İranın vitse-prezidenti: "Qadınların və sünnilərin hüquqlarının pozulduğunu qəbul edirəm"

İranın vitse-prezidenti: "Qadınların və sünnilərin hüquqlarının pozulduğunu qəbul edirəm"
1 Mart 2021
Mətni dəyiş

İranın birinci vitse-prezidenti İsak Cahangiri İranda qadınların və sünnilərin hüquqlarının pozulmasına dair tənqidləri qəbul etdiyini bildirib.

Cahangiri deyib ki, gənclərə, qadınlara, fərqli etnik qruplardan olan insanlara İranın gələcəyi ilə bağlı ümid verməliyik.

İranın Tələbə Xəbər Agentliyi (ISNA) xəbər verir ki, o, bu fikirləri Gülüstan vilayətində iştirak etdiyi bir verilişdə ölkədəki problemlərdən danışarkən deyib.

İnsanların dinindən, məzhəbindən və etnik kimliyindən asılı olmayaraq bərabər hüquqlara sahib olduğunu deyən Cahangiri əlavə edib ki, o, sünnilərin və qadınların hüquqlarının pozulduğunu qəbul edir.

O bildirib ki, hökumət rəhbər vəzifələrdə qadınların sayını artırmağa çalışır və sünnilərin problemlərinin həlli də hökumətin məsuliyyətindədir.

"İranın beynəlxalq aləmdə daha güclü bir imicə sahib olması üçün iyun ayında keçiriləcək prezident seçkilərində iştirak faizi yüksək olmalıdır", - deyə İranın vitse-prezidenti bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun