Son üç gündə ‘Whatsapp’dan ‘Telegram’a keçənlərin sayı 25 milyona çatıb

Telegram sosial şəbəkəsi.

Son üç gündə ‘Telegram’ messencerinin istifadəçilərinin sayı 25 milyon artıb. Bu haqda messencerin yaradıcısı Pavel Durov yanvarın 12-də məlumat yayıb.

“Yeni istifadəçilər dünyanın hər yerindən qoşulublar: onların 38 faizi Asiyadan, 27 faizi Avropadan, 21 faizi Latın Amerikasından və 8 faizi Yaxın Şərq və Şimali Afrikadan olanlardır” – deyə Durov bildirib.

Onun sözlərinə görə artıq yanvarın ilk həftəsində ‘Telegram’ın aktiv üzvlərinin sayı 500 milyona çatıb.

“Bu əvvəlki illə müqaisədə ciddi böyümədir, əvvəl bizim messencerə gündəlik 1,5 milyon insan qeydiyyata düşürdü” – deyə rus iş adamı bildirib.

Onun sözlərinə görə belə dinamika ona görə yaranıb ki, istifadəçilər daha texniki monopolistlərin əsiri olmaq istəmirlər: “Bu monopolistlər düşünürlər ki, ürəkləri istəyən hər şeyi edəcəklər, istifadəçilər isə onların xidmətlərindən yenə sevə-sevə istifadə edəcək”.

Qeyd edək ki, ‘WhatsApp’ messenceri istifadəçilərin paylaşımlarını ‘Facebook’ və digər sosial şəbəkələrə kommersiya maraqlarına görə satdığını elan etdikdən sonra istifadəçilər bu şəbəkədən uzaqlaşmağa başlayıb.

Bundan öncə Britaniya qəzeri ‘The Daily Telegraph’ yazmışdı ki, ‘Telegram’ ABŞ-da ən çox yüklənən ikinci tətbiq olub. Nəşrin ehtimalına görə bu tətbiqi ən çox indiki ABŞ prezidenti Donald Trampın tərəfdarları yükləyib.