"Bayden Trampdan əvvəlki siyasətçilərin də səhvlərini düzəltməlidir" - Azər Qasımlı

"Bayden Trampdan əvvəlki siyasətçilərin də səhvlərini düzəltməlidir" - Azər Qasımlı
6 Aprel 2021
Mətni dəyiş

ABŞ-da Co Bayden hökuməti fəaliyyətə başladıqdan sonra dünyanın siyasi gündəmində sürətli yeniliklər var. Bir çox siyasi şərhçilər düşünürlər ki, Bayden hökuməti Tramp dönəmində itirilən siyasi-strateji mövqeləri geri almağa çalışır və artıq həm diplomatik sahədə, həm də hərbi sahədə ciddi hərəkətliliklər var. Bəs görəsən, bu vəziyyət niyə yarandı və bizi hara aparır?

Abzas.net bu movzu ilə bağlı siyasətçi Azər Qasımlıya suallar ünvanlayıb. Müsahibəni sizə təqdim edirik:

- Azər bəy, biz görürük ki, son günlər Çin İranla iqtisadi sahədə böyük əməkdaşlıqlara imza atır, Türkiyə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının növbəti iclasında yeni türk birliyi ilə bağlı məsələlər qaldırdı, Suriyada və Ukraynada vəziyyət gərginləşir və Qərb Rusiya münasibətlərində də bir gərginlik yaşanır. Elə bil, 2020-ci ilə qədər olan dünya siyasəti 2021-ci ildə tamam başqa yöndə inkişaf edir. Sizcə, ümumiyyətlə nə baş verir?

- Baş verənlərin içində Çinlə İran arasında olan müqavilələr daha yenidir və bu da o mənada yenidir ki, biz Çini daha çox özünə qapanmış ölkə kimi görmüşük həmişə, ancaq indi elə bil Çində dünyaya açılma baş verir. Bu açılım isə Amerikanın müttəfiqi olmayan İranla birlikdə başlayıb. Hətta mətbuatda yayılan məlumatlara görə guya razılaşmaların gizli tərəfi də var var və biz bunun nəticəsi olaraq İranla Çin arasında hərbi-siyasi baxımdan da yaxınlaşmalar görəcəyik. Nəzərə alsaq ki, İranın bir hissəsi də Azərbaycan vasitəsi ilə Cənubi Qafqaza düşür, burada da Çinin hərbi-siyasi mövcudluğundan söhbət gedir. Amma hələlik fakt olaraq biz bunu görmürük. Digər tərəfdən Amerika soyuq müharibə dövründən sonra dünyada böyük bir legitim gücə sahib idi və Tramp hakimiyyətindən sonra bu legitimliyi tamamilə itirdi. Məsələn, hazırda dünyada Amerikaya elə bir inam yoxdur ki, Amerika fərqli regionlarda baş verən hadisələrdə söz sahibi ola bilər və problemi həll edə bilər. By proses, yəni legitimliyin itirilməsi müddəti Trampdan əvvəl başlamışdı və Tramp dövründə də tam yekunlaşdı. Təbii ki, bu boşluğu kimlərsə doldurmalı idi və Putin bundan istifadə etdi. Xüsusən, postsovet məkanını tam ələ aldı. Hazırda da bu boşluqdan sonra Çin yavaş-yavaş açılmağa başlayır. İndi çoxqütblü bir vəziyyət yaranıb və bu vəziyyət biraz da ikinci dünya müharibəsindən əvvəlki vəziyyəti xatırladır. Hamının hamı ilə müharibəsini.

- Biz axı Bayden hakimiyyətindən sonra vəziyyəti fərqli görürük. Məsələn, demək olar bütün regionlarda hərbi müstəvidə Amerika və ya onun NATO müttəfiqləri var. Məsələn, Suriya, Ukrayna, Azərbaycan və s. Siyasi baxımdan da Qərb sanksiyalarla Rusiyanı çətin vəziyyətə salıb. İndi necə düşünmək olar ki, Amerika legitimliyini itirib?

- Söhbət ondan gedir ki, soyuq müharibədən sonra dünyada Amerikaya yanaşma fərqli idi. Ancaq Amerika bunu düzgün dəyərləndirə bilmədi. Belə deyək, İkinci Dünya müharibəsindən sonra iki güc var idi və daha sonra biri çökdü, biri qaldı. Biri qaldığına görə dünya ondan çox şey gözləyirdi. Ədalət gözləyirdi, demokratiya gözləyirdi, maliyyə gözləyirdi və s. gözləntilər var idi. Bunlar baş vermədi. Zamanla yaranan bu boşluğu Rusiya, Çin kimi ölkələr doldurmağa başladı. İndi isə Bayden hakimiyyəti bütün bu siyasəti dəyişməyə çalışır. Mənim fikrimcə, Bayden hakimiyyəti təkcə Trampın səhvlərini yox, Trampdan əvvəlki siyasətçilərin də səhvlərini düzəltməlidir.

- Söhbət hansı səhvlərdən gedir? 

- Məsələn, Amerika İraqa soxulmaq, rus oliqarxları ilə daha yaxın münasibətlər qurmaq, Rusiyanın güclənməsinə imkan vermək, fərqli-fərqli bölgələrdə demokratiyaların müdafiəsindən çəkilib yalnız öz korparativ maraqlarını düşünmək. Bunlar böyük səhvlər idi və ABŞ bunu etdi.

- Amma biz bilirik ki, Sovet ittifaqının dağılmasında da bu oliqarxiyanın genişlənməsinin təsirləri var idi. Məsələn, ittifaqdakı yüksək çinli məmurlar sərvətlərini SSRİ daxilində təhlükəsiz hesab etmirdi, sərvətlərini çıxartmaq üçün açılım lazım idi və ona görə də ittifaqın dağılmasına böyük töhvə verdilər. Sizcə, Qərb bunu da nəzərə almırmı?

- O epizod SSRİ-nin son dövrlərində olan epizoddur. Hər zaman bu belə olubdur deyə bir şey yoxdur. Məsələ ondadır ki, birqütblü sistem yaranmışdı, bundan demokratik ölkələr, o cümlədən ABŞ yararlana bilmədi. İndi də Çin və Rusiya kimi avtoritar ölkələr özlərində güc tapıb meydan oxumağa başlayıblar.

- Azər bəy, biz gördük ki, S400 raketləri məsələsində Qərb Türkiyəyə çox sərt reaksiya verdi, amma Şimal Axını-2 məsələsində Almaniyanın yanaşmasına görə bu reaksiya verilmir. Hansı ki, Şimal Axını-2 Amerikanın öz dili ilə desək, həyati məsələdir. Bu məsələdə Avropadan ciddi dəstək ala bilmir. Sizcə, Amerika təklənməyib?

- Yox, təklənməyib. Mən dediyim məsələdir burada da. ABŞ öz legitimliyini itirib. İtirə-itirə gedirdi, Tramp hakimiyyəti dövründə də tam itirdi. İndi Bayden bunu düzəltməyə çalışır. Artıq Almaniya kimi fərqli-fərqli ölkələr də deyirlər ki, bizim öz maraqlarımız var, ümumi maraqlar yoxdur. Elə bil hər kəsin ABŞ-dan gözləntiləri var idi, ABŞ isə dedi ki, mən özümə qapanıram. NATO-da əsas güc dövlətdir, NATO-nun maliyyəsini azaltdı və s. Bu da belə vəziyyətə gətirib çıxardı.

- Biz bilirik ki, Rusiyanın əsas gəlirləri qaz satışındandır və Avropa ölkələrdə hardasa bu qazdan asılıdır. Bunu dəyişmək mümkün deyilmi? Məsələn, Qara dənizdən Avropaya yeni boru xəttinin çəkilməsinə mane olan nədir? Bu ideya da var idi örən ilin sonlarında, amma hələlik bir hərəkətlilik yoxdur. Sizə bu asılılığı necə azaltmaq olar?

- Bilirsiniz, hələlik bu mümkün deyil. Düzdür, Türkiyədə, İsraildə yeni qaz yatağları kəşf olunub, ancaq burada da kəşf olunan kimi qaz çıxarılacaq deyə bir şey yoxdur. Çünki məsələnin texniki tərəfləri var və zaman lazımdır. Ümumilikdə isə gələcəyə doğru baxsaq, iki əsas ideya var: biri Avropaya yaxın ərazilərdə yeni qaz yataqları kəşf etmək, digəri isə kəşf edilmiş yataqlardan yararlanmaq. Nəticə etibarı ilə isə Avropa gələcəkdə Rusiyanın təsirindən çıxacaq. Hətta Norveç kimi ölkə hazırlaşır ki, 2030-cu ilə kimi 50/60% yaşıl enerjiyə keçsin.

- Yaşıl enerji demişkən, biz bilirik ki, dünyada böyük dövlətlərin əksarəiyyəti neft-qaz istehsalçısı və ixracatçsıdır. Demək olar neft-qaz bütün regionların iqtisadiyyatından sütun rolundadır. Belə olan halda hansı gücə bu yaşıl enerjidə maraqlı olar?

- Əgər siz dediyiniz bu vəziyyət olmasaydı, dünya çoxdan yaşıl enerjiyə keçərdi. Çünki bu texnologiyalar çoxdan icad olunub. Böyük neft şirkətləri var, neft ixracatçısı olan böyük ölkələr var. Onlar onun marağındadırlar ki, neftləri dünyaya satılsın. Yəni bunun lobbiçiliyini edən çox böyük qüvvələr var ki, onlar istəmirlər dünya yaşıl enerjiyə keçsin. Bunun üçün milyardlarla pul tökürlər. Kim qarşısını ala bilər?

- Azər bəy, Ukrayna, Suriya, Qarabağ kimi müxtəlif regionlarda hərbi gərginliklər yaşanır, yaxın zamanlarda böyük hərbi əməliyyatlar gözləyirsinizmi?

- Mən düşünmürəm ki, Yaxın Şərqdə Suriyaya müdaxilə olsun. Qərb Suriyada Türkiyənin vasitəsi ilə mövcudluğunu qoruyur. Amma Ukrayna məsələsində Qərb daha yaxından iştirak edəcək. Ukraynada müharibə gözləniləndir. Bu ehtimal çox yüksəkdir. Kırımın geri qaytarılacağını isə artıq düşünmürəm. Kırım getdi. Hər şey ona doğru gedir ki, Kırımı Donbasla dəyişəcəklər. Elə bir məqam gələcək ki, həm Qərb, həm də Rusiya buna hazır olacaqlar. Böyük ehtimalla razılaşma da bunun üzərində olacaq.

- Biz ümumilikdə dünyada baş verən hadisələrdən danışdıq. Son sual ondan ibarətdir ki, sizcə Azərbaycan bu yeni səhnənin harasında rol almalıdır?

- Mən hesab edirəm ki, Azərbaycan ümumən Qərb yolunu tutmalıdır. Biz həmişə dünyaya Rusiyanın üzərindən açılmışıq. Rusiya bizim üçün bu məsələdə bir pəncərə olub. Bunun müsbət tərəfi də olub ki, Rusiya özü inkişaf edərək bölgə ölkələrini də inkişaf etdirib. Bu baxımdan müsbətdir. Hətta ADR-nin liderlərinə baxsanız görərsiniz ki, onların əksəriyyəti Sankt-Peterburq universitetinin tələbələridir. Hətta Topçubaşov kimi adam Rusiya dumasının deputatı idi. Məsələn Rusiyanın deyil, İranın tərkibində olsaydıq böyük ehtimalla bu imkanlar olmayacaqdı. Lakin yenə də mən düşünürəm ki, bu Rusiya üzərindən dünyaya açılmaq ənənəsinə son qoymaq lazımdır. Müstəqil olduğumuza görə dünyaya Rusiya üzərindən deyil, birbaşa açılmalıyıq. Azərbaycan tamamilə müstəqil olmalıdır. Biz özümüz yeni bir şeylər yaratmalıyıq və dünyaya tamamən açılmalıyıq. Bunun da yolu Avropaya inteqrasiyadan keçir. Təbii ki, təhlükəsizlik məsələlərin də unutmaq olmaz. Mən düşünürəm ki, bizim üçün ən yaxşı model Finlandiya modeli ola bilər. Yəni Azərbaycan Avropaya inteqrasiya edir, sazişlər imzalayır, ancaq NATO kimi hərbi bloklara üzv olmur. Finlandiya kimi. Rusiyaya açıq mesaj verməlidir ki, əgər siz bizim müstəqilliyimizi tanımırsınızsa, suverenliyimizi tanımırsınızsa, ərazi bütövlüyümüzü qəbul etmirsinizsə, biz də hərbi bloklara üzv olacağıq. Bunu istəmirsinizsə, dediklərimizi qəbul edin, Azərbaycan da üzərinə öhdəlik götürə bilər ki, heç bir hərbi bloka üzv olmayacaq. Heç bir ölkənin Azərbaycanda hərbi bazası olmayacaq. Bunu Finlandiya etdi. Finlandiya uzun illərdir Avropa Birliyinin üzvüdür, lakin azsaylı ölkələrdəndir ki, NATO üzvü deyil. Çünki vaxtilə SSRİ qarşısında öhdəlik götürüb ki, SSRİ onun müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü tanıdığı müddətdə heç vaxt hərbi blokların üzvü olmayacaq. Eynisini Azərbaycan Rusiyaya təklif etməlidir və Rusiya bunu qəbul etsə, buna getməlidir"

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun