Ərdoğanın admiralları 3-cü dəfə həbs etməsinin səbəbləri - Şahin Cəfərli

Ərdoğanın admiralları 3-cü dəfə həbs etməsinin səbəbləri - Şahin Cəfərli
5 Aprel 2021
Mətni dəyiş
Şahin Cəfərli Ərdoğan kamalist-avrasiyaçı general-admiralları “3-cü kruq” tutdurmağa başlayıb. (“Ergenekon” və “Balyoz”dan sonra.)
Söhbət aprelin 4-nə keçən gecə bəyanat imzalayaraq Türkiyənin Montrö dəniz hüququ Konvensiyasından çıxması ehtimalı və Dəniz Qüvvələri komandanlığında təriqətçi admiralın peyda olması ilə əlaqədar narahatlığını ifadə edən 104 istefada olan admiraldan gedir.
Bu admiralların bir çoxu “Ergenekon” və “Balyoz” cinayət işləri çərçivəsində istintaqa cəlb olunmuş və həbsdə yatmışdılar. 15 iyul 2016-cı il “çevriliş” olayından sonra bu şəxslər və onların təmsil etdiyi ideoloji-siyasi cərəyanla (ulusalcılıq) Ərdoğan hökuməti arasında qeyri-rəsmi ittifaq yarandı. Bildirildi ki, qanunsuz repressiyaların müəllifi FETÖ olub. ABŞ və Qərb dünyası ilə əlaqələrin soyumasına paralel olaraq, Türkiyənin Qərb blokundan qopub, üzünü Avrasiyaya çevirməsini, Rusiya və Çinlə yaxınlaşmasını, çoxqtüblü dünya düzənini dəstəkləyən və təbliğ edən bu çevrələrə geniş meydan verildi. Onlar prezident Ərdoğanın antiqərb məzmunlu çıxışları və bu yöndə bəzi praktik addımlarından (Rusiya ilə yaxınlaşma) ruhlanaraq nəhayət ki, öz vizyonlarının dövlət siyasətinə çevrilməsi şansını yaxaladıqları fikrinə qapılaraq güclü avtoritar liderin bu istiqamətdə tarixi bir şans olduğunu düşündülər. Həmin paşalar gecə-gündüz telekanallarda bu siyasətin ideoloji əsaslandırması ilə məşğul olur, Rusiya və Çinlə müttəfiqliyin Türkiyənin qarşısında böyük üfüqlər açacağından dəm vurur, S-400-ün timsalında Rusiya silahlarının nə qədər modern, Amerika silahlarının isə texnoloji cəhətdən nə qədər geri qalmasından danışır, uyğur məsələsinin Qərb imperializminin oyunu olduğunu vurğulayır, bu yöndə ictimai rəy formalaşdırırdılar. Onların bir çoxu prezident üsul-idarəsinin tətbiqini də dəstəklədilər.
Bu adamlar Ərdoğanın ilk növbədə öz hakimiyyət maraqları əsasında dinamik və beynəlxalq konyukturun dəyişməsinə paralel, mütəhərrik siyasət yeridən usta bir siyasət mühəndisi və taktik olduğu gerçəyini nəzərə almadan hesab edirdilər ki, öz geosiyasi konsepsiyalarını gerçəkləşdirmək üçün Ərdoğanın timsalında dövlət gücündən istifadə edə biləcəklər. Halbuki tam əksinə, Ərdoğanın dönəmin şərtlərinə uyğun olaraq onlardan və digərlərindən istifadə etdiyini və “son kullanım tarixləri” bitincə bir kənara atacağını hesablaya bilmədilər.
Həmin admiralların irəli sürdüyü “Mavi vatan” doktrinasının rəsmi siyasətə çevrilməsi onları ümidləndirən və daha da ön plana çıxaran gəlişmə idi. “Mavi vatan” Türkiyənin dənizlərdə (Egey, şərqi Aralıq) öz maraqlarını (ərazi suları, müstəsna iqtisadi bölgə) güzəştsiz və aqressiv şəkildə təmin etməsini ehtiva edən doktrinadır. Lakin bu doktrinanın qısa bir periodda dövlət siyasətinə çevrilməsi Türkiyənin regiondakı rəqiblərinin (ərəb və yunan dövlətləri + İsrail) bloklaşmasına, ABŞ və AB-nin də onlara dəstək verməsinə, Yunanıstanın heç vaxt olmadığı qədər nüfuz qazanmasına və son nəticədə Türkiyənin tamamilə təklənməsinə gətirib çıxardı. Orta Şərqdə yeganə müttəfiq - Qatar da Səudiyyə ilə anlaşdı. Üstəlik, ihvançılığa əsaslanan Orta Şərq siyasəti də iflasa uğradı. (Son həftələrdə Ankara ölkədəki misirli ihvançıların fəaliyətini məhdudlaşdırmağa başlayıb.)
Nəticədə Türkiyə hökuməti “Mavi vatan”ın həyata keçirilməsindən yavaş-yavaş geri durmağa başladı və Yunanıstanla masaya oturmağa, ərəb dünyasının liderləri (Səudiyyə, Misir, BƏƏ) və İsraillə münasibətləri təmir etməyə qərar verdi. Əvvəlcə bu doktrinanın elmi-akademik əsaslandırmasının müəllifi, Dəniz Qüvvələrinin qərargah rəisi Cihat Yaycı istefaya göndərildi, bu gün isə “Mavi vatan” termininin müəllifi, 4 aprel bəyanatının da əsas tərtibçilərindən olan admiral Cem Gürdeniz həbs olunub. (Bu şəxs Azərbaycan Xalq Cümhuriyyətini ingilislərin kukla dövləti adlandırmışdı və Rusiya rəsmi mediasının sevimlisi idi.)
Sonda qeyd edim ki, sırf hüquqi baxımdan yanaşdıqda paşaların 3-cü həbsinin də əvvəlkilər kimi qununsuz olduğu ortadadır. (Əminəm ki, uzun müddət içəridə qalmayacaqlar.) Bu, ilk növbədə Türkiyə Ana Yasasında təsbit olunmuş söz, ifadə azadlığına zidd olmaqla, prezident Ərdoğanın cəmi 1 ay əvvəl elan etdiyi İnsan Haqları üzrə Fəaliyyət Planında yazılanlara da 180 dərəcə zidd addımdır və həmin planın nə qədər qeyri-ciddi sənəd olduğunu bir daha göstərir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun