Gürcüstanda müxalifət partiyasının lideri Nika Melia və 21 nəfər üzvü həbs olunub

Gürcüstanın Xüsusi Təyinatlıları bu səhər müxalifət partiyası olan Vahid Milli Hərəkatın ofisinə basqın ediblər. Onlar ofisə kran vasitəsilə binanın damından daxil olublar və içəridə onlara qarşı müqavimət göstərən partiya üzvlərinə qarşı gözyaşardıcı qazdan istifadə ediblər. Polislə partiya üzvləri arasında qısa müddətlik qarşıdurmadan sonra onlar partiyanın lideri Nika Melianı həbs ediblər.

“Ofisin yaxınlığına çox sayda təcili yardım və patrul dəstəsi səfərbər edilib. Xüsusi təyinatlılar Melianın olduğu otağa girərək onu həbs ediblər. Hüquq-mühafizə orqanları bibər qazından istifadə edib”, – deyə gürcü mətbuatı xəbər yayıb.

Qeyd edək ki, 2019-cu ilin iyununda müxalif siyasətçi zorakılıqda iştirak ittihamı ilə cinayət məsuliyyətinə cəlb olunub. Tbilisi Şəhər Məhkəməsinin qərarı ilə o, 30 min lari məbləğində girov müqabilində azadlığa buraxılıb və elektron qolbaq vasitəsilə nəzarətdə saxlanılıb.

Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə partiya sədri ilə bərabər “Vahid Milli Hərakat”ın 21 nəfər üzvü və partiyadakı əsas simalardan olan Georgi Baramidze də həbs olunanlar arasındadır.

Nika Melia həbs olunmazdan əvvəl verdiyi açıqlamada deyib ki, müxalif siyasi partiyanın ofisinə polisin soxulmağa çalışması və onu həbs etməsi İvanişvili rejiminin sonudur.