'Twitter' Trampdan sonra Ayətullah Xamneyinin də paylaşımını silib

'Twitter' Trampdan sonra Ayətullah Xamneyinin də paylaşımını silib
9 Yanvar 2021
Mətni dəyiş

İran lideri Ayətullah Seyid Əli Xamneyinin ABŞ və İngiltərədə istehsal olunan koronavirus (Kovid-19) peyvəndlərinin keyfiyyətsiz olmasına dair paylaşımı 'Twitter' tərəfindən silinib. Şirkət paylaşımın silinməsini 'Twitter'in siyasəti ilə əlaqələndirib və Xamneyinin fikirlərinin qaydalara zidd olduğunu bildirib.

İran lideri Ayətullah Seyid Əli Xamneyi Şah idarəçiliyinə etiraz olaraq 8 yanvar 1978-ci ildə Qum şəhərində başlayan xalq qiyamının ildönümü münasibətilə dövlət kanalına açıqlamasında Amerika və İngiltərə peyvəndlərinin İrana gətirilməsini qadağan etdiyini bildirmişdi. O bunu peyvəndlərin təhlükəli olduğu üçün etdiyini demişdi.

ABŞ və İngiltərənin istehsal etdiyi peyvəndlərə etibar etmədiyini deyən Xamneyi "Amerika və İngiltərə peyvəndlərinin ölkəyə girməsi qadağandır. Səlahiyyətlilərə demişəm, indi burdan xalqa da elan edirəm", - deyə bildirib.

Xamneyi 1985-ci ildə 400-dən çox insanın ölümünə səbəb olan 'çirkli qan qalmaqalında' adı hallanan Fransaya da peyvənd məsələsində etibar etmədiyini bildirib.

İran liderinin açıqlamasının ardından İran Qızıl Aypara Cəmiyyəti Amerikada yaşayan iranlılar vasitəsi ilə Pfizer şirkətindən alınan 150 min doza peyvəndin sifarişini ləğv edib.

Xamneyinin ifadələri daha sonra 'Twitter' hesabında paylaşılıb və bəzi istifadəçilər 'Twitter'i bu yazını silməyə çağırıblar.

Vəziyyət

İranda koronavirusdan ölənlərin sayı 56 min nəfəri keçib.

Ümumilikdə koronavirusa yoluxanların sayı 1.300.000 keçib. Koronavirus daşıyıcılarından 4 mindən çoxunun vəziyyəti ağırdır.

'Twitter'

'Twitter' "zorakılığa sonrakı təhrikçilik riskinə" görə ABŞ-ın hazırkı prezidenti Donald Trampın hesabına girişi bağlayıb.

Daha əvvəl 'Twitter' Trampın hesabını 12 saatlıq dondurub və onu üç paylaşımı silməyəcəyi təqdirdə daimi bloklamaqla hədələyib. 'Twitter' rəhbərliyinin fikrincə, bu paylaşımlar sosial şəbəkənin qaydalarını pozur.

Bundan əvvəl isə feysbuk rəhbəri Mark Sukerberq bildirib ki, ABŞ prezidentinin 'Facebook' və 'Instagram' sosial şəbəkələrində hesabları minimum daha iki həftə dondurulmuş qalacaq.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun