Navalnı həbs olundu: Müxalifət liderinin həbsinə beynəlxalq reaksiayalar və Rusiyanın cavabı

Navalnı həbs olundu: Müxalifət liderinin həbsinə beynəlxalq reaksiayalar və Rusiyanın cavabı
18 Yanvar 2021
Mətni dəyiş

Almaniyada müalicə alan Rusiya müxalifətinin lideri Aleksey Navalnı Rusiyaya qayıdan kimi hava limanında həbs edilib. Rusiya Federal Penitensiar Xidmətinin açıqlamasına görə, Aleksey Navalnı "Şeremetyevo" Hava Limanında axtarışda olduğuna görə saxlanılıb.

Açıqlamada qeyd olunub ki, o, vergi cinayəti ilə əlaqədar 29 dekabr 2020-ci il tarixindən axtarışda olub.

Bundan əvvəl də dəfələrlə polis tərəfindən saxlanılan, iki dəfə həbs cəzası alan müxalifət lideri ilə bağlı qərarı məhkəmə verəcək. Navalnı məhkəməyə qədər həbsxanada qalacaq.

İlkin reaksiyalar

Həbsdən dərhal sonra, ABŞ Dövlət katibi Mayk Pompeo Rusiyanı müxalifət liderini dərhal azadlığa buraxmağa çağırıb.

Açıqlamada qeyd olunub ki, Amerika Aleksey Navalnının həbsini kəskin şəkildə pisləyir və Rusiya hökumətini onu dərhal azadlığa buraxmağa çağırır: "Rusiyadakı seçkilərdə bütün siyasi təşkilatlar və şəxslər sərbəs şəkildə iştirak etməlidir", - deyə vurğulanıb.

Amerikanın yeni seçilən prezidenti Co Baydenin Milli Təhlükəsizlik Məsələləri Müaşaviri kimi təyin etdiyi Ceyk Sullivan da Navalnın azadlığa buraxılmasına çağırıb və bu həbsi pisləyib.

Avropa Birliyi də Rusiyanı Almaniyadan qayıdarkın həbs olunan müxalifət liderini dərhal azadlığa buraxmağa çağırıb.

Eyni zamanda, Avropa Şurasının prezidenti Şarl Mişel sosial şəbəkələrdəki hesabında müxalifət liderinin həbsinin qəbuledilməz olduğunu qeyd edib.

Avropa İttifaqının xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borel və Avropa Parlamentinin sədri David Sassoli Navalnın həbsinə reaksiya veriblər.

Məlumata görə, Navalnı məsələsi Aİ Şurası tərəfindən Xarici İşlər nazirləri səviyyəsində 25 yanvarda və Avropa Parlamentinin 18 yanvarda baş tutacaq iclasında müzakirə ediləcək.

Avstriya da Aleksey Navalnının Rusiyada saxlanılmasından narahatdır və onun azad edilməsinin tərəfdarıdır.

Avstriya Xarici İşlər Nazirliyinin tvitter səhifəsində yayılan məlumatda qeyd olunub ki, Aleksey Navalnının Moskvada saxlanılması bizi çox narahat edir. Avstriya onun dərhal sərbəst buraxılmasını və həyatına edilən hücumla bağlı tam, müstəqil araşdırma aparılmasını tələb edir.

Rusiyadan cavab

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Navalnın həbsdən azadlığa buraxılmasına çağıran ABŞ və Avropa Birliyinə kəskin reaksiya verib: "Müstəqil dövlətlərin daxili məsələlərinə qarışıb, qanunlarını pozmayın. Öz ölkənizdəki problemlərlə məşqul olun", - deyə o, vurğulayıb.

Ceyk Sullivanın da reaksiyasına cavab olaraq Zaxarova bildirib ki, Beynəlxalq hüquqa hörmət edin, müstəqil dövlətlərin qanunlarına hörmət edin.

Xatırlatma

Avqust ayında Sibirdən Moskvaya qayıdarkən təyyarədə səhəti pisləşən 44 yaşlı Rus müxalifət lideri Aleksey Navalnının zəhərləndiyi iddia edilib. Navalnı 22 avqustda xüsusi təyyarədə müalicə üçün Omsk-dan Berlinə aparılıb.

Almaniya Rusiya müxalifətinin liderinin zəhərləndiyindən əmin olduqlarını açıqlamışdı.

Navalnı Rusiya prezidenti Vladimir Putinin ən ciddi rəqibi hesab olunur. Ölkədəki korrupsiyaya qarşı mübarizəsi ilə tanınan keçmiş vəkil Navalnı, Kremlin qarşısında etdiyi etiraz aksiyaları ilə də tanınır. Bir neçə dəfə həbs olunan Aleksey Navalnı 2012-2014-cü illər arasında həbsxanada olub. Avropa İnsan Hüquqları Məhkəməsi həbsi qanunsuz hesab edən qərar çıxarıb və Navalnının həbsini siyasi sifarişli həbs sayıb.

Navalnı müalicəsini başa vurduqdan sonra, bu ilin 17 yanvarında öz ölkəsinə qayıdıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun