BMT Azərbaycanda münaqişədən zərər çəkən insanlara humanitar yardım göndərib

BMT Azərbaycanda münaqişədən zərər çəkən insanlara humanitar yardım göndərib
18 Fevral 2021
Mətni dəyiş

Azərbaycan Qızıl Aypara Cəmiyyəti İkinci Qarabağ müharibəsindən zərər çəkmiş insanlara BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (QAK) tərəfindən ianə edilən zəruri yardım əşyalarını paylamağa başlayıb.

Bu günədək BMT QAK münaqişədən zərər çəkmiş icmaların, təqribən 2400 ailənin və ya 10 mindən çox insanın istifadəsi üçün Azərbaycana 30 min ədəd ədyal, 10 min kvadrat metr plastik çadır, 4 min ədəd mətbəx dəsti, 443 ədəd şəxsi gigiyena dəsti (sanitariya-gigiyena əşyaları), 12 min ədəd yastıq və 2554 ədəd döşək göndərib və ya yerli bazardan satın alıb.

“Azərbaycan Qızıl Aypara Cəmiyyəti mandatına və missiyasına uyğun olaraq zərər çəkmiş əhaliyə fövqəladə humanitar yardımların çatdırılmasında fəal iştirak edib. Biz ölkənin bir neçə şəhər və rayonlarında münaqişədən zərər çəkmiş insanlara zəruri yardım əşyalarının paylanması üçün BMT QAK ilə son dövrdə genişlənən tərəfdaşlığımızı yüksək qiymətləndiririk”, – deyə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin baş katibi Ceyhun Mirzəyev bildirib.

Yardım əşyalarının paylanmasına cavabdeh olan Azərbaycan Qızıl Aypara Cəmiyyətindən əlavə, Ağdam və Ağcabədi rayonlarının yerli icra hakimiyyətləri də bəzi zəruri yardım əşyalarını, o cümlədən, 3108 ədyal, 8 min kvadratmetr plastik çadır, 443 ədəd mətbəx dəsti, 443 ədəd şəxsi gigiyena dəsti (sanitariya-gigiyena əşyalarını), 1554 ədəd döşək və 3108 ədəd yastıqdan ibarət humanitar yardımı birbaşa BMT QAK-dan alıb və sərt qış aylarında yardıma ən çox ehtiyacı olanlara paylamağa başlayıb.

Münaqişədən zərər çəkmiş Tərtər rayonunda 400 ailəyə mətbəx dəsti, yorğan, döşək və yastıqlar paylanıb. Yardım əşyaları Tərtər şəhərinin kənarında yerləşən Şıxarx məktəb binasında müvəqqəti məskunlaşan ailələrə də çatdırılıb.

Bir neçə dəfə köçkün düşmüş qırx yaşlı bir kişi ailəsinin xüsusilə soyuq qışda çox ehtiyac duyduğu bu əşyaları gətirənlərin hamısına minnətdar olduğunu söylədi. “Qonşularımızın və qohumlarımızın, yerli hakimiyyət orqanlarının və humanitar təşkilatların dəstəyi olmadan sağ qalmazdıq, çünki demək olar bütün ev əşyalarını itirmişdik. Bu səbəbdən belə çətin bir dövrdə istənilən yardım minnətdarlıqla qarşılanır”.

“BMT-nin Qaçqınlar üzrə Agentliyi olaraq biz 1990-cı illərdən bəri bölgədəki didərgin düşmüş insanlara dəstək verməklə məşğuluq. Bizə həvalə olunmuş vəzifələrimizə uyğun olaraq, münaqişə nəticəsində didərgin düşmüş insanlara, o cümlədən geri qayıdan məcburi köçkünlərə milli hakimiyyət orqanları və bütün əlaqədar qurumlarla sıx koordinasiya şəraitində yardım etməyə hazırıq”, – deyə BMT QAK-ın Azərbaycandakı Nümayəndəsi Guido Ambroso bildirib.

“Ermənistan, Azərbaycan və Rusiya tərəfindən imzalanmış 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatına uyğun olaraq, didərgin düşənlərin geri qaytarılmasında BMT QAK-ın oynaya biləcəyi rolu bundan sonra da müzakirə etmək üçün səlahiyyətli hakimiyyət orqanları ilə əlaqə saxlayırıq”.

BMT QAK Azərbaycanda ən həssas durumda olan didərgin insanların çətinliklərini azaltmaq üçün daha çox zəruri ehtiyac duyulan əşyaların satın alınmasını həyata keçirir. Hazırda BMT QAK-ın daha bir ianəsi Azərbaycana yetişməkdədir. Buraya təxminən 300 odadavamlı ailə çadırı, 9 min möhkəmləndirilmiş plastik çadır, təxminən 5 min mətbəx/xörəkbişirmə dəsti, 24600 ədəd ədyal və 11 min günəş lampası daxildir ki, bunların da dəyəri nəqliyyat xərcləri çıxılmaqla təxminən 644 min ABŞ dollarıdır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun