Elman Fəttah: "Hakimiyyət əksər siyasi qüvvələri özünün avtoritar qayğısı altına alıb"

Elman Fəttah: "Hakimiyyət əksər siyasi qüvvələri özünün avtoritar qayğısı altına alıb"
25 Mart 2021
Mətni dəyiş

2020-ci ilin əvvəllərindən etibarən Azırbaycanda iqtidar-müxalifət dialoqu adı altında siyasi partiyaların prezident aparatında görüşləri baş tutur. Ölkə ictimaiyəti tərəfindən birmənalı qarşılanmayan görüşlərdə hakimiyyəti Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev təmsil edir. 

Vəliyev bundan əvvəl mətbuata açıqlamasında bildirib ki, müxlifətlə hökumətin yaxın təmaslarından sonra bir çox müxalifət partiyasının sədrinin özünün və yaxınlarının şəxsi problemi həll olunub və bir çox partiyalar dövlət dəstəyi ilə təmin olunub. Ancaq ilk dövrlər bu görüşlərin ölkədə siyasi islahatların həyata keçirilməsində böyük rol oynayacağı bildirilirdi. Bəs görəsən, 2020-ci ilin əvvəlindən bu günə kimi nə dəyişib?

Abzas.net məsələ ilə bağlı siyasi şərhçi Elman Fəttaha suallar ünvanlayıb. Müsahibəni təqdim edirik:

- Elman bəy, biz 2020-ci ilin əvvəllərindən Azərbaycanda "iqtidar-müxalifət" dialoqu adı altında baş tutan görüşlərin şahidi oluruq. Sizcə bu proses elan olunan məqsədlərinə çatırmı?

- Ötən ilin əvvəlindən start götürən prosses, hansını ki, hökümət rəsmiləri “siyasi dialoq” adlandırır bu, bir tərəfli prossesdir. Bu prossesdə hökümət özünün avtoritar iradəsini bütün siyasi qüvvələrə həzm etdirmək niyyəti güdür. Ölkədə uzun illərdir davam edən siyasi proseslərin ardıcıllığını izləyən hər kəsə aydındır ki, Əliyevlər hakimiyyəti Azərbaycanda möhkəm avtoritar rejim quruculuğunu tamamlamaq niyyətindədir. Şərti bölgü aparmış olsaq, 2003-2007-ci illəri rəqib siyasi qüvvələrin küncə sıxışdırılması dövrü, 2008-2015-ci illəri yumşaq avtoritarizmdən sərt avtoritarizmə keçid dövrü, 2016-2020-ci illəri isə qrup avtoritarizmindən ailə avtoritarizminə keçid və bunun konstitusioanal əsaslarının formalaşdırılması dövrü saya bilərik.

Hakimiyyət texnoloqlarına görə yuxarıda qeyd olunan mərhələlər “uğurla” başa çatdığına görə, artıq son mərhələyə, mövcud siyasi hakimiyyətə qarşı həqiqi alternativ siyasi qüvvələrin tam ləğv edilməsi mərhələsinə start verilməsinin zamanı çatıb. Bir ildir davam edən “hakimiyyət-müxalifət” görüşlərinin də əsas siyasi istiqaməti budur: ölkədəki siyasi qüvvələrə avtoritar hakimiyyətin qayğısı təklif olunur. Qəbul edənlərə siyasi alternativlikdən faktiki imtinanın qarşılığında xırda imtiyazlar verilir, qəbul etməyənlər isə “siyasi düşmən” hədəfinə oturdulur. Hazırda biz bu seleksiyanı aydın şəkildə müşahidə edə bilirik. Hakimiyyət əksər siyasi qüvvələri özünün avtoritar qayğısı altına alıb. Bu qayğıdan imtina edən siyasi qüvvələrə isə özünün avtoritar yumruğunu hazırlayır.

“Elan olunan məqsədlər” ifadəsinə isə ikibaşlı yanaşmaq lazım olacaq. Əgər söhbət ritorikadakı “islahat, siyasi dialoq, milli həmrəylik” ifadələrindən gedirsə, bu fiksiyadır. Amma söhbət hakimiyyətin məqsədlərindən gedirsə, hansıları ki, yuxarıda qeyd etdik, bəli bu kontekstdə hakimiyyət məqsədlərinin əhəmiyyətli hissəsinə nail olub.

-  Müharibədən əvvəlki hədislər, müharibə dövrü və sonra olanlar Azərbaycanda hansısa sahədə müsbət dəyişikliyə doğru iradənin olduğunu göstərirmi?

- Baxır hansı sahədə. Hər halda hamını heyrətləndircək həddə uğurlu hərbi əməliyyatlar keçirildi. 30 ildir işğal altında olan rayonlar, Şuşa azad edildi. Azərbaycan ordusunun hərbi naliyyətləri bütün dünyanın müzakirə mövzusu oldu. Bu kontekstdə qəti iradənin olduğunu gördük.

Söhbət ölkənin ictimai-siyasi mühitində müsbət dəyişiklikdən gedirsə, bu istiqamətdə hakimiyyətdən iradə nümayişi gözləmək sadəlövhlükdür. Biz yuxarıda ölkənin siyasi gələcəyi ilə bağlı hakimiyyətin niyyətinin nədən ibarət olduğunu sadaladıq. Bunlar yaxşıya doğru yox, pisə doğru dəyişiklikləri ehtiva edir.

- Son əfv sərəncamından sonra Azərbaycanda siyasi məhbus problemi tam həllini tapmadı. Sizcə bu problemi tam həll etmək üçün hökumətə nə mane oldu?

- Siyasi məhbus problemi Azərbaycan avtoritarizminin heç vaxt tam həll etməyəcəyi problemdir. Bu problem hansısa hüqüqi çatışmazlıqdan, yaxud məmur özbaşnalığından meydana gəlmir. Siyasi məhbus problemi şəxsən İlham Əliyevin idarə etdiyi siyasətdir. Situasiyaya görə problemin həcmini böyüdür və ya kiçildir. Əfv sərəncamları da bu problemin idarə olunması instrumentidir. Yəni İlham Əliyevdən siyasi məhbus probleminin tam həllini gözləmək rasional yanaşma deyil. Biz ondan problemi qismən həll etməsini gözləyə, çox böyütməməsinə ümid edə bilərik.

- Yenə müxtəlif çevrələrdə erkən parlament seçkiləri ilə bağlı söz-söhbət gəzir. Sizcə hökumətin indi buna ehtiyacı varmı? Konkret olsaq, ötən ildəki seçkilərdə nə etmək istəyirdi ki, edə bilmədi və indi edəcək?

- Ötən parlament seçkilərində hökümətin nə etmək istədiyini, düzü, heç indi də tam izah etmək olmur. Seçkidən əvvəl ağlabatan proqnoz bu idi ki, hökümət qrup avtoritarizmindən ailə avtoritarizminə keçid prosesinin parlament mərhələsini də həll etmək istəyir. Ancaq seçkinin elan edilən nəticələri ənənəvi tərkibdə elə də böyük dəyişikliklər olmadığını göstərdi. Bu baxımdan güman etmək olar ki, hakimiyyət daxili transformasiya prosesinin parlament mərhələsinin tamamlanması üçün yeni seçkilər keçirilsin.

O ki qaldı erkən parlament seçkilərinin keçirilməsi ehtimalına, bunun üçün siyasi arqumentlərin mövcudluğuna ehtiyac yoxdur. Hakimiyyət seçkilərin növbədənkənar keçirilməsini artıq ənənəyə çevirib. Yeni parlament seçkilərinin də erkən keçirilməsi ehtimalını inkar edəcək arqument yoxdur.

- Yenə biraz əvvələ qayıdaq, biz görürük ki, 50-dən çox partiya sədri hökumət nümayəndələri ilə işğaldan azad olunmuş ərazilərə gedir. Ümumiyyətlə, az qala bütün addımlarını "milli birlik" adı altında koordinasiya edirlər, bu siyasətdə normal qəbul olunan haldırmı? Hansı praktikada belə şey var?

- “50-dən çox siyasi partiya” formulu məhz milli birlik ifadəsinin statistik arqumentidir. Bir daha təkrarlamış olsaq, hökümət qayğısı altına aldığı siyasi subyektləri özünün “milli birlik” lozunqunun protokoluna salır. Onlardan bəziləri artıq hakimiyyətin hegomon partiya strategiyasi çərçivəsində YAP-a rəsmi şəkildə birləşib. Digərləri də satellit funksiyasını icra edəcək. Bu hadisələrin siyasətdə normal sayılması məsələsinə gəldikdə, problem görüntüdə deyil, prosesdədir. Görüntü normaldır. Siyasi qüvvələr müxtəlif səbəblərdən bir araya gələ, funksional olaraq ortaq mövqe sərgiləyə bilərlər. Ancaq proses başqadır. Bu görüntülər hansısa ortaq mövqenin nümayişi yox, bütövlükdə hakimiyyətin qayğı siyasətinə tabeçiliyin növbəti təzahürüdür.

- Bütün bu baş verənlər nə deyir, Azərbaycan hara gedir? Azərbaycan ənənəvi istiqamətdə yoluna davam edir. Avtoritarlaşma prosesində “əmin” addımlarla irəliləyir. Sual ritorikdir, əslində Azərbaycan hakimiuyyətinin beynəlxalq avtoritar koalisiyanın fəal üzvü olması hamıya aydındır. Ölkəmiz də bu beynəlxalq əməkdaşlığın diktə etdiyi istiqamətdə gedir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun