Qətər NATO-nun nəzdində nümayəndəlik açır

Qətər Belçikanın paytaxtı Brüsseldə yerləşən NATO qərargahında nümayəndəlik açacaq. Razılaşmanı Qətərin NATO-dakı missiyasının rəhbəri Əbdurrəhman Məhəmməd Huleyfi, NATO-nun maliyyə məsələləri üzrə kordinatoru Miroslava Boryczka, NATO-nun idarə işləri üzrə vəzifəlisi Martin Versnel imzalayıb.

Bu barədə məlumatı Qətərin rəsmi dövlət mediası olan QNA yayıb.

NATO qərargahında Qətər missiyasının açılmasının tərəflər arasındakı uzun və yaxşı münasibətlərin nəticəsi olduğu qeyd edilib.

NATO ilə münasibətlərə 2005-ci ilin fevralında İstanbul Əməkdaşlıq Təşəbbüsünə rəsmi qaydada üzv olaraq başlayan Qətər 2018-ci ildə NATO ilə təhlükəsizlik, kəşfiyyat və hərbi sahəsində müqavilələr imzalayıb.

Qətərin Müdafiə naziri Xalid ibn Məhəmməd əl-Attiya 2018-ci ildə verdiyi açıqlamada ölkəsinin silahlanmaya görə bölgənin ən önəmli ölkələrindən biri olduğunu və hədəfin NATO üzvü olmaq olduğunu bildirmişdi.