Parisin bəzi yerlərində spirtli içkilər qadağan olunub

Fransanın paytaxtı Parisin bəzi yerlərində koronavirus əleyhinə tətbiq olunan karantin rejimi qaydaları çərçivəsində müəyyən saatlarda spirtli içkilərdən istifadə qadağan olunub. 

Paris polisindən verilən açıqlamaya görə, Parisdə havaların isinməsi səbəbindən həftə sonları spirtli içkilərin kütləvi istifadəsi ictimai yerlərdə izdiham yaradacaq və bu da pandemiya dövründə təhlükəlidir.

“Spirtli içki istifadəsi ictimai yerlərdə insanların kütəvi toplaşmasına zəmn yaradacaq ki, bu da pandemiyayla bağlı vəziyyətin kövrək olduğu bir vaxtda görülən tədbirlərə zidd olacaq”, – deyə açıqlamada bildirilib.

Məlumata görə, ilkin mərhələdə saat 11:00-dan 18:00-a kimi paytaxtın 5-ci məhəlləsinin Buci küçəsində və 6-cı məhəllədəki Contrescarpe meydanında spirtli içkilərin istifadəsi qadağan olunub. Qanunun 15 gün ərzində keçərli olacağı bildirilib. Qanuna zidd davrananlar isə 135 avro cərimələnəcəklər.