Rusiya Avropa Məhkəməsinin Navalnı ilə bağlı qərarının icrasını rədd edib

Rusiya Avropa Məhkəməsinin Navalnı ilə bağlı qərarının icrasını rədd edib
18 Fevral 2021
Mətni dəyiş

Avropa və Rusiya arasındakı Navalnı böhranı böyüyür. Rusiya həbsdə olan müxalifət lideri Aleksey Navalnının dərhal azadlığa buraxılmasına dair Avropa İnsan Haqları Məhkəməsinin çağırışını rədd edib.

AİHM qərarında Navalnının dərhal azadlığa buraxılmasını tələb edib və qeyd edib ki, buraxılmayacağı təqdirdə bu Avropa İnsan Hüquqları Konvensiyasının pozuntusu hesab olunacaq.

Rusiya Federasiyasının ədliyyə naziri Aleksandr Konovalov AİHM-in qərarını əsassız və hüquqa zidd olaraq dəyərləndirib: "Rusiya qanunlarına görə bir hüquqi səbəb yoxdur", - deyərək Konovalov Navalnının buraxılması tələbini rədd edib.

Rusiya Xarici İşlər Nazirliyi isə bu qərarı Rusiyanın daxili işlərinə müdaxilə kimi dəyərləndirib.

Avqust ayında Sibirdən Moskvaya qayıdarkən təyyarədə səhəti pisləşən 44 yaşlı Rus müxalifət lideri Aleksey Navalnının zəhərləndiyi iddia edilib. Navalnı 22 avqustda xüsusi təyyarədə müalicə üçün Omsk-dan Berlinə aparılıb.

Almaniya Rusiya müxalifətinin liderinin zəhərləndiyindən əmin olduqlarını açıqlamışdı. Navalnı müalicəsini başa vurduqdan sonra, bu ilin 17 yanvarında öz ölkəsinə qayıdıb.

Moskvanın Simonski məhkəməsi, fevralın 2-də müxalifət lideri Aleksey Navalninin indiyə kimi olan şərti cəzasını gerçək həbs cəzası ilə əvəz edib. Onun barəsində 2014-cü ildə "İv Roşe" işi ilə bağlı çıxarılmış 3 il yarımlıq şərti cəza yenidən qüvvəyə minib.

Məhkəmənin qərarında deyilir ki, Navalnı bu cəzanın 2 il yarımını çəkəcək, çünki o 2014-cü ildə bir müddət ev məhbusu olub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun