İranda Mahmud Əhmədinejad böhranı genişlənir

İranın keçmiş prezidenti Mahmud Əhmədinejad İranda bu ilin 18 iyununda keçiriləcək prezident seçkilərində namizəd olacağı mesajını verib.

2005-2013-cü illərdə ölkənin prezidenti olmuş Əhmədinejad 2017-ci ildə də prezidentliyə namizədlik vermişdi, ancaq o vaxt Ayətullah Xamneyi onun seçkidə iştirakına icazə verməmişdi.

Xamneyinin Əhmədinejada namizədliyini irəli sürməməsi və cəmiyyətdə ikitirəliyə yol verməməsi ilə bağlı məsləhətindən sonra keçmiş prezident ali rəhbərə məktub yazmışdı:

“İranın ali rəhbərinin göstərişi və məsləhətini yerinə yetirmək məqsədilə gələcək prezident seçkilərində iştirak etmək niyyətim yoxdur və namizədliyimi irəli sürməyəcəyəm”.

Mahmud Əhmədinejadın bu dəfə də seçkilərdə iştirakı sual doğurur, çünki onun seçkilərdə iştirak etməsi üçün əvvəlcə Konstitusiya Şurasından icazəsi olmalıdır.

İranda mühafizəkar qanadın ən böyük qrupu hesab olunan İnqilabçı Qüvvələr Koalisiyasının rəhbəri Həddad Adil 18 iyunda keçiriləcək prezident seçkilərində namizəd olacağının mesajını verən keçmiş prezident Mahmud Əhmədinejada namizədlik üçün icazə verilməyəcəyini bildirib.

Həddad Adil deyib ki, 2017-ci ildə Əhmədinejada seçkilərdə iştirakı üçün hansı səbəblərdən icazə verilməmişdisə, indi o səbəblər daha da dərinləşib.

Mahmud Əhmədinejad son illər Ayətullah Xamneyini təniq edən açıqlamalar da verməkdən çəkinməyib. O, son vaxtlar Həsən Ruhanini, ölümündən əvvəl isə Qasım Süleymanini bir çox yanlışlarda ittiham edərək tənqid edib.