Nərmin Şahmarzadə: "Hökümət qorxur ki, get-gedə daha çox insan küçəyə çıxıb öz haqqını tələb edər"

Nərmin Şahmarzadə: "Hökümət qorxur ki, get-gedə daha çox insan küçəyə çıxıb öz haqqını tələb edər"
17 Mart 2021
Mətni dəyiş

Builki 8 mart günü feministlərin keçirdiyi aksiyadan sonra polis zorakılığına məruz qalan feminist fəal Nərmin Şahmarzadənin həm də facebook hesabına kiberhücum olunub, onun hesabı qırılaraq şəxsi yazışmaları yayılıb.

Fəal bildirir ki, onun bir sıra şəxsi yazışmaları montaj edilərək sosial şəbəkələrdə yayılıb. N.Şahmarzadə bu işdə polisi günahlanıdır. Abzas-a müsahibəsində o başına gələnlər və bundan sonra atacağı addımlar haqda əhatəli danışıb.

- Nərmin, 'Facebook' hesabın sındırıldıqdan sonra sən açıqlama yaydın ki, hesabının polis, yaxud hökümət nümayəndələri tərəfindən sındırıldığını ehtimal edirsən? Necə oldu ki, bu fikrə gəldin, səni saxlayanda polis işçiləri mobil telefonunu əlindən alıb şəxsi hesablarını ələ keçirdiklərinimi düşünürsən?

- Mənim telefonumu əlimdən almamışdılar. Mən telefonumu ümumiyyətlə verməmişdim. İkinci dəfə saxlanılanda əlimdə gördülər, məcbur almağa çalışırdılar, vermədim. Maşına oturandan sonra aldılar, qoydular maşına ki, çəkiliş eləməyim. Amma orda nəyəsə girməyiblər, çünki gözümün qabağında idi.

İki ehtimal var ki, birincisi budur ki, bunlar Azercell-ə əməkdaşlıq ediblər. Martın 8-dən 9-na keçən gecə hesabımı sındırıblar, amma mənim nə mail ünvanıma, nə də telefonuma heç bir sms, yaxud da bildiriş gəlməyib. Heç nə olmamış kimi. Daha sonra mən müraciət etdim ki, facebook şifrəmi dəyişim baxdım ki, mail ünvanımı və telefon nömrəmi dəyişiblər. Ondan əvvəl də şifrəmi dəyişdirmək üçün müraciət edirdim, amma Azercel mənə sms gəlmirdi. Sonra şəxsiyyət vəsiqəmlə müraciət edəndə mailimdən mənə bildirildi ki, bu maildən artıq sənin şəxsiyyət vəsiqənlə müraciət olunub. Burdan başa düşdüm ki, mailimi bu iki üsulla sındırıblar.

Qış parkında polis təhdid etmişdi məni. Polis dedi ki, sənin barəndə ciddi tədbir görəcəyik, sən görərsən. Bir də facebookdakı profilim qırılandan sonra girib yazdığım polisə aid tənqidləri, videoları silmişdilər. Yəni məhz polislə bağlı neqativ paylaşımlarımı silmişdilər. Ona görə də profilimin qırılmasında polisdən şübhələnirəm.

- Azərbaycan hakimiyyəti əsasən özünə rəqib gördüyü siyasi qüvvələrlə mübarizə aparır, ancaq feministlərin hakimiyyətə gəlmək kimi bir iddiası yoxdur, onda nəyə görə hakimiyyət sənə və digər feminist fəallara təzyiqlər edir, susdurmağa çalışır?

- Bizi ona görə belə sıxışdırırlar ki, biz silsilə şəkildə hər il aksiya eləyirik və hər il aksiyada iştirak edənlərin sayı artır. Və bu da onları ona görə narahat edir ki, artıq insanların küçələrə çıxıb öz haqqını tələb etməsi və get-gedə daha çox adamın çıxması onların kontrolundan çıxa bilər. İkinci məsələ odur ki, bizi Polis Akademiyasında görüşə dəvət eləmişdilər və biz o görüşü rədd etmişdik. Ola bilsin buna görə də bizi cəzalandırmaq istəyirlər. Üçüncü məsələ də odur ki, biz onları tənqid edəndə eyni növ şeylərə çox fokuslanırıq.  Bu da onları narahat edir ki, başqa sahələrdə yeni akstivistlər yarana bilər, onlar da bu ritorikanı davam elətdirib onlardan çox kəskin şəkildə tələblər edə bilərlər.

Həmçinin dövlət çalışır ki, həmişə qadın qətllərində cəmiyyəti günahlandırsın.  Ancaq biz göstərməyə çalışırıq ki, qadın qətilləri siyasidir. Cəmiyyətə aid edilən nəyinsə əslində siyasi olduğunu belə yüksək səslə deyən başqa qruplar yoxdur, gözə batmır. Bir də biz Hökümət Evi qarşısında aksiya etmişdik, plakat açmışdıq. Bu özü də onları qıcıqlandıra biləcək səbəblərdən biridir.

[caption id="attachment_97874" align="alignnone" width="1000"] Nərmin Şahmarzadə aksiyada saxlanılarkən.[/caption]

- Sənə qarşı edilən zorakılıq və kibercinayətkarlığa görə nə polisə müraciət edibsənmi, polis hər-hansı tətbir görübmü?

- Həm aksiya zamanı mənə qarşı edilən zorakılıqla bağlı, həm də məhz bu facebook hesabıma olan kiberhücum və s. məsələlərlə bağlı polisə artıq müraciət olunub, məhkəməyə də verəcəyəm. Amma mən düşünmürəm ki, onlar dərhal tətbir görəcəklər, geriyə çəkiləcəklər yaxud da dayanacaqlar. Mən axıra qədər gedəcəm, Avropa məhkəməsinə də verəcəyəm və s. Əlbəttə ki, onlar dayanmayacaqlar. Onlar istəyirlər ki, bizim gözümüzü qorxutsunlar. Gücülü hesab etdikləri adamları zədələməyə çalışırlar ki, həm onların özünü incitsinlər, həm də digərlərinə bir görk olsun. Yəni “Bunu nə günə qoyduq, səni də bu günə qoyarıq” – bunun üçün maksimum güclü qalmaq lazımdır və maksimum davam eləmək lazımdır ki, arzularına çata bilməsinlər. Ona görə də aktivist fəaliyyətimi axıra qədər davam etdirəcəm.

- Hökümət daim feministləri qrant almaqda və bu qranta görə ictimai fəallıq göstərməkdə günahlandırır. Həmçinin sənin haqda da belə iddialar edirlər. Sən özün hansısa feminist təşkilatın üzvüsənmi və şəxsən qrant alıbsanmı? Səncə qrant mövzusunu hökümət niyə hər dəfə qabardır, bunu ayıb bir iş kimi təqdim etməyə çalışır?

- Məsələ belədir ki, mən istisnasız olaraq heç bir təşkilatın üzvü deyiləm. Hətta feminist təşkilat, yaxud başqa bir təşkilat olsun və heç bir yerdən də nə maliyyələşirəm, nə qrant alıram və s. İndiyə qədər heç bir xüsusi canfəşanlıq eləyib harasa qoşulmamışam. Mən psixoloq kimi işləyirəm. Özü də təkcə bu ildən yox, artıq iki ildir işləyirəm. Ofisim var idi özümün. Üstəgəl qonorarla yazılar yazmışam, videolar çəkmişəm. Həmçinin uzun müddət riyaziyyatdan repetitorluq eləmişəm.

Mən feminizmə  gəlir mənbəyi kimi baxmamışam. Ancaq belə baxmaq da ayıb deyil. Ümumiyyətlə insanlar yaxşı yaşamalıdırlar ki, yaxşı işləyə bilsinlər. İstənilən ideologiyanın əsasında dayanan şeylərdən biri də yaxşı düşünməkdir, yaxşı mütaliə etməkdir. Bunun üçün də sənin günün-güzəranın yaxşı olmalıdır. Hansısa feminist tutaq ki, hansısa bir layihə icra edirsə mənə elə gəlir burda bir problem yoxdur.

Mən özüm indiyədək cəmi bir layihədə koordinator olmuşam, vəssalam. Orda da mən xüsusi bir təşəbbüs göstərməmişəm.

Qrant layihəsinə qalınca qrant dövlətə xəyanət deyil. Çünki qrantlar adətən iyanələrdən formalaşır, fondlar isə müxtəlif humanitar yardımlar məqsədi ilə o pulları ayırır. Dünyanın zəngin ölkələrinin feministləri müəyyən büdcə ayırırlar ki, bu büdcə ilə inkişaf etməkdə olan ölkələrin feministlərinə dəstək olsunlar, oralarda feminizmi inkişaf etdirsinlər. Burda anormal bir şey yoxdur.

Qrant almaq ayıb deyil, qrantı qeyri-sağlam yolla xərcləmək ayıbdır. Əsas odur ki, onu sağlam şəkildə işlədə biləsən. Feminizmlə də bağlı qrant alıb faydalı kitablar tərcümə etmək olar, çap etmək olar. Bu heç bir halda ayıb deyil, sadəcə onu mənimsəmək ayıbdır.

Qrant almağın ayıblığı haqda ritorikanı ən çox hökümət aktivistlərə qarşı istifadə edir, çünki onun özü belə mənimsəmə ilə məşğul olur. Məsələn, yolların təmirinə 5 milyon ayırırlar, onun 2 milyonunu yola ayırıb, 3 milyonunu ciblərinə qoyurlar. Beləcə dövlət büdcəsindən oğurluq edirlər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun