Azərbaycanın Zəngilandakı Vejnəli qızıl yatağının içindən yeni görüntülər və məlumatlar

Azərbaycanın Qarabağ bölgəsi müxtəlif yeraltı sərvətlər, qızıl və mis mədənləri ilə zəngin yer kimi tanınır. Kəlbəcərdəki yeraltı mədənlərdən sonra Qarabağ ərazisində ən böyük mədən Zəngilan rayonunun Vejnəli kənd inzibati ərazisində yerləşən qızıl yatağıdır. Bu günlərdə Vejnəli qızıl yatağında istifadə olunan texniki qurğuların görüntüləri yayılıb.

Qızıl mədəni Zəngilanın şimal-şərqində, Ermənistana çox yaxın ərazidə yerləşir.

Ermənistanın hücumlarından sonra başlayan hərbi əməliyyatlarda Azərbaycan ordusu sürətlə işğal olunmuş torpaqlara tərəf yönəldikcə, bu bölgədə fəaliyyət göstərən bütün şirkətlər işləri dayandırmalı və mədəni boşaltmalı olublar.

Vejnəli kəndindəki qızıl yatağında aparılan araşdırmalara görə, ərazidə 183 min ton filiz, 2 min 169 ton qızıl və digər qiymətli metallar var. Mədən uzun illər İsveçrənin “Vallex Group” şirkəti tərəfindən qanunsuz istismar edilib. Şirkətin Azərbaycan ərazisinə qanunsuz daxil olduğu və cinayət yolu ilə 301 milyon manat mənfəət əldə etdiyi bildirilir.

Vejnəli yatağı 1959-1962-ci illərdə Vejnəli geoloji-axtarış partiyası tərəfindən kəşf edilmişdir. 1962-1971,1976-1981 və 1983-1984-cü illərdə geoloji-axtarış və kəşfiyyat işləri aparılmışdır.

Vejnəli qızıl yatağı 1984-cü ildə Məhəlli Ehtiyatlar Komissiyasında təsdiq olunaraq Azərbaycan Respublikası Faydalı Qazıntı Ehtiyatlarının Dövlət Balansına qəbul edilmişdir.

Təsdiq edilmiş ehtiyatlar: C1 kateqoriyası üzrə filiz-183 min ton, qızıl – 2,169 ton; C2 kateqoriyası üzrə filiz – 433 min ton, qızıl – 4,347 ton təşkil etmişdir. C1 kateqoriyası üzrə gümüş – 0,19 ton; C2 kateqoriyası üzrə gümüş – 9,9 ton təşkil etmişdir. C1 kateqoriyası üzrə mis – 0,2 min ton; C2 kateqoriyası üzrə mis – 2,8 min ton təşkil etmişdir.