Ələsgər Məmmədli: "Dövlət kommersiya qurumu deyil ki, ona həvəsləndirici mükaflatlar verilsin"

Ələsgər Məmmədli: "Dövlət kommersiya qurumu deyil ki, ona həvəsləndirici mükaflatlar verilsin"
7 Aprel 2021
Mətni dəyiş

Azərbaycanda cinayət işi və bəzi inzibati cərimələrdən büdcəyə daxil olan vəsaitlərin bir hissəsi prokurorluq işçilərinin sosial müdafiəsini gücləndirmək və prokurorluq orqanlarının maddi texniki bazasının möhkəmləndirmək məqsədi prokurorluğun xəzinə hesabına köçürüləcək. Bununla bağlı “Prokurorluq haqqında” qanuna dəyişiklik edilir. Azərbaycanda bir çox dövlət qurumu cərimələrdən əldə edilən gəlirdən pay alır. Bəs görəsən, bu nə qədər doğrudur?

Abzas.net məsələ ilə bağlı mütəxəssislərlə danışıb.

Hüquqşünas Ələsgər Məmmədli deyir ki, bu yanaşma yeni deyil, artıq uzun müddətdir ki, bu gəlirlər müxtəlif dövlət qurumları arasında bölüşdürülür. Yəni, hansı dövlət orqanı bu cərimə işini aparırsa, cərimədən bir neçə faiz onun payına düşür.

Onun sözlərinə görə, bu da dövlətin funksionallığı ilə ciddi ziddiyət təşkil edir.

"Dövlət qurumları daim və sistemli şəkildə işləməlidir. Dövlət kommersiya qurumu deyil ki, ona hansısa həvəsləndirici mükaflatlar verilsin. İndiki halda isə bu qərar ona gətirib çıxaracaq ki, müxtəlif dövlət qurumları işə daha çox pozuntu olsun, daha çox cərimə edək baxışı ilə yanaşacaqlar, yəni obyektiv maraqlardan yox, subyektiv maraqlardan çıxış edəcəklər və bu da problemlərə yol açacaq. Daha yaxşı olardı ki, bu pullar büdcədə toplansın və oradan bu qurumlara birbaşa ödənişlər olsun", - deyə hüquqşünas Ələsgər Məmmədli bildirib.

İqtisadçı ekspert Qubad İbadoğlu da deyir ki, bu hərtərəfli ziyanlı prosesdir.

Onun sözlərinə görə, dövlət orqanlarında geniş yayılan bu proses onlara əlahiddə səlahiyyət verir.

"Bu qərar cərimələri stimullaşdırır, çünki çox cərimə, cərimələrdən çox pay götürmək deməkdir. Eyni zamanda bu pulları öz işçilərinin sosial müdafəsi adı altında başqa təyinatlara istifadə imkanları yaradır. Ən pisi də odur ki, bunun üçün dövlət qurumlarında yaradılan fondlar şəffaf, hesabatlı deyillər. Ora nə qədər vəsait daxil olduğu və hara xəricləndiyi detallı olaraq açıqlanmır. Bu da korrupsiya imkanları yaradır", - deyə o, vurğulayıb. Ekspert deyir ki, bu bu pulu hansı qurum toplayırsa və hansı qurumun o pulla bağlı sərəncam vermək hüququ varsa, o qurum bu pullardan istədiyi kimi istifadə edir.

Onun sözlərinə görə, ona nəzarət etmək olmur ki, ora yığılan vəsaitlər nə qədər təyinatı üzrə istifadə olunacaq.

"Nəzərə alsaq ki, hüquq mühafizə orqanları, prokurorluq, xüsusi xidmət orqanları Azərbaycan dövlət büdcəsindən ən çox vəsait götürən orqanlardır, maaşları da orta aylıq əmək haqqı rəqəmindən yüksəkdir, ona görə də hesab edirəm ki, bu yanaşma düz deyil və əhalinin daha çox cərimə edilməsinə xidmət edəcək", - deyə iqtisadçı ekspert Qubad İbadoğlu bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun