Çempionlar Turunda final görüşləri başlayır

Şahmat üzrə norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun IV mərhələsində bu gün final və 3-cü yer uğrunda görüşlərə start veriləcək.

“Magnus Carlsen Invitational” adlanan yarışın həlledici raundunda niderlandlı Aniş Giri ilə Rusiya təmsilçisi Yan Nepomnyaşi üz-üzə gələcək. Giri yarımfinalda ABŞ-dan olan Uesli Sonu, Nepomnyaşi isə yarışın təşkilatçısı Maqnus Karlseni mübarizədən kənarlaşdırıb. 3-cü yer uğrunda görüşdə So ilə Karlsen üz-üzə gələcək.

İki gün davam edəcək qarşılaşmalar 4 rapid, 2 blits partiya və ehtiyac yarandıqda armageddon olmaqla, 2 görüşdən ibarət olacaq.

20 mart

“Magnus Carlsen Invitational”

İlk görüşlər

3-cü yer uğrunda görüş: Maqnus Karlsen (Norveç) – Uesli So (ABŞ)

Final

Yan Nepomnyaşi (Rusiya) – Aniş Giri (Niderland)

Qarşılaşmalar Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.

Turnirin ümumi mükafat fondu 220 min ABŞ dollarıdır. Qalib şahmatçı 60 000, finalçı 40 000, 3-cü yerin sahibi isə 25 000 ABŞ dolları qazanacaq. Yarış martın 21-də yekunlaşacaq. Bu mərhələdə Azərbaycan təmsilçilərindən Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov seçmə raundda “8-liy”ə düşə bilməyərək, mübarizəni dayandırıb. Əvəzində Teymur Rəcəbov Çempionlar Turunun II mərhələsində qalib, III mərhələsində isə 3-cü yerin sahibi olub.

Əvvəlki məqaləŞahmar Mövsümov: “Azərbaycana indiyədək 1,5 milyon doza vaksin gətirilib”
Növbəti məqalədəÜST: İlin sonuna qədər COVID-19-u aradan qaldırmaq mümkün olmayacaq