti məqalədəQarabağ bölgəsi və ətraf rayonların su ehtiyatları açıqlanıb