Səməd Rəhimli: “Azərbaycanın Ermənistandan 50 milyard dollarlıq kompensassiya almasının heç bir hüquqi mexanizmi yoxdur”

Səməd Rəhimli.

Hüquqşünas Səməd Rəhimli “Abzas” üçün danışıb. O müsahibəsində ikinci Qarabağ müharibəsinin nəticələri ilə bağlı yaranmış yeni vəziyyətdə müharibə cinayətləri, benəlxalq məhkəmələr, ölkəyə müharibə nəticəsində dəyən zərərin ödənilməsi, əsir və girovlarla bağlı bir çox sualı cavablandırıb.

– Səməd bəy, son Qarabağ müharibəsində Ermənistan və Azərbaycan bir-birlərini müharibə cinayətlərində ittiham etdilər və hər iki tərəf müharibə zamanı pozulmuş müharibə qaydalarına görə qarşı tərəfi məhkəməyə verməklə hədələdi. Bilmək istərdik ki, müharibə cinayətlərini araşdıran beynəlxalq məhkəmələr hansılardır və onlara müraciət prosedürları necədir?

– Müharibə cinayətləri ilə bağlı beynəlxalq məhkəmə və tribunal yaradılması məsələsi təxminən 2000-ci ilə qədər həmişə problemli məsələ olubdur. Birinci dünya müharibəsindən sonra belə cəhd olubdur, amma yarımçıq qalıbdır. Türkiyəyə qarşı eləmək istəyirdilər. İkinci dünya müharibəsindən sonra isə Nürnberq və Tokyo tribunalları məhşurdur. Hamımızın bildiyi bu prosedür ordan başlayır.

Həmin tribunallardan sonra belə bir ənənə var idi, bu ənənə həmin tribunallardan sonra yarımçıq qalmışdı. Soyuq müharibə dövründə bu beynəlxalq tribunal ənənəsi çox da davam eləmədi. Amma 90-cı illərdə, Soyuq müharibə bitəndən sonra iki tribunal oldu, biri Yuqoslaviya Tribunalı, digəri isə Ruanda tribunalı idi. Bu iki tribunal müharibə cinayətlərinin araşdırılması üzrə beynəlxalq təcrübənin əsasını qoydu. Amma tribunallar yalnız bir məqsəd üçün yaradılmışdı, sırf həmin müharibələrdə olan cinayətlərin araşdırılması üçün və müvəqqəti idilər. Yəni, bir məqsədə xidmət edib fəaliyyətlərini dayandırırdılar.

Həmin dövrdə çox ciddi müzakirələr getdi və müzakirələrdən sonra beynəlxalq cinayət məhkəməsinin yaradılması haqqında qərar qəbul olundu və hər məhkəmə ilə bağlı Roma nimzamnaməsi tətbiq olunmağa başlanıldı. Dünya ölkələrinin əksəriyyəti həmin nizamnaməyə bu və ya digər formada qoşuldular və artıq vahid bir məhkəmə sistemi yaradıldı və həmin qoşulan ölkələr də bu məsuliyyəti öz üzərlərinə götürdülər ki, əgər dövlət nümayəndələri tərəfindən müharibə cinayətləri yaxud da soyqırımlar törədərsə bu halda onlar həmin şəxsləri məhkəməyə təhvil verməliydilər.

Bildiyim qədəriylə Azərbaycan Roma statutunun tərəfi deyil, yəni Azərbaycan bu məhkəmənin yuridiksiyasını tanımır. Səhv eləmirəmsə Ermənistan da tərəf deyil beynəlxalq cinayət məhkəməsinə. Yəni həm Azərbaycan, həm Ermənistan beynəlxalq cinayət məhkəməsinin yuridiksiyasını tanımayıbdır, ona görə də iki tərəflə də bağlı bu məhkəməyə müraciət etmək olmur.

Bircə BMT təhlükəsizlik şurasının səlahiyyətləri var ki, Azərbaycan ya da Ermənistanın törətdiyi insanlığa qarşı cinayətləri Beynəlxalq cinayət məhkəməsinə yönləndirsin və onlar bununla bağlı cinayət işi başlatsın.

 

– Amma Avropa İnsan Haqqları Məhkəməsi var? Oraya müraciət edilə bilər, doğrudurmu?

– Bir dənə perespektiv qalır Avropa İnsan Haqqları Məhkəməsinə müraciət edilsin, amma AİHM müharivə cinayətləri üçün yox, insan haqqları pozuntuları üçün, yəni yaşamaq hüququ, işgəncəyə məruz qalmamaq hüququ, azadlıq hüququnun pozuntusu və ədalətli məhkəmə araşdırması hüququ tipli hüquq pozuntuları məsələsi ilə bağlı ya dövlətlər birgə müraciət edə bilərlər, ya da fərdlər müraciət edə bilərlər.

İkinci Qarabağ müharibəsi başladığı vaxt ilk Ermənistan AİHM-ə müraciət elədi və Azərbaycanın hərbi əməliyyatları dayandırması yaxud da hərbi əməliyyatları davam etdirəcəyi təqdirdə bu əməliyyatların konvensiya hüququ çərçivəsində etməsi ilə bağlı müraciət elədi. Daha sonra isə əsirlərlə bağlı məsələ ortaya çıxdı. Bildiyim qədəriylə Azərbaycan ordusu tez-tez əsirlər götürməyə başladı, daha sonra isə Ermənistan və seperatçı Dağlıq Qarabağ azərbaycanlı əsirlər götürməyə başladı. İlk dəfə AİHM-ə erməni hüquqşünasların müraciəti oldu əsirlərlə bağlı, daha sonra isə azərbaycanlı hüquqşünaslar azərbaycan əsirləri ilə bağlı müraciət elədi. Burda isə söhbət konkret bir məsələdən gedir, əsir götürülmüş insanların geri qaytarılıb-qaytarılmayacağı məsələləsi, onların yaşamaq hüququ, pis rəftara məruz qalmamaq hüququ, azadlıq hüququ və ədalətli mühakimə hüquqlarının pozulub-pozulmaması məsələlərini araşdırmalıdır məhkəmə.

Hal-hazırda Azərbaycanda erməni əsirlər var və onlarla bağlı AİHM-də qaldırılmış məsələ var, o məsələ davam eləyir. Eləcə də, Azərbaycan bəyan edib ki, ya dövlət səviyyəsində, ya da zərərçəkmiş fərdləri dəstəkləməklə ikinci Qarabağ müharibəsində dəymiş ziyanın ödənilməsi ilə bağlı müraciət edəsidir.

Səməd Rəhimli.

– Bəs, Ermənistanın Azərbaycana dəyən ziyanın qarşılığında ödəməli olduğu 50 milyard dollarlıq kompensassiya ilə bağlı şayiələr əsasını hardan götürür? Bunun həqiqətlə əlaqəsi varmı?

– Səhv eləmirəmsə 2000-ci illərin əvvəllərində BMT-nin inkişaf fondu olan UNDP-nin işğal olunmuş ərazilərlə bağlı Azərbaycana dəyən ziyanın Azərbaycana istinadən hesablanması nəticəsində birinci Qarabağ müharibəsi nəticəsində ölkəyə 50 milyard dollar zərər vurulduğu ortaya çıxmışdı. Birinci Qarabağ müharibəsində dəymiş o ziyanın ödənilməsi məsələsi mən belə hesab edirəm ki, havadadır. Çünki bundan öncə AİHM-də qaldırılmış “Çıraqov və başqaları Ermənistana qarşı” işinə baxarkən məhkəmə maddi kompensassiya tələblərini rədd elədi və deyildi ki, məhkəmə bunu hesablamaq iqtidarında deyil, ona görə də maddi-mənəvi zərər olaraq Çıraqova ikisi birlikdə 5 min avro kompensassiya təyin elədi. Əgər Çıraqov işində bu varsa, mən elə hesab edirəm ki, bu birinci müharibədə dəymiş digər ziyanlara da aiddir. İkinci Qarabağ müharibəsinin Azərbaycana vurduğu ziyanın hesablanması hələ aparılmayıb, 50 milyard isə birinci Qarabağ müharibəsində Azərbaycana dəyən ziyandır. Mən elə hesab edirəm ki, bu kompensassiyanın Ermənistandan alınmasının hüquqi mexanizmi yoxdur.

 

Azərbaycanlılar tərəfindən Hadrut ətrafında əsir götürülən erməni əsgərləri.

 

– İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan Hadrut yaxınlığında əsir düşmüş 62 nəfər erməni hərbçisinə qarşı terrorçuluq maddəsi ilə cinayət işi qaldırıb. Ermənilər əsirlərə qarşı cinayət işi qaldırılmasına etiraz edirlər. Sizcə belə maddə ilə erməni hərbi əsirlərinə cinayət işi qaldırmaq nə dərəcədə qanunidir?

– Səhv eləmirəmsə Azərbaycan 10 noyabra qədər əsir düşən 40-50 nəfər arası erməni hərbi əsirini geri qaytardı. O ki, qaldı 10 noyabrdan sonra əsir götürülən şəxslər, xüsusilə də Hadrutda 2-3 kənd vardı ermənilərin qismən nəzarəti altında. Həmin şəxslər ordan əsir düşüblər. Azərbaycan müharibə bitəndən sonra həmin şəxsləri o adla saxlaya bilər ki, həmin şəxslər Ermənistan ordusunun tərkib hissəsi kimi yox, öz təşəbbüsləri ilə bu əməlləri törədiblər, ona görə də həmin şəxslər hərbçi imtiyazından istifadə edə bilməzlər ki, əsir düşdükləri təqdirdə geri qaytarılsınlar. Yəni, Azərbaycan tam haqlı olaraq belə bir arqument gətirə bilər ki, onları terrorçu fəaliyyətinə görə həbs edib.

Həmçinin qeyd edim ki, əsir götürülmüş şəxslərin biri ya da ikisi birinci Qarabağ müharibəsi dövründə müharibə cinayətləri törətməkdə ittiham olunmuşdular. Onsuz da Azərbaycan o vaxtı həmin əməllərə qarşı cinayət işi açmışdı.

 

– Müharibə bitdi, amma ermənilər hələ də Dağlıq Qarabağda qalmaqdadır. Sizcə Beynəlxalq Hüquq baxımdan ermənilərə yenidən muxtariyət verilməlidirmi? Bu hansısa bir beynəlxalq təşkilatın çərçivəsində həll olunmalıdırmı? Əgər belə bir muxtariyyət verilməsi bizimçün nəticələri nələr ola bilər?

– Bu artıq siyasi məsələdir. Beynəlxalq ümumi hüquq heç bir suveren ölkənin üzərinə öz hakimiyyətin altında olan subyektlərə muxtariyyət verməlisən deyə öhdəlik qoymur. Düzdür, öz müqəddəratını təyin etmək hüququ tanınır, beynəlxalq hüquqda göstərilibdir. Bu bəzən müstəqillik, bəzənsə muxtariyyət mənasına gəlir. Amma bununla bağlı oturuşmuş bir tribunal, ənənə yoxdur. Bu adətən silahlı mübarizələr və onun nəticəsində siyasi razılığa gəlmənin nəticəsi olubdur. Əgər silahlı mübarizə aparan qrup güclü olubsa, müstəqillik əldə edibsə, və yaxud muxtariyyət əldə edibsə, yaxud da konfederasiya versiyasına keçibsə o zaman deməli bu cür işlər siyasi və hərbi üsulla həll olunub, yox əgər bu alınmayıbsa, məğlub olublarsa onda suveren qalib gəlibdir və o halda suveren oranı idarə edibdir.

Beynəlxalq insan haqqları hüququnun suveren üzərinə qoyduğu yeganə tələb öz təəbbələrinin, öz vətəndaşlarının hüquqlarını qorumaq, insan haqqlarına riayət etmək tələbidir. Ancaq hüququ aspektdən bu tələb muxtariyyət hüququnu gətirib çıxartmır. O baxımdan Azərbaycanı Dağlıq Qarabağa muxtariyyət verməyə və yaxud Dağlıq Qarabağla konfederasiyaya girməyə vadar edəcək heç bir hüquqi mexanizm yoxdur.

Beynəlxalq ümumi hüquqda Kosova məsələsi var idi, Kosova ilə bağlı deyirdilər ki, Kosova özünəməxsusdur.  O da nəyə görə, çünki Kosovanın Yuqoslaviya dövründə müəyyən muxtariyyəti vardı və Yuqoslaviya parçalananda onun bütün muxtar tərkib hissələri müstəqillik əldə etmişdi, Yuqoslaviyanın varisi Serbiya idi, ona görə deyirdilər ki, əgər Yuqoslaviyanın bütün tərkib hissələri müstəqillik əldə etmişdilərsə Kosova da Serbiyanın tərkib hissəsi kimi qalmaya bilər. ABŞ-ın, Avropa birliyinin mövqeləri bu istiqamətdə idi. Və Serbiya da Beynəlxalq Ədalət Məhkəməsinə müraciət etmişdi, Beynəlxalq Ədalət Məhkəməsi də Kosovanın müstəqillik bəyannaməsinin beynəlxalq hüququ pozmadığı qənaətinə gəlmişdi. Bu məsələ belə həll olunmuşdu. Hal-hazırda Rusiya və bəzi üçüncü dünya ölkələri Kosovanın müstəqilliyini tanımırlar, o cümlədən Azərbaycan da. Amma ABŞ, Avropa birliyi və onlarla əməkdaşlıq edən bəzi ölkələr tanıyırlar.