ABŞ, Türkiyə və Rusiyanın Ermənistanda olanlara reaksiyası: Paşinyan gedir?

ABŞ, Türkiyə və Rusiyanın Ermənistanda olanlara reaksiyası: Paşinyan gedir?
26 Fevral 2021
Mətni dəyiş

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı Baş nazir Nikol Paşinyanın istefasını tələb edir. Baş Qərargah rəisi Onik Qasparyan və yüksək rütbəli komandirlər Paşinyanı istefa verməyə çağıran bəyanat yayıblar. Ermənistan Baş naziri isə ordu rəhbərliyinin bu bəyənatını "dövlət çevrilişinə cəhd" kimi dəyərləndirib və tərəfdarlarını küçələrə çıxmağa çağırıb. Nikol Paşinyan baş qərargah rəisi Onik Qasparyanı vəzifədən azad etdiyini elan edib.

Paşinyanın çağırışından sonra meydanlara çıxan inanların arasında özü də olub. Müxalifət dəstəkçiləri ilə kiçik insidentlərlə müşahidə olunan aksiyalar dünya yaxından izləyib.

İlk reaksiya Ermənistanın regionda müttəfiqi hesab olunan Rusiyadan gəlib. Rusiyanin münasibəti isə birmənalı qarşılanmayıb. Belə ki, Kreml və Rusiya Xarici İşlər Nazirliyi Ermənistanda baş verənləri bu ölkənin daxili işi adlandırıb.

"Biz Ermənistandakı vəziyyətin inkişafını həyəcanla izləyirik. Hesab edirik ki, bu, istisnasız olaraq Qafqazda bizim üçün çox vacib və yaxın müttəfiq olan Ermənistanın daxili işidir", - deyə Rusiya Ermənistanda baş verənlərə ilk reaksiyasını verib.

Rusiyanın Ermənistanda "B" planı

Ermənistanda Rusiyayönümlü siyasətçilər və partiyalar birmənalı olaraq hərbi çevrilişi dəstəkləyiblər və xalqı orduya dəstək verməyə çağırıblar. Buna görə də siyasi şərhçilər hesab edirlər ki, baş verənlər Rusiyanın Ermənistandakı "B" planıdır.

Belə ki, Qarabağdakı məğlubiyyətdən sonra Rusiya ilk olaraq Paşinyanı ictimai qınaqlarla istefaya məcbur etdi. Ancaq Paşinyan istefa vermədi. Növbəti mərhələdə isə "B" planı kimi ordudakı adamları vasitəsi ilə çevrilişə cəhd edirlər.

Ancaq şərhçilər xalqın ordunu dəstəkləyəcəyini, Paşinyanın da hakimiyyətini təhvil verəcəyini real görmürlər.

Rusiyadan gələn zəng

Ermənistanda baş verənlərdən bir müddət sonra Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu və onun erməni həmkarı Vaqarşak Arutyunyan arasında telefon danışığı olub. Bildirilib ki, tərəflər Rusiya sülhməramlı qüvvələrinin Dağlıq Qarabağda rolu, İrəvandakı vəziyyət, həmçinin ortaq maraq doğuran məsələlər barədə müzakirə aparıblar. Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, telefon danışığı Rusiya tərəfinin təşəbbüsü ilə baş tutub.

Daha sonra, Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan arasında da telefon danışığı olub. Telefon danışığı zamanı Ermənistandakı vəziyyət müzakirə olunub. Vladimir Putin Ermənistanda asayişin və əmin-amanlığın qorunması, vəziyyətin qanunlar çərçivəsində həllinin lehinə danışıb. Rusiya dövlətinin başçısı bütün tərəfləri təmkinli olmağa çağırıb.

Güman olunur ki, hər iki səviyyədə tərəflər arasında olan telefon danışığı siyasi bazarlıq xarakterli olub və Putin Paşinyanla maraqlı olduğu məsələlərdə razılaşdığını və onu dəstəklədiyini bu zəng vasitəsi ilə bildirib.

ABŞ hərbi çevrilişi dəstəkləmir

Hadisələrin gedişində ABŞ Dövlət Departamenti Ermənistandakı bütün tərəfləri şiddətin artmamasına və ordunu siyasətə qarışmamağa çağırıb. ABŞ Ermənistandakı demokratik prosesləri və institutları qətiyyətlə dəstəklədiyini ifadə edib:

“Biz Ermənistanda demokratiyanı və ölkənin suverenliyini dəstəkləməyə davam edirik. Siyasi liderləri Ermənistanın qanunun aliliyi, demokratiya və təsisatlara hörmət edərək fikir ayrılıqlarını sülh yolu ilə həll etməyə çağırırıq” - deyə Dövlət Departamentinin sözçüsü Ned Prays bildirilib.

Təbii ki, hərbi çevrilişlərin demokratik ənənələrlə nəticələnmədiyi Qərb üçün aydındır və Qərb hansısa iradənin silahla ifadəsinin tərəfdarı ola bilməz. Ancaq Ermənistandakı məxməri inqilabdan sonra ölkədə sərbəst fəaliyyətə keçən demokratik institutların, qərbyönümlü təşkilatların və şəxslərin də təhlükədə olduğunu anlayan Qərb üçün bu dəqiqə ən vacib olan məsələ Ermənistandakı təsir imkanlarını itirməməkdir. Onsuz da Qarabağ münaqişəsi kontekstində regionda ölü siyasətinin əziyyətini çəkən ABŞ-ın Ermənistanda baş verənlərdən uzaq qalacağı real görünmür. Qərbin bu operativ və aydın reaksiyasını hərbi çevriliş olarsa, atacağı addımların anonsu kimi də dəyərləndirmək olar.

Türkiyə Paşinyanın getməsini istəmir

Hərbi çevrilişə cəhddən əziyyət çəkmiş bir ölkə kimi Türkiyənin Ermənistandakı çevriliş cəhdini dəstəkləyəcəyi real görünmürdü. Ancaq bununla yanaşı Qarabağ müharibəsindən sonra imzalanan üçtərəfli 10 noyabr bəyanatına imza atan Paşinyanın devrilməsinin bəyanatı da təhlükəyə atdığını nəzərə alsaq, Türkiyəyə Paşinyanın getməsi sərf etmir.

Bəyanatın müddəalarına görə, qısa müddət sonra Türkiyədən Azərbaycana və Rusiyaya quru yol açılır. Bununla yanaşı uzun illər sonra Türkiyə əsgəri Qafqaza ayaq basıb və Türkiyə bunun davamlı olmasını istəyir. Digər tərəfdən də Ermənistanla yavaş-yavaş istiləşən münasibətləri Türkiyəni məcbur etdi ki, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu desin ki, harada olursa olsun, Türkiyə çevrilişlərə qarşıdır və Ermənistanda baş verənləri qətiyyətlə pisləyir.

Paşinyan gedəcəkmi?

Ermənistanda baş verənlərin həcminə nəzər saldıqda və regionun böyük dövlətlərinin, eyni zamanda regionda marağı olan böyük dövlətlərin reaksiyalarına baxdıqda hələlik Ermənistanla bağlı tələskən siyasət yürütmədiklərini görmək olar. Paşinyanın baş verənlərə reaksiyası və xalqın müxalifətə, orduya inamsızlığı deməyə imkan verir ki, Paşinyan hələ bir müddət də hakimiyyətdə qalacaq.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun