Nemət Əliyev: "Qərar qəbul edilərkən əhalinin ağır sosial vəziyyəti nəzərə alınmayıb"

Nemət Əliyev: "Qərar qəbul edilərkən əhalinin ağır sosial vəziyyəti nəzərə alınmayıb"
5 Yanvar 2021
Mətni dəyiş

Yanvarın 5-dən Azərbaycanda Aİ-92 markalı benzinin 1 litrinin qiyməti 1 manat, dizelin 1 litrinin qiyməti isə 80 qəpik olub. Şuranın açıqlamasında bildirilib ki, qərar ölkədə avtomobil benzinlərinə artan tələbatın ödənilməsi və daxili bazarın yüksək ekoloji normalara cavab verən yanacaq məhsulları ilə təmin edilməsi məqsədi ilə verilib. Eyni zamanda qərar verilən zaman əhalinin sosial vəziyyəti də nəzərə alınıb.

Məsələ ilə bağlı iqtisadçı ekspert Nemət Əliyevlə danışdıq.

Nemət Əliyev deyir ki, Tarif Şurası Azərbaycana gətiriən avtomobillərin sayının çoxalmasına dair Dövlət Gömrük Komitəsinin açıqladığı məlumatlara söykənərək belə qənaətə gəlib ki, guya ölkədə benzinə və dizelə təlabat artıb.

Onun sözlərinə görə, halbuki benzin və dizelə təlabatı müəyyən etmək üçün “sərnişin dövriyyəsi” və ya “yük dövriyyəsi” kimi birbaşa göstəricilərə istinad etmək gərək idi.

"DSK-nın açşıqladığı rəsmi məlumatlar göstərir ki, ölkədə yükdaşımaların 60 faizi, sərnişindaşımaların isə 93 faizi avtomobil nəqliyyatı ilə həyata keçirilir və cari ilin yanvar-noyabr aylarında (öiedn) avtomobil nəqliyyatı ilə yük dövriyyəsi 50,4%, sərnişin dövriyyəsi isə 32% azalıb. Bu göstəricilər ölkədə benzinə və dizelə olan təlabatın əhəmiyyətli dərəcədə aşağı düşməsini birmənalı şəkildə təsdiq edir. Tarif Şurasının bu real vəziyyətlə tanış olmaq imkanı yoxuydusa, diqqətini benzin və dizelin ticarətindən daxilolmaların azalmasına yönəldə bilərdi. Bunu da bacarmayıbsa, heç olmasa, karantin səbəbi ilə bir ilə yaxın dövrdə əhalinin kütləvi şəkildə evlərə qapadılmasından, küçələrdə şütüyən avtomobillərin gözlə görüləcək dərəcədə azalmasından xəbər tutmalıydı. Lakin anlaşılan bu ki, son 7 ildə dünya bazarlarında neftin kəskin ucuzlaşması da Tarif Şurasını duyuq sala bilməyib", - deyə Nemət Əliyev bildirib.

Ekspert deyir ki, təlabatın kəskin şəkildə azalması günümüzün reallığıdır, ortadadır və bunu inkar etmək əsla mümkün deyil. Belə vəziyyətdə bahalaşmaya getmək olmaz. Ona görə ki, bu şərtlər altında istənilən ölçüdə bahalaşma qərarı onsuz da ağır vəziyyəti daha da ağırlaşdıra bilər. Belə şəraitdə İqtisadi İnkişaf Nazirliyi bahalaşma məsələlərini deyil, nəqliyyat sektorunda işgüzar fəalillığı təşviq edən və bununla da sahibkarlara gerçək dəstək verən qərar layihələrini masa üzərinə gətirməli idi.

Onun sözlərinə görə, Tarif Şurası öz absurd qərarını əsaslandırmaq üçün bu dəfə də Rusiyaya, Belarusa, bir sıra başqa ölkələrə üz tutub və həmin ölkələrdən yanacağın baha olmasına dair çox uğursuz nümunələr gətirib.

"Tarif Şurası gərək nümunə gətirdiyi ölkələrdə gəlirlərin səviyyəsinin yüksək olması haqqında məlumatları da ictimai fikrə daşıyaydı və göstərəydi ki, orta aylıq əməkhaqqı Azərbaycanla müqayisədə Rusiyada 55% və ya 229 dollar, Belarusda isə 22% və ya 93 dollar çoxdur. Lakin buna lüzum bilməyib Tarif Şurası", - deyə o, vurğulayıb.

Ekspertin fikrincə, bahalaşma qərarı qəbul edilərkən əhalinin ağır sosial vəziyyəti də diqqətdən yayındırılıb.

Onun sözlərinə görə, son 7 ayda əhali gəlirlərinin adambaşına düşən həcminin 114 manatdan çox və ya 22% azalması ölkədə həyat səviyyəsinin əhəmiyyətli dərəcədə pisləşməsini təsdiq edən hal kimi hökumətin diqqətini cəlb etməli və onu bahalaşma niyyətindən daşındırmalı idi.

"Heç olmasa, orta aylıq əmək haqqı məbləğinin 40 manat həcmində azalması gözə çarpmalı idi. Amma bu da gözardı edilib", - deyə ekspert vurğulayıb.

Nemət Əliyev deyir ki, aparılan təhlillər belə nəticə çıxarmağa əsas verir ki, ölkədə dizel və benzinin bahalaşmasını şərtləndirən nə sosial sifariş, nə də iqtisadi sifariş olub.

Ekspert düşünür ki, yanacağın bahalaşdırılması qərarı, heç şübhəsiz, nəqliyyat sektorunda çalışan sahibkarların, müəssisələrin xərclərinin artmasına, gediş-gəliş və daşıma tariflərinin yüksəlməsinə, nəqliyyat xərcləri şəklində malların, iş və xidmətlərin maya dəyərinin şişməsinə və ən nəhayət bahalaşmaya səbəb olmaqla iqtisadi fəallığa zəiflədici təsir göstərəcək: "Əkin-becərmə-biçinlə əlaqədar xidmət haqlarının çoxluğundan və sərbəst maliyyə vəsaitlərinin azlığından onsuz da əziyyət çəkən fermerlərə də bu qərar öz mənfi təsirini göstərəcək", - deyə iqtisadçı ekspert Nemət Əliyev bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun