Azərbaycanın adı Konqodakı avtoritar rejimə silah satmaqda hallanır

Konqo silahlıları.

Afrikada yerləşən Konqo respublikasının avtoritar rejimi Azərbaycandan gizlincə silah alıbmış. Bu haqda ölkənin avtoritar lideri Deni Sassu-Nqessonun müxalifləri məlumat yayıblar. Onlar alınmış silahların xalqın üzərində nəzarəti daha da artırmaq üçün istifadə olunduğunu bəyan ediblər. Bu haqda Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı layihəsi olan OCCRP adlı beynəlxalq araşdırmaçı jurnalistlər qrupunun son araşdırmasında məlum olub.

Silahların satışı 2020-ci ilin yanvar ayında baş tutub. Azərbaycanın Konqoya yolladığı minaatanların mərmiləri, odlu silahlar, partlayıcı maddələr, reaktiv mərmilər Türkiyənin şərqində yerləşən Derince limanından MV Storm gəmisi vasitəsilə yollanıb. Konqoda hal-hazırda hakimiyyətdə olan avtoritar rejim isə özünü Konqo-Brazzavil rejimi adlandırır.

Yükün gizli sənədlərinin ortaya çıxması ilə məlum olub ki, Azərbaycanın Konqoya satdığı silahın ümumi çəkisi 100 tona qədər olub. Silahlar Konqo-Brazzavil hökümətinin elit respublika ordularının iqaməthahına çatdırılıb. Yükün qiyməti 10 milyonlarla dollarla hesablanır. Araşdırmaçı jurnalistlərin rəyinə görə Azərbaycan 2015-ci ildən bəri Konqodakı avtoritar Deni Sassu-Nqesso rejiminə 17 partiya belə silah satıb. Bunu yəqinləşdirmək üçün OCCRP araşdırmaçıları əldə etdikləri təyyarlərin uçuş planlarına, gömrük bəyannamələrinə, silah inventarlarına baxıb və təhlil ediblər.

Jurnalistlərin fikrincə gömrük bəyannamələrini araşdırdıqca Konqoya yollanan silahların bəzilərinin sponsoru Səudiyyə Ərəbistanı olduğu ortaya çıxıb. Ancaq hələlik məlum deyil ki, rəsmi Ər-Riyadın bu silahları almağa, yaxud da Konqoya çatdırmağa marağı nədir.