Rusiyada sosial şəbəkələrdə "söyüş söyənlər" və insanları mitinqə çağıranlar həbs ediləcəklər

Rusiyada sosial şəbəkələrdə "söyüş söyənlər" və insanları mitinqə çağıranlar həbs ediləcəklər
2 Fevral 2021
Mətni dəyiş

Rusiyada sosial media istifadəçilərinə söyüş söyməyi qadağan edən qanun fevralın birindən etibarən qüvvəyə minib.

"İnformasiya Texnologiyaları və İnformasiyanın Qorunması Haqqında" qanuna edilən dəyişikliklərə görə, sosial media moderatorları qadağanın həyata keçirilməsinə nəzarət edəcəklər. Beləliklə, sosial şəbəkə platformaları "ədəbsiz" ifadələri ortaya çıxarıb, silmək məcburiyyətində olacaq.

Qanuna görə, sosial media artıq həm də icazəsiz nümayiş və etiraz aksiyalarında iştirak çağırışlarını, eyni zamanda dövlətə, dövlət xadimlərinə, vəzifəli şəxslərə qarşı təhqirlər olan yazıları aşkar etməli və silməlidir.

Mübahisəli vəziyyətlər Rusiya Federal İnformasiya Texnologiyaları və Kütləvi Rabitə Nəzarət İdarəsi (Roskomnadzor) ilə danışılaraq həll ediləcək.

Qadağaya riayət etməyən sosial media şirkətləri 800 min rubldan 4 milyon rubla qədər cərimə ilə üzləşəcəklər. Qanun pozuntusu təkrarlanarsa, şirkətlər illik gəlirlərinin 10 faizini itirə bilərlər.

Etirazlar...

Yanvarın 31-də Rusiyanın bəzi şəhərlərində Rusiya müxalifətinin həbsdə olan lideri Aleksey Navalnıya dəstək mitinqləri təşkil olunub. 17 yanvarda Almaniyadakı müalicəsindən sonra ölkəsinə dönən Navalnı Rusiyaya girdikdən sonra həbs olunub. Bundan sonra o, məhkəmə qərarı ilə 30 gün müddətinə həbs edilib. Navalnın tərəfdarları onun həbsinə ilk dəfə 23 yanvarda keçirilən kütləvi aksiya ilə etiraz ediblər.

Aksiyalarda polislər sosial məsafəni qoruyun tələbi ilə insanlara yaxınlaşıb və sərt formada aksiya iştirakçılarına müdaxilə ediblər, ümumilikdə minlərlə insan həbs edilib.

Bütün bunlardan əvvəl isə Rusiya hökumətinin rəsmiləri həm yerli, həm də xarici sosial şəbəkə şirkətlərinə insanları qanunsuz aksiyalara çağıran paylaşımları silməklə bağlı xəbərdarlıq ediblər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun